Cəmiyyət

Kişilərin gizli xasiyyəti

23 Sentyabr 2017 19:50
84 Şərh     Baxış: 3 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəlkə də qadınları incidən və onlara əziyyət verən səbəblərdən ən başlıcası, onlara naqis bir məxluq kimi baxan kişilərdir. Bir çox kişilər qadınlara ağlı və dini çatışmayan bir məxluq kimi baxırlar. Onlar qadınların incə duyğularını, sadiq hisslərini və səmimiliklərini zəiflik və çatışmamazlıq kimi görürlər. Qadınlar nə qədər ali biliklərə yiyələnsələr də, yüksək vəzifələrə və rütbələrə nail olsalar da, nə qədər üstün olsalar da, bu cür kişilər elə düşünürlər ki, qadınlar onların ağıl səviyyəsinə çatmazlar. Kişilər qadınlarla evlənsələr də, qadınlar bunun qarşılığını əvvəl-axır ödəməlidirlər. Hətta bəzi kişilər qadının varlığını belə etiraf etmir, onları saymır, onların sözü, rəyi, fikri ilə razılaşmır, bir insan kimi belə hesab etmirlər.

Kişilər daim qadınları ittiham edirlər

Milli.Az azerislam.com-a istinadən bildirir ki, adətən kişilər susurlar, qadınlara cavab vermək istəmirlər, onlarla danışmaqdan imtina edirlər. Əslində onlar öz eyblərini örtmək üçün belə edirlər. Bundan daha betəri də olur, kişilər özlərini təmizə çıxarmaq üçün qadınlarını ittiham edirlər. Onlar özlərini müdafiə etmək üçün bəzən daha güclü üslübdan istifadə edirlər, qadınlarına özləri birinci söz yağışı ilə hücum edirlər və qadınlarını borclu çıxarırlar ki, qadınları artıq heç nə deyə bilməsin və kişilər bu zaman özlərini müdafiə etmiş olurlar.
Qadınlar isə ailə həyatını və yuvalarını dağıtmamaq üçün, kişilərinin qeyri adi və dəli rəftarına səbr etməyi üstün tuturlar. Kişilər də bunu qadının zəifliyi və acizliyi kimi qəbul edir, sonra qadınları daha da alçaldır və incidirlər. Bunu gözəl niyyətlə qəbul etməkdənsə, sui istifadə edirlər, xüsusilə də övladları varsa. Kişilər hər şeyi gizlədib nə qədər istəsələr sirli həyat sürə bilirlər, xanımlarından istədiklərini saxlaya bilirlər, 30 il ailə həyatı keçirsələr belə.

 Zalim və Məzlum

Ailə həyatı düzgün və normal formalaşmazsa, kifayət qədər rahat olmazsa, mütləq ailədə zalim və məzlum olacaqdır. Biri verəcək, o biri isə qarşılıqsız alacaqdır. Kişilər isə dindən istifadə edərək düşünürlər ki; mən nə etsəm də yenə qadın mənə tabe olmalıdır. Çünki Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "Əgər səcdə yalnız Allaha olmasaydı, əmr edərdim ki, qadınlar öz ərlərinə səcdə etsinlər." Bir çox ölkələrdə qadınlar çox da azad olmadıqlarından, kişilər düşünürlər ki; biz olmasaydıq qadınlar neynərdilər, biz onları yaşadırıq.
Qadınları danlamaq, alçaltmaq, vurmaq, döymək və hörmət etməmək kimi əməllər, günümüzün adətinə çəvrilib və özlərini kişi sayan səviyyəsizlər bunu adi bir şey sayırlar. Elə kişilər var ki, qadınlarına heç xoş söz söyləməzlər, yalnız bir şeyə ehtiyacları olanda bunu edərlər. Onlar evliliklərini həyatda bir səhv kimi qəbul edirlər və bunun qiymətini qadına ödətdirmək istəyirlər.
Bəzən ağıllı, dərrakəli, bilikli, mədəniyyətli, əxlaqlı, insanlar arasında böyük hörmət qazanmış, tanınmış şəxsiyyəti olan qadın görürsən ki, evdə ona həyat yoldaşi heç məhəl qoymur, həvəsləndirmir, tərifləmir və yaxud hörmət etmir. Əksinə özünü ağıllı və bilikli göstərmək istəyir, qadını pisləyir, xırdaçılıqlar edir, səhvlərini axtarır, etmədiyi şeylərlə ittiham edir, qiymətini salmaq və qadını şübhələndirmək üçün əlindən gələni edir. Bu zaman qadınlar psixoloji olaraq özlərindən şübhələnməyə başlayırlar. Camaatınmi dediyi düzdür, yoxsa ərimin? - deyə düşünürlər.
Kişilər qadınlarının eyblərini də səmimi qarşılamalı, o eybləri gözəl formada dəyişməyə çalışmalıdırlar. Qadınları səhv etsə düzəltməli, unutsa xatırlatmalı, bir şeyi edə bilməsə dəstək olmalı, daim dayaq olub yardım etməli, bilməyəndə öyrətməlidirlər.
Kişilər həmişə qadınlarının hər işinə qoşulmaq istəyirlər, hansı ki, kişilər heç tam olaraq bilmirlər ki, qadınlarının gördüyü işin mahiyyəti nədir. Sadəcə özlərini kişi kimi aparmaq üçün qadınlarının işlərinə əl bulamaq istəyirlər, mütləq səhv və qüsur axtarırlar, qadınlarının gördüyü bütün işlərin qiymətsiz olduğunu təsdıq etmək istəyirlər.

Dini mövqedən istifadə edirlər

Müqəddəs dinimiz ədalət, mərhəmət və insaf dinidir. Rəzillik, zəlillik və sui istifadə dini deyil. Təəssüf ki, qadınlar səbr edib hər şeyə dözsələr də, kişilər öz zülmlərindən əl çəkmirlər və hər dəfə daha da artırırlar.
Ərlə arvad arasında qarşılıqlı hörmət olmur deyənlər var. Əlbəttə deyəcəklər, qadın bircə dəfə ərinin haqqında bir səhv etsin, görün necə tufan qopacaq.
Yuxarıda da qeyd edildiyi kimi, kişilər çox vaxtı özlərinə sərf edən səkildə dini mövqedən istifadə edirlər. Xanımından çox şey tələb edir, müqabilində isə xanımının haqqını qorumur, xanımına edəcəyinin bəlkə də cüzi miqdarını edir, nə məsuliyyət hiss edir, nə insanlıq hüquqlarını qoruyur, nə də ailə hüquqlarını. Sanki ailə həyatı bir zindan, yaxud intiqam alma məkanıdır.
Bu cür kişilər xanımlarına görə Allahdan qorxmurlarmı?! Qadınlarının saf duyğularını, incə və zərif hisslərini və səmimi məhəbbətlərini "sadəcə romantikadır" deyə başlarından edirlər. Sanki romantika, ar olunacaq bir şeydir və bu şüar qadınların alınlarına yazılıb.
Qadınlar ərlərindən nəzakət, nəvaziş, iltifat və dəstək gözləyərkən, ərləri onlara başqa cür yanaşırlar. Qadınlarından ticarət malı kimi istifadə edirlər, udub-uduzmaq niyyəti ilə evlənirlər, onlardan bezəndə çirkin əməllərinə əl atırlar.

Bu cür kişilərdən və müxtəlif cür bədbəxt ailələrin həyatından daha çox yazmaq olar. Yuxarıda yazılanlar bəlkə də çox cüzi şeylərdir, hansı ki, bundan da dəhşətli hadisələri və misalları gətirmək olar. Xanımlarına lənət deyənlər, onları xəstə halına gətirənlər, iyrənc şəkildə incidənlər və insanlıqlarını unudanlar da var.
Bəs bütün bunları necə həll etmək olar, necə aradan qaldırmaq olar, necə yoluna qoymaq olar?!
Həyatda olan ən gözəl duyğu sevgidir. Allaha, vətənə, ailəyə, övlada, qohumlara, dostlara və qonşulara olan sevgi. Nədir insana başqasını bağışlamağı öyrədən? Sevgi…
Sevgi və hörmətlə başqalarının qəlblərini əldə etmək olur, bəs həyat yoldaşıyla necə, bunu etmək olmazmı?!

Müsəlman qardaşlar! Həyat yoldaşlarınız Allahın sizə verdiyi əmanətlərdir. Onları sizə, ünsiyyət tapıb rahat olmaq və sevgi-məhəbbətin dadını hiss etmək üçün yaradıb.
Peyğəmbərimiz (s.a.s) buyurub ki: "Sizin heç birinizin imanı kamil olmayacaqdır, o vaxta qədər ki, əxlaqınız gözəl olsun. Sizin ən əxlaqlınız isə, qadınları ilə əxlaqlı olanlardır." Həmçinin başqa bir hədisdə də deyib ki; "Sizin ən xeyirlinizi, ailəsinə ən xeyirli olanınızdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.