İdman

"Oyunumuzda yüz faiz dəyişiklik olub"

27 Fevral 2015 12:19
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun qol.az saytına müsahibəsini təqdim edir.

- Əvvəlcə millimizin "Şaxtyor"la yoldaşlıq oyunu (1:2) haqda fikirlərini bilmək istərdik.

- Fikirlərim müsbətdir. Məşqçimizin yeni oyun sistemi ilə oynayırdıq. Dəyişikliklər çox idi. İki heyətlə oynadıq. İkinci hissədə meydanda başqa heyət var idi. Məşqlərdə çox çalışırdıq. Prosineçki bizə öz oyun fəlsəfəsini aşılamağa çalışır. Az da olsa, onun bizdən istədiyi oyunu göstərə bildik.

- Prosineçkinin matçdan bir gün əvvəl açıqladığı heyətdə adın yox idi. Sonra nə baş verdi ki, baş məşqçi Ruslan Abışovun əvəzinə sənə əsas heyətdə yer verdi?

- Məşqdə ayağımda ağrı hiss etdim. Həkimlər müayinə etdilər və ciddi bir problemin olmadığı aşkarlandı. Oyun günü məşqçilərlə söhbət etdim. Prosineçki bildirdi ki, hazırsansa, oyna.

- Zədə çıxışına mənfi təsir etmədi ki?

- Xeyr. Oyunum zəif alınıbsa, bunun zədə ilə bağlılığı yoxdur.

- Prosineçkinin oyun fəlsəfəsi necədir?

- Daha çox sürətli və kombinasiyalı hücumlara üstünlük verir. Top rəqibdə olanda kompakt müdafiə olub, aqressiv olmağımızı istəyir. Təbii ki, 3-4 məşqlə hər şey alına bilməz. Ancaq "Şaxtyor"la oyunda məşqçinin tapşırıqlarını gözlədiyimdən artıq yerinə yetirdik. Topa nəzarət edə bilirdik. Kompakt müdafiə olunmağı da bacardıq. Komandanın tez bir zamanda bunu bacarmağı xoşuma gəldi.

- 4-1-4-1 taktiki sxeminə keçdikdən sonra mərkəz müdafiəçilərinin işinin daha çətin olacağını düşünmək olarmı? "Şaxtyor"la oyunda da gördük ki, Qara Qarayev müdafiəyə kömək etdiyi halda, Rahid Əmirquluyev daha çox hücuma atılırdı.

- Onsuz da orta xətdə üç futbolçu oynayır. Meydana iki hücumçu ilə çıxsaq, onda böyük dəyişiklik olardı. Ancaq indiki halda dayaq yarımmüdafiəsində bir və ya iki futbolçunun oynamağının fərqi yoxdur. Düzdür, bu sistemlə daha hücumameylli oynamalı oluruq. Baş məşqçimizin istəyi də budur. Ona görə də daha hücumameylli heyət qurur. Məncə, kollektiv şəkildə müdafiə olunsaq, problem yaranmayacaq. Bu, böyük komandalarla oynayarkən vacib şərtdir.

- Millimiz Prosineçkinin oyun fəlsəfəsinə əməl etmək üçün nə dərəcədə hazırdır?

- Əsas problemimiz vaxtla bağlıdır. Vaxtımız çox azdır. Çünki oyun sistemimizdə və tərzimizdə yüz faiz dəyişiklik var. Heyət baxımından da bu fərqi görürsüz. Sırf hücumameylli futbolçular milliyə dəvət olunublar.
Təəssüflər olsun ki, bu yeniliklərin özünü doğrultması üçün vaxtımız azdır. Üzərimizə böyük məsuliyyət düşür. Məşqçilər bizi ancaq psixoliji və taktiki cəhətdən qarşıdakı oyunlara hazırlamalıdırlar. Başqa şeylərə vaxt itimək olmaz.

- "Avro-2016"nın seçmə mərhələsində millimizin növbəti rəqibi Malta olacaq. Bu komandanı məşqçilərlə müzakirə etmisiniz?

- Əlbəttə, bu barədə çox müzakirələrimiz olub. Rəqibi analiz etmişik. Bu təlim-məşq toplanışında taktiki cəhətdən çox işlədik. Psixoloji cəhətdən də yaxşı hazırlaşdıq. Baş məşqçimiz bizimlə həm fərdi, həm də kollektiv şəkildə söhbətlər etdi. Uşaqlar da sağ olsunlar ki, bu söhbətlərdən yaxşı nəticə çıxardılar. Prosineçki komanda üzvlərinə başa salıb ki, siz yaxşı futbolçusunuz. Məşqçimiz bunu dedikdə hiss olunur ki, səmimi danışır.
Ümumiyyətlə, Prosineçki səmimi bir insandır. Onun istər tənqidini, istərsə də tərifini qəbul edirik. Komandamızda gözəl ab-hava yaranıb. İstərdim ki, bunun davamı gəlsin. Buna çox ehtiyacımız var idi. Ustalıq səviyyəsində kimdənsə geri qala bilərik. Ancaq bunu kollektiv oyunumuzla, daha istəkli olmağımızla ört-basdır edə bilərik.

- "Şaxtyor"la Maltanın oyununda hansısa oxşarlıq olduğu üçün bu komanda ilə qarşılaşdınız?

- "Şaxtyor" kimi bir rəqibin seçilməsi çox yaxşı oldu. Baş məşqçimiz oyundan əvvəl bizə bildirdi ki, siz böyük komanda ilə oynaya bilərsiniz. Fasilədə də bizə bildirdi ki, mən sizə bacaracağınızı demişdim. Qeyd etdi ki, daha yaxşı hazırlıqlı olsanız, hər şey etmək olar. Yəni güclü bir rəqiblə qarşılaşmağımız psixoloji cəhətdən önəmli idi. Ancaq Malta ilə oyunumuz fərqli olacaq. Yəqin ki, biz topa daha çox sahib olacağıq. Rəqib daha çox müdafiəyə üstünlük verib, əks-hücumlara bel bağlayacaq. Biz isə daha çox hücumda oynayacağıq. Yəni "Şaxtyor" və Malta ilə oyun bir-birindən fərqli olacaq. "Şaxtyor"la qarşılaşma bizim üçün psixoloji hazırlıq idi. Çünki rəqibimiz bir neçə gün əvvəl "Bavariya" kimi klubla heç-heçə etmişdi. Futbolçularımız bu sınaqdan yaxşı çıxdılar. Aqressiv oynadıq. Bu görüş bizə çox şey qazandırdı. Məşqçilər də gördülər ki, futbolçularda özünəinam var.

- Komandaya dəvət alan yeni futbolçular haqda fikrin necədir?

- Yeni futbolçuların hər biri məni yaxşı tərəfdən təəccübələndirdi. Məndə inam yarandı ki, yaxın 4-5 ildə çox yaxşı komandamız olacaq. Bir neçə mövqeyə də futblçular yetişsə, əla bir komandamız olacaq.

- Millimizə dəvət olunan Antn Krivotçuk sol cinahdakı problemi aradan qaldıra bilər?

- Baş məşqçimizin dəvət etdiyi hər bir futbolçuda nəsə var. Yığmaya heç kim boş yerə dəvət almayıb. Krivotçuk da perespektivli oyunçudur. Doğrudan da bu gün müdafiənin sol cinahında problemimiz var. Yaxın gələcəkdə bunu kiminləsə həll etmək lazımdır. Krivotçuk gələcəyə ümid verir. Yaxşı sürəti var. Topla da yaxşı oynayır. Məşqçilərin niyyəti odur ki, 2-3 ildən sonra onun sayəsində sol cinahdakı boşluğu dolduraq.

- Millimizin əsas problemi hücum xətti ilə bağlıdır...

- Ümumiyyətlə, futbolda ən çətin mövqe hücumçudur. İstənilən ölkədə bu mövqedə çətinlik var. Türkiyə kimi millidə cəmi iki hücumçu var. Bizdə bir neçə hücumçu var. Ancaq heyətimiz geniş olsa, daha yaxşı olardı. Ümid edirəm ki, Rauf Əliyev, Vüqar Nadirov, Vaqif Cavadov kimi futbolçularımız hücumdakı problemi hiss etdirməyəcəklər. Əvvəllər daha çox müdafiədə oynayırdıq. Ona görə də hücumçularımız dəstəksiz qalırdı. İndi daha çox hücumameylli oyanayacağıq. Yəqin ki, bunun sayəsində hücumdakı problemləri həll edəcəyik. Bunun komanda şəklində bacara bilərik. Müdafiə və hücum 1-2 futbolçunun işi deyil. Xüsusilə də böyük oyunlarda komanda şəklində oynamalısan. Əgər hücumda nəsə edə bilməsək, bu, hücumçuların yox, komandanın problemidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.