Cəmiyyət

Ağsu aşırımı turizm zonası kimi

6 May 2019 07:14
0 Şərh     Baxış: 3 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burada turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklifi maraqla qarşılanıb 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrliyində - yolun Ağsu aşırımı hissəsində turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklifi turizmçilər tərəfindən maraqla qarşılanıb. Ağsu aşırımının turizm zonasına çevrilməsi təklifi ilə çıxış edən və təkliflərini Nazirlər Kabinetinə göndərməyə hazırlaşan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev mətbuata açıqlamasında qeyd edib ki, sürüşmə baxımından olduqca təhlükəli olan Ağsu aşırımındakı avtomobil yolunu indikindən iki dəfə qısa olan Ağsuçay dərəsindən yol çəkməklə əvəz etmək daha məqsədəuyğun olardı. Alim təbii və antropogen amillərin dəniz səviyyəsindən təxminən 900 metrə qədər yüksəklikdə yerləşən 14 km-lik Ağsu aşırımına ciddi təsir etdiyini əsas gətirib. Belə ki, sürüşmələr yolun bu hissəsində kifayət qədər problemlər yaradır: "Bunun nəticəsində nadir ekosistemi - flora və faunası, gözəl təbii mənzərəsi olan Ağsu aşırımı sıradan çıxır. Bu yolu çəkməklə Ağsu aşırımında olan sürüşmə problemini birdəfəlik aradan qaldırmaq olar". Alim qeyd edib ki, Ağsu aşırımında təbiətin müxtəlif geoloji dövrlərinə aid nadir və qədim süxur çıxıntıları var: "Bu süxur çıxıntıları açıldıqdan sonra onların üstü şəffaf örtüklə örtülə bilər. Bununla da bütün dünyada çox yaxşı təcrübə olan elmi-kütləvi bir zona yaratmaq olar. Nəticədə bu unikallığı görmək üçün buraya həm turistlər səfər edə, həm də alimlər elmi-tədqiqat işləri apara bilərlər. Ən əsası, nadir təbiət nümunəmiz qorunar". Ə.Əliyev hesab edir ki, yeni yol çəkilərsə, ilin bütün fəsillərində, xüsusilə də isti aylarda Ağsu aşırımında insanların kütləvi istirahəti üçün zonalar da ayırmaq olar ki, bunun üçün istirahət mərkəzlərində hərəkət edən yüngültutumlu nəqliyyat vasitələrindən istifadə kifayətdir. Alimin fikrincə, Bakı-Şamaxı yolunun da qısaldılması üçün kifayət qədər imkanlar olsa da yolların çəkilişi zamanı bu, nəzərə alınmayıb. Belə ki, müasir üsullardan istifadə etməklə Bakı-Şamaxı yolunun uzunluğunu 20-30 km azaltmaq olar: "Bu isə Bakıdan Şamaxıya avtomobillə maksimum 1 saata getməyə imkan yaradar. Bu, yoldan istifadə edən insanlara rahatlığın yaradılması ilə yanaşı, ekoloji baxımdan da faydalıdır".

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ağsu avtomobil yolunun çəkilməsi ilə bağlı təkliflərini hələ 2017-ci ildə Nazirlər Kabinetinə təqdim edib. Təkliflərdə yeni yolun Ağsu aşırımından keçməməklə, Ağsuçayın kənarı ilə çəkilməsi, eyni zamanda, Muğanlı-İsmayıllı yolunun yenidən inşası məsələsi öz əksini tapıb. Təklif Nazirlər Kabineti tərəfindən qəbul edilib. Dövlət tərəfindən maliyyə vəsaiti ayrılan kimi layihənin icrasına başlanacaq.
 
Geoloji-landşaft xarakterli təbiət abidəsi
 

Mütəxəssislər Ağsu aşırımının coğrafi mövqeyinin turizm zonası üçün seçilməsini uyğun hesab edirlər. Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşən ərazidən aydın havada ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır.

Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir. Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, əsasən, yovşanlı-şorəngəli yarımsəhra bitkiləri yayılıb. Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür. Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindən hesab edilir.

Bəs görəsən Ağsu aşırımının mütəxəssisin təklif etdiyi istiqamət üzrə turizm marşrutuna çevrilməsinin hansı faydası ola bilər? Ümumiyyətlə, bir ərazinin turizm zonasına çevrilməsini şərtləndirən amillər hansılardır? Gələcəkdə Ağsu aşırımı ilə bağlı təklif reallaşacağı təqdirdə ərazinin turizm məkanı kimi fəaliyyəti üçün hansı infrastruktur formalaşmalıdır? Şübhəsiz ki, məsələyə kompleks yanaşmaq lazımdır. Təbii ki, turizm mütəxəssislərinin qeyd etdikləri kimi, məkanın turizm zonası kimi seçilməsi və təyinatı  təkcə bir tədqiqatçının təklifi əsasında formalaşa bilməz. Yəni turizm elə bir sahədir ki, təkcə bir qurumun görə biləcəyi işlə məhdudlaşmır. Məsələnin reallaşmasında aidiyyatı qurumlar birgə çalışmalıdır.
 
Ətraf rayonlara diqqət
 
Ağsu aşırımının turizm zonasına çevrilməsi təklifinə müsbət ideya kimi yanaşan Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakişiyev hesab edir ki, təbiət öz gözəlliyini həmin əraziyə bəxş edib: "Təbiət həmin aşırımda öz gözəlliyini yaradıb. Onu turizm məqsədi ilə istifadə etməyə yönəltmək isə artıq səlahiyyətli qurumların işidir. Yəni həmin ərazini turizm kompleksinə çevirmək və turistləri ora cəlb etmək lazımdır. Burada həm nəqliyyat xidməti, həm coğrafiya institutu, həm turizm qurumları və mütəxəssisləri vəhdət şəklində çalışmalıdırlar. O vaxt nəsə alına bilər. Turizm mütəxəssisləri deyə bilər ki, məhz bu marşrutda turistlər nəyi görmək istərlər, onları daha çox nə cəlb edə bilər və s. Təklif edərdim ki, turizm ekspertləri də bu cür təkliflər səslənəndə cəlb olunsunlar". M.Ağakişiyev hesab edir ki, ümumiyyətlə, Azərbaycanın hər bir guşəsini gözəl turizm məkanına çevirmək olar: "Azərbaycan elə bir məkandır ki, 365 gün ərzində burada turizmi inkişaf etdirmək üçün şərait yaradılıb. İnsanlar özləri də çalışıb pərakəndə turizm potensialından səmərəli şəkildə və bacarıqla istifadə etməlidirlər". Mütəxəssisin sözlərinə görə, Ağsu aşırımının turizm kompleksinə çevrilməsi həmin ərazidə yerləşən yaxın şəhər və rayonlara da turistlərin axınının çoxalmasına səbəb ola bilər: "Oğuz, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Qax rayonları turistləri daha çox cəlb edən məkanlardır. Bu bölgələrlə müqayisədə Yevlax, Kürdəmir rayonları turistləri az cəlb edir. Bu baxımdan, həmin rayonlarda turizm imkanlarından istifadə edib bu rayonları da cəlbedici etmək mümkündür. Bunun üçün bölgədə turizm infrastrukturu yaradılmalı, otellər, restoranlar, diyarşünaslıq muzeyi və s. inşa olunmalıdır. Elə bir şərait yaradılmalıdır ki, turistlərin marağına səbəb olsun". M.Ağakişiyev hesab edir ki, regionlarda turistik məkanlara çevriləcək yerlərdə turizm potensialının reallaşdırılması həmin ərazilərdə yaşayan sakinlərin də rifahının yaxşılaşmasına təkan verə bilər: "İş yerlərinin açılması, kənd turizminin inkişafı əhalinin yaxşı dolanışığına səbəb ola bilər". 
 
Turist axını tələbat yaradırsa
 
"SKAL İnternational Baku" klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri, turizm üzrə ekspert Ceyhun Aşurovun fikrincə, Ağsu aşırımı həqiqətən də turistik baxımından görülməli yerdir: "Relyefinə görə çoxmüxtəlifliyə malikdir. Bitki tərkibi müxtəlifdir. Hündürə qalxdıqca maraqlı relyefi və floraya malik gözəl mənzərəni seyr etmək olur. Təbii ki, orada müvafiq infrastrukturun yaradılması turistlər üçün istənilən halda cəlbedici məkana çevrilməsi deməkdir. Düşünürəm ki, dövlətin dəstəyi ilə yanaşı, sahibkarları da hansısa formada bu işə təşviq etmək lazımdır". Turizm eksperti hesab edir ki, bizi daha çox ölkəmizi turizm məkanı kimi daha əlçatan etmək məqsədi düşündürməlidir. Yəni insanlar daha rahat şəkildə Azərbaycana gələ bilsinlər: "İstər hava yolları, istər dəmiryol xətti, istərsə də avtomobil yolları ilə turistlərin rahat gəlişini təmin etməliyik. Ölkəyə nə qədər çox turist gələrsə, Azərbaycanda bu kimi turizmə maraqlı olan məkanlar sahibkarlar tərəfindən mütləq dəyərləndiriləcək. Orada adekvat hazırlıq görüləcək. Ona görə ilk növbədə ölkəyə turist axınını çoxaltmağın yollarını artırmaq və bu yolda hər hansı əngəl varsa, araşdırıb aradan qaldırmaq lazımdır. Xüsusən də qonşu ölkələrin təcrübələrini yaxından izləməli və təxirəsalınmaz addımlar atılmalıdır. Hesab edirəm ki, birbaşa aviareyslərin və aşağı büdcəli sərnişindaşıma xəttinin olması bu kimi məsələlərdə müsbət addımlara yol aça bilər. Turistlər daha çox gələcəyi təqdirdə bu, bizdə gəzib görməli və qalmalı yerlər üçün daha çox tələbat yaradacaq. Bu tələblərə və qarşıdakı perspektivlərə uyğun olaraq dövlət və sahibkarlar proqram işləyib hazırlamalı və müəyyən işlər görülməlidir. Turist axını tələbat yaradırsa, mütləq qarşı tərəfin təklifi ilə öz əksini tapacaq. Sadəcə, təşviq məsələləri öndə olmalıdır. İnanıram ki, gələn turistlərin sayı artırılarsa, diqqətə alınacaq turizm məkanlarının sayı da artacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.