Cəmiyyət

Məktəblinin qida çantası necə hazırlanmalıdır? - VİDEO - FOTO

11 Sentyabr 2019 14:59
1 Şərh     Baxış: 577

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tədris prosesi, dərs yükü ilə yanaşı məktəblilərin qidası da önəmli məsələlərdən biridir.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, qida çantaları daha çox 6-10 yaş qurupunda olan məktəblilər üçün hazırlanır, bu dövrü yaşayan uşaqlar inkişaf və böyümə çağında olduğundan bol vitaminli qidalarla bəslənməlidir.

Şagird: "Anam mənə məktəbdə yeməyə kökə, peraşki, qoğal qoyur. Atam bəzən sosiska çörək alır".

Valideyn: "Uşağa hərdən "aladik" edirəm. Buterbrod edirəm".

Şagird: "Hərdən evdə kolbasa olanda, çörəyin arasına kalbasa-çörək qoyur, su qoyur".

Valideyn: "Bulka alıram, sonra pirojnalar, kekslər hazırlayıb qoyuram".

Apardığımız sorğudan da bəllidir ki, valideynlər övladlarının qida rasionunu təyin edərkən həm hazır, həm də evdə hazırlanan qidalara üstünlük verirlər. Ev üsulu qidalar daha çox asan hazırlana bilən, dərsarası yeyilməsi mümkün yeməklər olur. Lakin mütəxəssislər deyir ki, bunlarla yanaşı məktəblinin gündəlik qida rasionuna meyvə-tərəvəz qrupundan olan qidalar, ət və süd məhsulları da daxil edilməlidir.

Cavidan Quliyev - AQTİ-nin aparıcı mütəxəssisi: "Əsas nəzərə almaq lazımdır ki, gündəlik qida rasionumuzda ehtiyac duyduğumuz qida kamponentləri; zülallar, karbohidratlar, yağlar, vitaminlər, mineral duzlardır ki, məktəbli çantasında qoyulan qidalar bu kamponentləri əhatə etsin. Ev şəraitində bişirilən qidaların məktəbli çantasında olması tövsiyə olunandır. Çünki valideynlər özləri də əmin olurlar ki, belə qidalar nə qədər qida dəyərinə malikdir və nə qədər keyfiyyətlidir".

Məktəblinin qida rasionuna mütləq daxil edilməli olanlardan biri də sudur. Lakin bu, qazlı, yaxud müxtəlif rəngləndirici maddələr qatılmış şirələr deyil, mineral sular və ya təbii meyvə şirələri olmalıdır. Sözügedən yaş aralığında uşaqların gündəlik su norması isə 1-1,5 litrdir.

Qidaların qablaşdırılması və lazımi çantanın seçilməsi də vacib məqamlardandır. Bir neçə ildir satışa məktəbli ləvazimatı kimi müxtəlif materialları olan qablar çıxarılıb. Əvvəllər bu tip qablar məişətdə qidaların saxlanması üçün istifadə olunsa da indi məktəbli çantasına rahat yerləşən və yeməklərin daşınmasına yardımçı olan bir vasitəyə çevrilib. Qiymətləri isə müxtəlifdir.

Həsən Həsənov - satıcı: ""Kalçuk" 5 manatdır, bunlar "mikrovalnovka"ya gedəndir, keyfiyyəti başqadır. Baha olanlar 10 manatdan 15 manatadək dəyişir. Su qabları, şüşə də var, dəmir də. Daha çox uşaqlar dəmir götürürlər ki, salıb sındırmasınlar. Dəmirlər 10 manat, 14 manat, 18 manata. Şüşələr 6 manatdır".

Bəli, dövr dəyişdikcə, müasir vasitələr də hazırlanaraq, insanların istifadəsinə verilir. Dəyişməyən bir şey var - sağlamlıq, həmişə ən çox diqqət edilməli olan məsələlərdəndir. Böyümə çağında olan məktəblilərin sağlam qidalanması isə valideynlərin əlindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Təcrübəli · 11 Sentyabr 15:4300

    Bir sıra ölkələrdə olduğu kimi məktəblərdə şagirdlərə yaşlarına uyğun balanslaşdırılmış sağlam təzə qida hazırlanıb verilməlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.