Cəmiyyət

"Sabahın alimləri" yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub - FOTO

14 Fevral 2018 23:30
Baxış: 881

Fevralın 14-də "Sabahın alimləri" yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbirdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb. Vurğulanıb ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadəsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Bu baxımdan təhsilin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə artıq yeddinci dəfədir ki, keçirilən "Sabahın alimləri" müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəldir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, bu müsabiqə ölkəmizin ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin elmi axtarışa sövq edilməsində böyük rol oynayır. Akademik diqqətə çatdırıb ki, AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali məktəblərdə yaradılmış "SABAH" qruplarında təhsil alan 200-dən çox tələbə akademiyanın elmi müəssisələrində təcrübə keçib.

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması, gənc nəslin sağlam, mənəvi və sosial mühitdə böyüməsi, elm və təhsildə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək keyfiyyətli təhsillə təmin olunması dövlət təhsil siyasətinin başlıca prinsipləridir. O, son illər ölkəmizdə üç minədək yeni məktəb binasının inşa edildiyini və ya əsaslı təmir olunduğunu, bunun nəticəsində bir milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını deyib. Eyni zamanda, dövlətimiz tərəfindən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inklüziv təhsil proqramlarının tətbiqinə xüsusi diqqət yetirildiyini vurğulayıb. A.Kərimli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasına xidmət edir.

Vurğulanıb ki, müsabiqə məktəblilərin elmə marağının artırılmasına, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılmasına, innovasiyalara maraq göstərən geniş dünyagörüşlü, vətənpərvər gənc nəslin formalaşdırılmasına əvəzsiz töhfədir.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə "Sabahın alimləri" müsabiqəsinin innovativ fikir yarışması olduğunu vurğulayıb, gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Tədbirdə məlumat verilib ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada bölgələrdən olan iştirakçıların sayında ötən illərə nisbətən artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib. Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, onlardan 260-ı 150 elmi layihə ilə müsabiqəyə qatılıb. Bunlardan 41-i fərdi, 109-u isə kollektiv layihələrdir. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir.

Layihələri alimlərdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, üç layihənin müəllifi cari ilin mayında ABŞ-da keçiriləcək "InteI ISEF" sərgisində iştirak imkanı qazanacaq.

"Sabahın alimləri" müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Son altı ildə müsabiqədə 928 şagird iştirak edib, onlardan 450-si müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medallarla bitirmiş məzunlardan 22-si son iki ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirir.

Sonda tədbir iştirakçıları məktəblilərin layihələrinin sərgiləndiyi stendlərlə tanış olublar.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AMEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.