Cəmiyyət

Tanınmış alimin yubileyinə həsr olunmuş konfrans keçirildi - FOTO

23 May 2017 15:25
0 Şərh     Baxış: 3 522

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirildi.

Milli.Az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova görkəmli alim, parlaq pedaqoq, kitabxana işinin əvəzsiz təşkiltçısı və fədaisi Razim Kazımovun tədbir iştirakçılarının və tədbirdə təmsil olunan bütün qurumların həyatında əhəmiyyətli iz qoyduğunu səsləndirdi. Tədbirin təşkil olunmasında MEK ilə yanaşı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tədbir zalında təşkil etdiyi səyyar kitab sərgisinə diqqət cəlb etdi. BDU-nun Kitabxana-informasiya fakültəsinin tədbirin təşkil olunmasında fəal dəstəyini və Rasim Kazımovun ailəsinin alimin şəxsi arxiv sənədlərinin tədbirdə sərgilənmək üçün kitabxanaya təqdim etdiyini vurğuladı. L.İmanova Mərkəzi Elmi Kitabxananın təşəbbüsü kimi qısa müddət ərzində R. Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən biobiblioqrafik göstəricilər çap və elektron formatda, eləcə də Rasim Kazımovun 85 illik yubileyinə həsr olunmuş 12 cildlik biobiblioqrafik göstəricilər seriyasının elektron formatda hazırlandığını nəzərə çatdırdı.

MEK-in Kitabxana-Xidmət şöbəsinin əməkdaşları "Rasim Kazımov - MEK-in təqdimatında" başlıqlı geniş məlumatlandırma ilə çıxış etdilər.

MEK-in Kitabxana-Xidmət şöbəsinin bölmə rəhbəri Kəmalə Məmmədova bildirib ki, Rasim Kazımovun uğurlu fəaliyyəti nəticəsində ötən illər ərzində böyük bir biblioqraflar məktəbi formalaşmış və bu məktəb nəinki akademiya sistemində, hətta respublika miqyasında tanınmış peşəkar biblioqraflar nəsli yetişdirmişdir. MEK-in Kitabxana-Xidmət şöbəsinin əməkdaşı Nərgiz Novruzova alimin keşməkeşli həyatından, tələbəlik illərindən, ilk fəaliyyət istiqamətlərindən danışdı. Şöbənin başqa əməkdaşı Afət Məmmədova Rasim Kazımovun direktor təyin edildiyi dönəmdə Mərkəzi Elmi Kitabxanada aparılmış islahatlardan, Könül Abdullayeva Rasim Kazımovun təşəbbüsü ilə kitabxanaya gətirilən kolleksiyalar barədə, kitabxananın əməkdaşı Mahnur Həsənova isə Rasim Kazımovun şəxsi kolleksiyası barədə danışaraq, alimin vəfatından sonra 2008-ci ildə ailəsi tərəfindən MEK-ə hədiyyə edildiyini bildirdi. Kolleksiyaya 1954-2007-ci illərdə nəşr olunmuş 245 ədəbiyyat daxildir. Kolleksiya həm azərbaycan, həm də rus dillərində kitabxana işinin müxtəlif istiqamətlərini özündə əks etdirən ədəbiyyatlardan ibarətdir.

BDU Kitabxanasünaslıq-informasiya fakültəsinin professoru, əməkdar elm xadimi Abuzər Xələfov kitabxanaçılıq həyatında önəmli yeri olan insan haqqında konfrans keçirilməsinin böyük addım olduğunu dedi. A.Xələfov Rasim Kazımovla bağlı xatirələrini bölüşdü. R.Kazımovun ziyalı ailədən gəldiyini, atası Əhmədağa Kazımovun millətinə bağlı aydın kimi tanındığını, Azərbaycanda ilk elmi ad alan insanlardan biri olduğunu dedi. İlk dəfə elmi xidmət biblioqrafiyasının təməlinin Rasim Kazımov tərəfindən qoyulduğunu, elmi biblioqrafik şöbənin məhz onun adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Həmçinin AMEA-nın elm xadimlərinin biblioqrafik göstəricilər seriyasının yaradılmasının təşəbbüskarı olduğunu dedi.

M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov R.Kazımovun çoxşaxəli fəaliyyəti olduğunu, harada çalışmağından asılı olmayaraq fədakarlıqla elmə xidmət etdiyini dedi. Onun sözlərinə görə, vaxtilə Rasim Kazımovun verdiyi təkliflər bu gün Milli Kitabxananın Biblioqrafiya şöbəsinin işinin əsasını təşkil edir. K.Tahirovun dediyinə görə, mərhum alimin irəli sürdüyü təkliflər bu gün də bütün kitabxanaların elmi fəaliyyətinin istiqamətlərini təşkil edir. Rasim Kazımovun bütün kitabxanaşünas alimlərin elmi işinin müdafiəsində, elmi ad almalarında köməklik göstərməyə çalışdığını xüsusi vurğuladı.

BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, professor Xəlil İsmayılov Rasim Kazımovla bağlı xatirələrini bölüşərək alimin gənclərə qayğıkeş yanaşdığını, universitetin kitabxanaçılıq fakultəsinə gəldikdən sonra fakültədə canlanma yaratdığını, yeniliklər gətirdiyini bildirdi.

BDU-in Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılov MEK-in geniş vüsət almış təqdimatlarını yüksək qiymətləndirərək, Rasim Kazımov kimi şəxsiyyətlərin tanıdılmasında önəmli yeri olduğunu dedi. R.Kazımovun bütün Türk dünyasında ilk təskirəçilərdən, biblioqraflardan biri olduğunu bildirdi. O, Rasim Kazımovun hazırladığı köməkçi aparatın bugünkü internet axtarış imkanlarına bərabər olduğunu xüsusi vurğuladı.

BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan Rasim Kazımovun tələbəsi olmaqdan, sonralar isə həmkarı və iş yoldaşı olaraq çalışmaqdan qurur duyduğunu dedi. Çıxışçı Rasim Kazımovun SSRİ zamanında hətta qadağan olunan kitabları oxuyaraq tələbələrinə danışdığını, tələbələrində geniş dünya görüşünün formalaşması üçün əmək sərf etdiyini bildirdi.

BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov bildirdi ki, tədris pedoqoji mühitinin, dərs vəsaitlərinin hazırlanmasında hələ də Rasim Kazımovun qoyduğu ənənələrdən istifadə olunur.

R.Kazımovun qızı Leyla İbrahimova atasının ailəsinin ziyalı genlərini daşıdığını, Abbasqulu ağa Bakıxanov, Səməd Mənsur kimi şəcərəyə dayandığını dedi. Bildirdi ki, R.Kazımov kitabı sevməklə yanaşı kitabxanaçılara, oxuculara bu sevgini aşılamağı da bacarıb. Leyla İbrahimova atasının yolunu davam etdirməkdən qurur duyduğunu söylədi.

Sonda Rasim Kazımov haqqında hazırlanan biobiblioqarfik sorğu kitabı qızı Leyla İbrahimovaya təqdim edildi, alimin xatirəsinə həsr edilmiş "Rasim Kazımov - MEK-in təqdimatında" adlı videoçarxı izlənildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.