Cəmiyyət

Ev altında neft yatağı: mədən ərazilərinin 30%-i qanunsuz zəbt edilib

10 Aprel 2011 19:35
Baxış: 3 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda Neft Şirkətinə məxsus 15 min hektar ərazidə minlərlə qanunsuz tikili var. Bu barədə ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov həmin ərazilərdə aparılan reydlərin nəticəsi ilə bağlı keçirilən brifinqdə məlumat verib.

Monitorinq iştirakçıları - jurnalistlər ARDNŞ nümayəndələri ilə birlikdə əvvəlcə "Azneft" İstehsalat Birliyinin Buzovna qəsəbəsində H.Z.Tağıyev adına NQÇİ-nin (Neft-Qaz Çıxarma İdarəsi) "Maştağa-Buzovna" yatağındakı 4-cü mədənin ərazisində yaranmış vəziyyətlə tanış olublar. Orucov bildirib ki, 588 hektar ərazini əhatə edən "Maştağa-Buzovna" yatağının 200 hektarında qeyri-qanuni tikililər vardır. Son 6 ayda təkcə yatağın 4-cü mədən ərazisinin 15-20 hektar sahəsi zəbt olunmuş, burada onlarla yeni tikilinin inşasına cəhd edilmişdir.

Sonra monitorinq iştirakçıları "Balaxanıneft" NQÇİ-nin istismarında olan "Balaxanı-Sabunçu" yatağındakı mədənlərdə olublar. 1894 hektar ərazini əhatə edən "Balaxanı-Sabunçu" yatağının 570 hektarı zəbt olunub və bu ərazidə indiyədək 5 minə yaxın qeyri-qanuni tikili inşa edilib (AzərTAc).

Qeyd edək ki, "Muradxanlı" neft yatağı və digər xırda mədənlər nəzərə alınmasa, ARDNŞ 15 min hektar mədən sahəsində neft-qaz əməliyyatları aparır. Bu ərazilər Bakı (Abşeron yarımadası), Siyəzən və İmişlidədir.

2010-cu ilin nəticələrinə görə, təkcə "Azneft" İstehsalat Birliyinin zəbt olunmuş torpaq sahələrinin həcmi 1096 hektardır. Bundan 424,4 ha "Balaxanıneft" NQÇİ-nin ərazisində, 32 ha "Bibiheybətneft" NQÇİ-nin, 130,3 ha H.Z.Tağıyev adına NQÇİ-nin, 22 ha "Siyəzənneft" NQÇİ, 487 ha Qaraçuxur İriləşdirilmiş Neft Mədəninin payına düşür ("APA-Economics").

Monitorinqdən sonra keçirilən brifinqdə Eldar Orucov qeyd edib ki, zəbt edilən ərazilərdə tikilən qanunsuz tikililərin dəqiq sayını demək mümkün deyil, belə ki, say tez-tez dəyişir. Amma artıq məlumdur ki, Binəqədi (NQÇİ) ərazisində 10 min, Balaxanı NQÇİ-də 5 min belə obyekt var.

Orucovun sözlərinə görə, məsələn, Binəqədidə 12 milyon tona qədər neft ehtiyatı var: "Bunun 5 milyon tonu çıxarıla bilən hissəsi qanunsuz tikililərin altında olanlardır. Balaxanı və Buzovnanın hər birində isə 7 milyon ton çıxarıla bilən neft ehtiyatı var".

İdarə rəisi bildirib ki, torpaqların zəbt olunması ARDNŞ-ın neft-qaz əməliyyatlarına ciddi çətinlik yaradır, istehsalatın genişləndirilməsinə və hasilatın artırılmasına mane olur. Bəzi qanunsuz tikililər neft kəmərlərinin üzərindədir. Bəzi ərazilərdə isə evlər hətta ixrac neft kəmərlərinin üzərində, onların 7-8 metrliyində və ya mühafizə zolağında tikilib.

Neft quyularının mühafizə zonasında, yüksək təzyiqli neft-qaz magistrallarında yaşayış evlərinin tikilməsi ciddi nəticələr verə bilər, istənilən an bədbəxt hadisə ortaya çıxa bilər. Ən dəhşətlisi odur ki, bu ərazilərdəki tullantılar adamların sağlamlığına ziyan vurur.

Torpaqların qanunsuz zəbtinə 1989-cu ildə qaçqınların olması ilə başlanılıb. 1995-ci ildə bu prosesin intensivliyi səngiyib. 2007-ci ildən zəbt edilmə praktiki olaraq dayanıb. Çünki ARDNŞ-ın mühafizə qurumları prosesi nəzarətdə saxlayıblar. Mart ayında ölkə rəhbərliyi tərəfindən qanunsuz tikililər probleminin həlli ilə bağlı bəyanatlarından sonra belə tikililərin sayı artmağa başlayıb. Orucovun sözlərinə görə, ARDNŞ-ın balansında olan torpaqlarda Novruz bayramından sonrakı dövrdə qanunsuz tikililər çoxalıb: "Heç də bütün vətəndaşlar qanunvericiliyi başa düşmür. Bu bəyanatlar hamısı o məqsədlədir ki, indiyədək aparılan qanunsuz tikililərin taleyi həll olunsun. Bir çox hallarda kimlərsə yeni əraziləri zəbt edib, o siyahılara düşmək niyyətindədirlər. Ona görə də mart ayının ikinci yarısında onlar fəallaşıblar".

İndi ARDNŞ qanunsuz tikililərin qarşısını almaq üçün həm yeni tikililərə mane olmağa çalışır, həm də əvvəllər tikilən obyektlərə qarşı məhkəmə iddiaları qaldırır. Ümumilikdə son bir neçə il ərzində ARDNŞ-ın balansında olan qanunsuz tikililərlə bağlı 2700 məhkəmə işi qaldırılıb. Təkcə Bibiheybət ərazisində 2010-cu ilin sonunadək 600-ə yaxın məhkəmə qətnaməsi qüvvəyə minib. Balaxanıdakı tikililər üzrə 114 qərar qəbul olunub. Ümumiyyətlə yalnız hasilatın pay bölgüsü sazişləri olan müqavilə sahələri üzrə məhkəməyə 1046 iş təqdim olunub. "Azneft" İB-nin istifadəsində olan torpaqlardakı qanunsuz tikililərlə bağlı 1000-dən artıq iş var. 168 məhkəmə işi neft kəmərlərinin üzərində inşa edilmiş tikililərə aiddir. 600-dən çox məhkəmə işi isə "Azəriqaz" İB-ə - qaz kəmərlərinin üstündəki qanunsuz tikililərə aiddir.

İdarə rəisi brifinqdə jurnalistlərə torpaq mübahisələri ilə bağlı məhkəmə işlərini nümayiş etdirib: "Bu, təkcə Bibiheybətə aid son bir ildə qəbul olunan məhkəmə qərarlarıdır, başqa ərazilərə aid olanlar da var. Bu qərarlar əsasında indiyədək yüzlərlə qanunsuz tikili sökülüb. Bəzi ərazilərdə isə qanunsuz tikililərin bundan sonra yayılmasının qarşısını almaq üçün hətta onları hasara almaq təklif olunur".

Hüquq idarəsinin rəisi etiraf edib ki, qanunsuz tikililərlə bağlı məhkəmə prosesləri həddindən artıq çox olduğundan, bu işlərlə məşğul olmaq üçün özəl hüquq şirkətlərindən də hüquqşünaslar cəlb etməli olub.

Orucov qanunsuz tikililərin sökülməsi barədə məhkəmə qərarlarının icra olunmamasından şikayətlənib. Dövlət orqanları ərazilərin mühafizəsini təmin etmir, odur ki, şirkət ona aidiyyatı olmayan funksiyanı yerinə yetirməyə və mühafizəçilər ştatını genişləndirərək tikililəri özü sökməyə məcburdur. Bəzən şirkət öz torpağını almalı olur. Bütün bunlar hasil olunan neftin maya dəyərinin bahalaşmasına səbəb olur. Orucov qeyd edib ki, Torpaq Məcəlləsinə görə, bələdiyyələr ARDNŞ-ın torpaqlarını idarə edə bilməz.

"Heç də bütün məhkəmə işlərini udmaq mümkün olmur. Qarşı tərəf və onların vəkilləri bir çox üsullardan, o cümlədən hüquqi xırdalıqlardan istifadə etməklə işə baxılmasını ləngidir və öz xeyrinə qərarların qəbul olunmasına nail olurlar",-ARDNŞ rəsmisi deyib.

Qanunsuz tikili sahibləri ilə yanaşı, Neft Şirkəti vətəndaşlara saxta sənədlər verən bələdiyyələri də məhkəməyə verib: "Çünki belə vəziyyətin yaranmasının əsas səbəbkarlarından biri də adamları belə sənədlərlə təmin edən bələdiyyələrdir. Bizə ən böyük çətinliyi bələdiyyələr yaradır".

Hazırda ARDNŞ hüquqşünasları "Bibiheybət" NQÇİ-nin ərazisində olan Bibiheybət və Badamdar bələdiyyələri ilə, Binəqədi NQÇİ üzrə Xocahəsən və Binəqədi bələdiyyələri, eləcə də Buzovna və digər qəsəbələrin bələdiyyələri ilə məhkəmə mübahisəsi aparır. Səbəbi də odur ki, bu bələdiyyələr onlara aid olmayan torpaqları fiziki şəxslərə paylayıblar: "Halbuki bu torpaqlar Neft Şirkətinin balansındadır, bələdiyyələrin özünə məxsus olan torpaqların isə yekun sənədi, ümumiyyətlə, mövcud deyil".

Orucov deyib ki, bələdiyyələrin saxta sənəd verdiyi sakinlər evləri söküləcəyi təqdirdə, onlara dəyən ziyanı ödəmək üçün bələdiyyələrin özünü məhkəməyə verə bilərlər. Hərçənd bu məsələ hüquqi baxımdan perspektivli olsa da, praktiki baxımdan o qədər də asan deyil. Bələdiyyələrin maddi vəziyyətini nəzərə alanda, onların bu zərəri ödəmək qabiliyyəti o qədər də inandırıcı görünmür.

Yeri gəlmişkən, qanunsuz tikililərdə yaşayan sakinlərsə reyddə iştirak edən jurnalistlərə bildiriblər ki, bu yerləri onlara bələdiyyələr verib və onlar bu sahələrin ARDNŞ-ə məxsus olduğunu bilməyiblər. "Turan"ın xəbərinə görə, Elşən Hüseynov adlı sakin bildirib ki, o və qonşuları torpağın 1 sotunu 1000 manata alıblar. Sənədlər Buzovna bələdiyyəsi tərəfindən hazırlanıb.

Brifinqdə məlum olub ki, ARDNŞ hüquqşünasları hüquq-mühafizə orqanlarının bu məsələdəki fəaliyyətindən o qədər də razı deyil: "Biz onlara müraciət edirik, imkan olanda bizə köməklik göstərirlər. Amma elə hallar da olur ki, biz qanunsuz tikinti hallarını aşkar edirik, onun qarşısını almaq üçün həmin əraziyə icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri də dəvət olunur. Amma bəzən onlar burda iştirak etmirlər. Məncə, qanunsuz tikilinin qarşısını vaxtında almaq daha yaxşı olardı. Çünki tikinti başa çatıb əhali yaşayanda bu proses daha da uzanır".

"Ekspress" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.