Cəmiyyət

Sınıqçıların sındırdığı həyatlar...

16 İyul 2017 14:59
6 Şərh     Baxış: 841

Bu günlərdə qolu sındığı üçün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında əməliyyat edilən 9 yaşlı Seymur Mehralıyevin ölümü yenidən bir neçə məsələni aktuallaşdırdı. Qeyd edək ki, Qəbələ rayonu Qaradeyin kənd sakini olan S. Mehralıyev bu yaxınlarda evlərinin pilləkənlərindən yıxılaraq qolunu sındırıb. Atasının dediyinə görə, qolundan zədə alan uşağı əvvəlcə sınıqçıya aparıblar. Bir müddət keçdikdən sonra isə məlum olub ki, sınıqçının səhvi ucbatından uşağın qolu əyri bitib. Rentgen müayinəsi də sümüklərin əyriliyini təsdiqlədiyindən S. Mehralıyev əməliyyata alınıb. Əməliyyatdan öncə uşağa verilən narkozun təsirindən o, əməliyyat stolundaca dünyasını dəyişib.

Bəzi ekspertlər bu hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini bildirirlər. Qeyd edirlər ki, anafilaktik şokun olmaması üçün uşağa həmin narkoz verilməzdən əvvəl yoxlama inyeksiyası ("prob") edilə bilərdi. Bəziləri isə uşağın ölümündə travmatoloq cərrahın deyil, bundan əvvəl ona türkəçarə yardım göstərən sınıqçının günahkar olduğunu iddia edir.

Bu hadisə onu göstərdi ki, tibb sahəsi, müasir avadanlıq nə qədər inkişaf etsə də insanlar hələ də xalq təbabətinin populyar simaları olan sınıqçılara, çöpçülərə və digər "ara həkimləri"nə müraciət edirlər.

Xalq təbabətində sınıqçılıq xüsusilə məşhurdur. Ümumiyyətlə, cərrahlıq meydana gələnə qədər insanlar yalnız sınıqçılara müraciət ediblər. Hətta yaxşı sınıqçı üçün bir rayondan digərinə gedərdilər. Sınıqçı hərəkətin, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Öncə zədə müəyyən olunur, sonra yumşaldıcı vasitələrdən istifadə edilir. Çünki sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur. Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradılır ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin. Ekspertlər qeyd edir ki, məhz bunları yaxşı bildikləri üçün sümükləri düzgün müalicə edə bilir və beləliklə də, insanların etibarını qazana bilirlər. Lakin son hadisədən də göründüyü kimi, bir çox hallarda sınıqçının səhvi ciddi fəsadlara yol aça bilir və hətta faciə ilə nəticələnir.

Maraqlıdır, niyə müasir dövrdə sınıqçılara, digər "ara həkimləri"nə hələ də ehtiyac var? İnsanların həkimlərdən çox, türkəçarə üsullara üz tutmasının səbəbi nədir?

Milli.Az musavat.com-a istinadən bildirir ki, ekspertlərin fikrincə, bunun əsas səbəbi sosial vəziyyətlə bağlıdır. Maddi imkansızlıqdan insanlar daha sərfəli yol kimi türkəçarəyə müraciət edirlər.

Sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, bu tip məsələlərə müxtəlif faktlardan yanaşmaq lazımdır: "Burada ən başlıca problem səhiyyə sistemində olan problemlərdir. Digər tərəfdən də çox təəssüf ki, tibbi kadrlarımızın səviyyəsi arzuolunan deyil. Eyni zamanda ölkəmizdə tibbi maarifləndirilməyə ehtiyac var. İnsanlara nə qədər desək ki, həkimə tez-tez gedin, mümkün olmur, çünki bu, insanların maddi imkanları xaricindədir. Ona görə də bu məsələdə bir neçə faktlar var və onları ayrı-ayrı həll etməliyik".

Həkim Vaqif Qarayev mövzuya bu cür şərh bildirdi: "Sınıqçılıq adətən təbabətin inkişaf etmədiyi vaxtlarda əyalətlərdə, kəndlərdə populyar idi. Xüsusi əl qabiliyyətinə malik olan insanlar var idi, hansı ki, onlar əlləri ilə toxunanda bilirdilər ki, harada sınıq var. Və yumurtadan gipsə bənzər "yaxı" düzəldilirdi. Bununla sağalanlar da olurdu, bunu danmaq olmaz. Lakin indiki vaxtda, yəni müasir avadanlıqların olduğu bir zamanda sınıqçıya müraciət edilməsi, üstəlik, nəticədə fəsadların yaranması və həkimə müraciət edilməsi ki, xəstə əlil olub, bunun özü əlillikdir. Sümüklər sına bilər, amma sınmış uclar yerini dəyişməyə bilməz. Onu ancaq həkim dartıb, çəkib sınmış sümükləri uc-uca qoya bilər. Mütləqdir ki, sümüklər düz bitişsin, əyrilik, deformasiya olmasın. Ola bilsin ki, sınıqçıların xüsusi vərdişi olsun, sınmış sümüyü bərkidə bilsin, lakin qoyduğu "gipsin" ucbatından monitorda görmək olmur ki, sümük düzgün yerinə oturub, ya yox. Nə qədər xüsusi vərdiş olsa da, rentgenin göstərdiyini heç bir əl, barmaq onu hiss edə, duya bilməz. Yəni ilin-günün bu vaxtında uşağın sınıqçıya aparılması cahillikdən başqa heç nə deyil. Uşağın əlil olmaması üçün xəstəni həkimə aparmaq lazımdır".

Həkim qeyd etdi ki, fəsadlı halların baş verməməsi üçün müvafiq qurumlar ciddi tədbirlər görməlidir: "Eşitdiyimə görə, bir kənddə məşhur bir sınıqçı var. Onun çox bahalı villası var və bütün sutka ərzində qapısında maşınlar növbəyə düzülür. Düşünürəm ki, ilk növbədə dövlət bu işə qarışmalıdır. Təhsili, tibbi müdaxilə ilə işləməyə izni olmayan şəxslərin bu cür çalışması cinayətdir. Yəni bunları ləğv etməlidir".

Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ika.e · 16 İyul 15:1700

    Heç terefdarı deyilem sınlqçıya ve yaxud çöpçüye getmeyin.Belkede evveler bu üsulla müalice edirlermiş amma indi ekseriyyeti fırıldaqla meşguldular

    Cavab yaz
  • Anonim
    777 · 16 İyul 16:0610

    Bu usağin ölûmûnde mesuliyyet hekimin ûzerine dûsûr. Dûzdûr, valideyn ilk növbede hekime mûraciet etmeli idi. Sûmûk eyri olduğu ûçûn hekime mûraciet olunub ve narkoz normal verilmediyi ûçûn usaq ölûb. Bunun adi hekim sehlenkarliğidir! Son zamanlar narkozla bağli ölûmler çoxalib.

    Cavab yaz
  • Anonim
    səkinə1 · 16 İyul 16:5721

    ay Allah indidə sınıqçı oldu günahkar???həkim əlində ölən uşaqdan böyüyə hamı günahkardı bircə həkimlərdən başqa...

    Cavab yaz
    • Anonim
      Kovrek · 16 İyul 17:3050

      Siniqci hec olmasa bir qolunu wikest elemiwdi , siz neynediz vurub oldurduz. Indi de gunahi bawqasia yixmaq istiyirsiz, fakt uwaq siniqcinin elinde ölmuyubki sehlenkar hekimlerin elinde olubde

      Cavab yaz
  • Anonim
    x · 16 İyul 17:1830

    Usaq vaxti yixilib qolum sinmisdi 6 yasimda hekimler nece etdilerse qolum eyri qaldi sindirib yeniden duzeltmek isteyende anam qoymayib 3 ay kibistedi yaziqdi deib 4o yasinda avtomobil qezasinda yene qolunm sindi sindi yox xincim xincim olmusdu ALLAHA and olsun rentgensiz sinixci yanina apardilar ozum istedim kipisten uzaq olmaq ucun o insan qolumu ele yigmisdi ki sariyandan sonra rentgene dusdum hekim dedi ki halaldi bu sinixciya zerger deqiqliyi ile yigib qolum 20 gunden sonra acildi hekim o adamin nomresin vermeyimizi xahis etdi SOHBET FITRI ISTEDADDAN GEDIR TESADUFU ADAMLARDAN YOX HEKIMIN BISAVADI OLDUGU KIMI SINIXCININ DA BACARIQSIZI VAR KER QOLUMA BAXANDA HEKIMIN SERISTESIZLIYI SINIXCININ QABILIYYETINI GORUREM

    Cavab yaz
    • Anonim
      X-a · 16 İyul 18:5611

      Ikinci defe xincim -xincim olanda nece yawiniz var idi?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.