İdman

"Azərbaycanda uşaqlar aerobika gimnastikasına böyük maraq göstərirlər"

2 İyun 2023 14:50
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uşaqlar aerobika gimnastikasına böyük maraq göstərirlər.

Bu barədə bu gün Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariyan Kolev məlumat verib.

"Hər il aerobika gimnastikası üzrə respublika yarışlarında iştirak edənlərin sayı artır. Bakıda, Sumqayıtda aerobika gimnastikası seksiyaları fəaliyyət göstərir, həmçinin ölkənin daha bir neçə rayonunda bu gimnastika növü üzrə bölmələr açmağı planlaşdırırıq", - o deyib.

Baş məşqçinin sözlərinə görə, beynəlxalq və ölkədaxili yarışlarda iştirak idmançıların inkişafına kömək edir.

"Turnirlərdə iştirak etməklə gimnastlar öz hazırlığını yoxlaya, digər idmançıların hazırlıq səviyyəsini qiymətləndirə, rəqabət təcrübəsi qazana bilərlər. Sentyabrda bizi daha bir ölkədaxili yarış gözləyir, bundan başqa "Ocaq Sport" klubu da turnirlər keçirir. Bu il yığma üzvləri bir neçə beynəlxalq yarışda iştirak edəcək, onların arasında ən əlamətdarlarından biri noyabrda Türkiyədə keçiriləcək Avropa çempionatıdır", - Mariyan Kolev əlavə edib.

Qeyd edək ki, Bakıda aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.

Bakı Olimpiya İdman Kompleksində start götürən yarışda "Ocaq Sport" klubu, "Grasiya" İK və Sumqayıt OİK-dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.

İki gün davam edəcək yarışlarda idmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.