Cəmiyyət

Göy qalstuk arzusunu uğur hekayəsinə çevirmiş Həsən Quliyev: "Xəyal qurarkən, əslində onu 50 faiz gerçəkləşdirmiş olursan" - FOTO

10 Fevral 2019 08:06
3 Şərh     Baxış: 1 500

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Arzusu müdirləri kimi göy rəngdə qalstuk taxmaq olub. Məhz o qalstuku taxmaq üçün dayanmadan işləyib, özünü inkişaf etdirib. Məqsədlilik, çalışqanlıq onu xəyallarına çatdırıb. Ofisiant kimi başladığı oteldə konfrans və banket təşkilatçısı kimi işini davam etdirir. Və ən əsası, o göy qalstuku hər gün taxır...

"Örnək" rubrikamızın qonağı Həsən Quliyevdir. 1992-ci il 21 dekabrda dünyaya gəlib. Universitet tələbəsi olmaq istəsə də, bu arzusuna çata bilməyib. Orta təhsillidir. Amma həyatdan öyrəndikləri bir universitet qədərdir. Deyir ki, hər bir insan içindəki qəhrəmanı kəşf edib ortaya çıxarmalıdır: "Mənə görə hər bir insan güclü bir qəhrəmandır. Həyatdan qorxmadan, çəkinmədən, səhvlər edərək arzularımızın ardınca getməliyik. Mən gün ərzində maksimum 5 saat yatıram. Öz üzərimdə işləyir, hər gün ən azı 20 dəqiqəmi kitab oxumağa ayırıram. Biz dayansaq, başqası bizi keçib gedəcək. Məncə, həyatda özümüzə güvənsək, hər şeyi bacararıq".
 
"Dil öyrənmək üçün əcnəbilərlə işlədim"
 
Ofisiant kimi işə başladığı oteldə xarici dil öyrənməyə başlayıb. Bu qədər əzm və məqsədlə ali təhsil almamasını isə belə izah edir: "Məktəb illərində çox yaxşı oxuyurdum. Hətta "şərəf lövhəsi"ndə şəklim də var idi. Bütün fənləri sevsəm də, ədəbiyyata xüsusi maraq göstərirdim. Hazırda da şeir yazır, rep hazırlayıram. Mən həm dərslərimi oxuyurdum, həm də işləyirdim. Özümü dərk edən gündən heç vaxt boş dayanmamışam. Demək olar ki, bütün sahələrdə işləmişəm. Ali təhsilli olmaq üçün də çox çalışdım, amma imtahanlarda az bal yığdığıma görə qəbul oluna bilmədim. Bir müddət pis olsam da, bu mənim əzmimi qırmadı. Bir çox dahi şəxslərin həyatlarını araşdırdım. Gördüm ki, çox insan sıfırdan başlayıb və karyera qurub. Çoxlarının da təhsili yoxdur. "Mən də onlar kimi olacağam" deyib, özümə söz verdim və iş axtarmağa başladım. Düşündüm ki, dil öyrənmək üçün əcnəbilər olan yerlərdə işləməliyəm. Bu səbəbdən otellərə CV göndərdim və Landmark oteldə ofisiant olaraq işə başladım. Həyatımı dəyişmək şansım olduğunu o gün anladım və ailəmə söz verdim ki, əlimdən gələnin ən yaxşısını edəcəyəm. Elə də oldu. İş saatim 8 saat idi. Amma mənim üçün saatın fərqi yox idi. Çünki tək məqsədim öyrənmək idi".

"Həyatımın ən gözəl günü idi..."
 
Elə göy qalstukla da Landmark-da rastlaşıb və özünü inkişaf etdirib: "Kollektivim çox gözəldir. Nə öyrənmək istəyirdimsə, mənə kömək edirdilər. İşdə komanda liderlərində göy qalstuk olurdu. Həmişə o qalstuka həsədlə baxırdım. Arzulayırdım ki, bir gün mən də o qalstukdan taxım. Onu taxmaq üçün daha çox öyrənməyə, işləməyə başladım. Müdirim də məni motivə edirdi. Ondan ilham alaraq hər gün saatlarla işləmək istəyirdim".

Həsən sevdiyi işi gördüyü üçün saatlarla işləməkdən yorulmayıb: "İşimi sevdiyim üçün yorulmaq hissinin nə olduğunu bilmirdim. Bir müddət sonra konfrans mərkəzində mənə komanda lideri kimi vəzifə verdilər. İnanın, o gün həyatımın ən gözəl gününü yaşayırdım. Çünki istədiyimə nail olmuşdum. O göy rəngli qalstuk artıq məndə də var idi. Tədbirlərimizin hər biri çox gözəl keçirdi. Çünki işini sevən insanların ətrafında idim. Bir müddət sonra isə mənə menecer vəzifəsi verildi. O zaman anladım ki, insan həqiqətən istədiyi hər şeyə nail ola bilər. Amma əlbəttə ki, işimi görüb mənə dəyər verən insanların ətrafımda olması şans idi".

"Yolpulunu qohumlardan alırdım"
 
Yuxarıda da qeyd etdiyimiz kimi, müsahibimiz dil öyrənmək üçün əcnəbilərin çoxluq təşkil etdiyi yerlərə CV göndərib. Beləliklə, işlədiyi müddətdə rus və ingilis dillərini öyrənib. 2019-cu ildə isə ispan dilini öyrənəcək: "Artıq 9 ildir ki, Landmark-da işləyirəm və öyrəndim ki, insan bir şeyi istədikdən sonra onun qarşısında heç kim dura bilməz. Mən burada əcnəbilərlə tanış olub, dostluq münasibəti qurdum. Onların köməyi ilə xarici dilləri öyrəndim".

Həsən həm də xeyriyyəçiliklə məşğul olur. Deyir ki, bəzi insanlar həyata bizim kimi şanslı gəlmədiyi üçün bacardığımız qədər onlara dəstək olmalıyıq: "İnsanlara kömək etməyi sevirəm. Çünki bəzi insanların bizim köməyimizə ehtiyacı var. Mən də işləyənə qədər çox çətinlik görmüşəm. Hətta ilk günlər işə gəlmək üçün yolpulunu yaxın qohumlarımdan alırdım. Çətinlikləri bildiyim üçün insanlara kömək edirəm. Bu dünyanı fəsadları olan bir gəmi kimi düşünməliyik. Hər birimiz bu gəminin suda batmamağı üçün çalışmalı, bir-birimizə dəstək olmalıyıq".

"Əziyyət çəkməliyik ki, bəhrəsini də görək" 

Həsən "dünyaya kasıb gəlmək sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır" fikirləri ilə razıdır. Deyir ki, kasıb ölməmək üçün hərəkətə keçməli və işləməlisən: "Özüm kasıb ailədə dünyaya gəlmişəm. Ətrafımda da belə insanlar çoxdur. Mənlə yaşıd olub amma hələ də heç bir iş görməyən, 12-13 saat yatan insanlar tanıyıram. "Biz belə gəlmişik, belə də olacağıq", "day-dayımız, pulumuz yoxdur" kimi sözlər işlədirlər. Belə bir deyim var: Səndən hərəkət, Allahdan bərəkət. Mən bu sözü tez-tez işlədirəm. Heç kim oturduğu yerdə qazanmır. Əziyyət çəkməliyik ki, bəhrəsini də görək. Bir toxum əkdikdə, ona su verib yaxşıca qulluq etdikdə, meyvəsini yeyə bilərsən. Sən ona qulluq etməsən, o ağac bar verməz. Həyat da belədir. Biz hərəkət etməliyik ki, sonda bəhrəsini görək. "Sən bacarmazsan" kimi fikirlərə məhəl qoymayıb, hərəkətə keçmək lazımdır. "Sabah edərəm", yaxud "özümü hazır hiss etmirəm" demədən hərəkətə keçməliyik. Düzdür, ətrafda səni istəməyənlər də olur. Amma xəyallarını düşünəndə artıq heç kimə əhəmiyyət vermirsən. Xəyal qurarkən, əslində onu 50 faiz gerçəkləşdirmiş olursan".

"Ən böyük düşmənim yatmaqdır"
 
Həsən deyir ki, hər zaman 24 saatı daha faydalı necə bölüşdürmək haqqında düşünüb. Həmsöhbətimizin sözlərinə görə, zamanı idarə etmək bacarığı insanı hər zaman bir addım önə aparır: "Zaman puldan da dəyərlidir. Zamanı idarə etməyi bacarmayan insan həyatda heç nə əldə edə bilməz. İndi insanların əksəriyyəti vaxtlarını instagram, facebook, youtube-da videoları boş-boş izləməklə keçirirlər. Bizə hər gün 24 saat verilir. Bundan səmərəli istifadə etməyi öyrənməliyik. "Kaş ki..." sözünü işlətməmək üçün vaxtında hərəkət etmək lazımdır. Ən böyük düşmənim isə yatmaqdır. İnsan yatarkən bir ölüdən fərqlənmir. Tək fərqimiz nəfəs alıb verməkdir. Mən hər gün 5:20-də yuxudan oyanıram. Düzdür, əvvəllər mən də çox yatırdım. Amma sonra zamanı idarə etməyi öyrəndim".

Həsən əvvəllər özünü bəxtsiz, şanssız hesab edib. Deyir ki, yaşadığı bəxtsizliklər bu gün onu güclü edib: "Əvvəllər heç bir işim alınmırdı. Əngəllərlə dolu həyat yaşayırdım. Sonra anladım ki, həyatdakı əngəllər məni gücləndirir. Etdiyim səhvləri təkrarlamıram və çıxış yolları axtarıram. Hər zaman hərəkətdə olduğum üçün uğursuzluqlarım gələcək uğurlarımı qazandırdı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 Fevral 10:1851

    Sende olan heves mende olsaydi indi heqiqetende hansisa orta mektebin direktoru idim Ali savadim diplomum var ne olsun kime lazimdi??Vaxtinda asaqini beyenmedim, yuxaridada yer gosteren olmadi Birden bire direktor olmak isteyirdim ha ha Hetta mektebin direktoru dedi ki men ölsəm stolumu sene verecem dedim stol yox cenab direktor kreslonuzu mene verersiniz.)))Bele gencler qurumuzdu Coxxx xosuma geldi meqaleee Bir defe de Qubali oqlandan yazilmisdi Sirket rehberi olub Pandanin rehberi kasibliqdan nece gelib cixdiqi coxxx xosuma gelmisdi

    Cavab yaz
  • Anonim
    Dilber · 10 Fevral 13:1920

    Allah yolunu açiq etsin.Mende zulmle oxudum ali tehsil aldim aile qurdum indi 2 3 saat yuxuyla her gun eyni iwleri evde pulsuz iwleyirem)))

    Cavab yaz
  • Anonim
    " · 10 Fevral 15:4910

    Ağıllı gəncdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.