İyulun 22-də Azərbaycan mətbuatında bayram günü idi. Həqiqətən, jurnalist olanlar da, olmayanlar da eyni dərəcədə özünü bu tarixə aid edirdi. Amma günün əhvalına uyğun olaraq "Yeni Müsavat" sizə dünya jurnalistikasının bəzi bilinməyən faktlarını təqdim edəcək.Bayram günündə jurnalistlərlə bağlı bilinməyən gerçəklərin siyahısı...
Azərbaycana baxmayın, dünya jurnalistlərinin uğurları da, qazancları da, hətta məslək yolunda verdikləri qurbanlar da bizimkilərdən fərqlidir. Elə biz də bu faktları nəzərə çatdırıb, "şərhsiz" bölümündə nəzərinizə çatdıracağıq.
Ərin (sevgilin) jurnalistdirsə... bu, bir kabusdur...
Qısa bir xatırlatma. Bir neçə ay öncə bu barədə dünya mediası da yazmışdı. "Huffington Post" qəzetinin əməkdaşı Şitika Anand "Jurnalistlə sevgili olmamaq üçün 8 səbəb" adlı məqaləsində bu məsləyin daşıyıcılarını az qala yerdən-yerə vurmuşdu. Səbəbləri xatırlayaq:
1. Jurnalist sevgili sizin həyatınızdan özünə pul qazana bilər. Doğrudur, həftədə 70 saat işləyən, amma çox az pul qazanan jurnalistlər heç vaxt pullu sevgili axtarışında olmazlar və sizinlə pulunuza görə bir yerdə olmazlar. Amma onlar sizinlə və həyatınızla bağlı bütün nüansları xəbərə, bir araşdırmaya çevirə bilərlər. Əsasən də sizdən icazə almazlar. Buna etiraz edəndə isə alacağınız cavab aşağıdakı kimi olur: xəbər həqiqi hadisələrdən təsirlənərək yazılsa da, əslində "duyğusal bir yazı"dır.
2. Önəmli bir xəbər, araşdırma izində olan jurnalist üçün işini bir axşam yeməyi ilə əvəz etməsi gözlənilən deyil. Çünki işi onun üçün birinci yerdədir.
3. Ciddi müşahidə qabiliyyətləri var. Nə vaxt yalan söylədiyinizi, nə zaman səmimi olduğunuzu, nə zaman darıxdığınızı anlaya bilirlər. Telefonda danışanda hər şeyi səsinizin tonundan anlayacaq qədər peşəkar psixoloqdular.
4. Sözlərinizi xatırlayırlar: olayları, sözlərinizi, hekayələrin ardıcıllığını xatırlamağa proqramlanıblar. Unutmazlar və vaxtı gələndə xatırlatmaqdan, fakt kimi qabağınıza qoymaqdan əsla çəkinməzlər.
5. Hər zaman qrammatikanızı, tələffüzünüzü düzəltməyə çalışırlar. Elektron məktub və mesajlarınızda da səhvlərinizi düzəldirlər. Bundan başqa, yazınız savadlıdırsa, səhvləriniz azdırsa, bu da sizin üçün üstünlük sayıla bilər.
6. Sosial mediaya asılılıqları var. Sosial media işlərinin bir parçasıdır, bu sahə ilə bağlı anlayışınız yoxdursa, səssiz qalmanız daha yaxşıdır.
7. Jurnalist bar və restoran məsələsində çox seçicidir. Əgər sevgiliniz səyahət, istirahət mövzusunda ixtisaslaşıbsa, işiniz lap çətindir. Çünki onlar şəhərin bütün belə məkanları yaxşı tanıyırlar. Əgər ilk görüşdə çox uğursuz bir seçim etmisizsə, ikinsi görüşü unudun.
8. Hər zaman özlərinə aid bir zamana ehtiyacları var. Qələbəlik içində və gərgin keçən saatlardan sonra əsasən bütün texnoloji vasitələrdən uzaq və yalnız qalacaqları bir zaman bölümü istəyirlər. Və bunu heç bir flirt dəyişdirə bilməz. Bu vaxt onların yenidən "zaryadka"sı və yeni ideyalarının yaranması üçün lazımdır.
Jurnalistlərin ölüm statistikası yüksəkdir
Amma mənzərə bu qədər şirin olsa, nə vardı ki? Jurnalist peşəsi dünyanın ən riskli peşələrindən biri hesab olunur. Məsələn, 2012-ci ildə vəzifə başında həlak olan jurnalistlər arasında ölüm hallarının azalmasına baxmayaraq, 2013-cü ildə bu rəqəm bir daha yüksələrək 71-ə çatıb. Bu arada Sərhədsiz Reportyorlar Təşkilatı cari ildə media mənsublarının oğurlanması halının 129% artdığını bildirib. 2013-cü ildə Asiya qitəsində təqribən 4 jurnalist, Yaxın Şərq və Şimali Afrikada isə 23 jurnalist qətlə yetirilib.
Cənubi Amerikada bu rəqəm 12 nəfər olub. 2012-ci ildə isə Cənubi Amerikada öldürülən jurnalistlərin sayı 15 nəfər olmuşdu.
İllik gəliri 3 milyon dollar olan da var, 3 min dollar olan da...
CNN teleşirkətinin tanınmış aparıcısı Volf Blitser 3 milyon dollar illik gəlirlə ən zəngin media işçilərinin siyahısında ən yüksək yerləri tutmur. ABŞ seçkiləri zamanı 24 saat efirdən demək olar düşməyən Volf Blitser hər gün 2 saat analitik proqramında ölkədə və dünyada baş verən hadisələri təhlil edir.
ABC şirkətinin "Meet the Press" (mətbuatla görüş) proqramının aparıcısı Corc Stepanopulosun illik gəliri 5 milyon dollardır. Həftənin ən başlıca hadisələri bu proqramda ABŞ Konqresi və administrasiyanın yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə edilir.
CNN telekanalında hər axşam canlı yayımda iki saat sürən "Anderson Live" proqramının təsisçisi və aparıcısı Anderson Kuper 11 milyon dollarla Amerika teleməkanında ən yüksək gəlirə malik jurnalistlərdən biri hesab edilir. Hər axşam efirə çıxan proqram Amerikada gənc tamaşaçılardan ibarət ən böyük auditoriya toplayan proqramlar arasında göstərilir. Anderson Kuperin populyarlıq səviyyəsini onun 2012-ci ildə Nyu-Yorkda Madam Tüsso muzeyində mum heykəlinin açılışı ilə ölçmək olar.
Amerikada media sahəsinə yeni gələn jurnalistlərin maaşı ildə orta hesabla 36 min dollar kimi göstərilir. Bu isə ayda orta hesabla 3 min dollar deməkdir. Redaktorlar, teleradio şirkətlərində yazarların maaşları 60 min dollar və bundan yuxarıdır. Daha böyük media bazarında maaşlar və tələblər daha yüksəkdir. Bunlara baxmayaraq, gəlirindən asılı olmayaraq, media işçiləri cəmiyyətdə statusa malikdir.
Ən sevilməyən peşə və ən ağlagəlməz projelər
Azərbaycan qəzetçiləri arasında həyatını riskə qoyaraq ilginc projelər həyata keçirənlər azlıq təşkil edir. Ən azı belə ənənə milli jurnalistika üçün o qədər də xarakterik deyil. Amma dünyanın inkişaf etmiş qəzet və televiziyalarında bu sayaq projelər nüfuz savaşının tərkib hissəsidir.
Britaniyanın məşhur "Sunday Times" qəzetinin bir məxfi müxbiri və təhqiqat jurnalisti qadağan olunmuş qadın sünnəti ilə əlaqədar material hazırlayarkən informasiya toplamaq naminə bir diş həkimi ilə yaxın münasibətdə olub.
İngiltərənin Nyukasl şəhərində evsizlər barədə sənədli film çəkən jurnalist peşəsinə həddən artıq aludə olmasına qurban gedib. Bir həftə ərzində küçədə qalmağa qərar vermiş 27 yaşlı jurnalist Li Halpin sahibsiz binada ölü tapılıb. Polisdən verilən məlumata görə, jurnalist soyuqdan ölüb. "Channel 4" telekanalı üçün çəkdiyi sənədli filmin real, "həqiqi" olması üçün Halpin tam bir həftə evsiz-eşiksizlər təki yaşamağa, küçədə dilənməyə və soyuqda yatmağa qərar vermişdi. Onun cəsədi Nyukaslın Uestgeyt Roud səmtindəki köhnə, viranə qalmış hoteldə tapılıb.
Jurnalist ölmədən öncə twitter-də yazmışdı: "Qarşıdan gələn həftəni Uestgeyt Roud küçəsində evsiz kimi yaşayacağam. Harada gəldi yatacaq, yemək və pul dilənəcək, başqa evsizlər kimi xeyriyyə yardımları alacağam. Evsizlərlə təmaslarda olmaq və onların həyat tərzini anlamaq niyyətindəyəm".
Li Halpin Nyukaslda mədəniyyətlə bağlı yazıların dərc olunduğu "Novel" jurnalının sahibi və baş redaktoru, Radio Tyneside radiostansiyasında "The Weekend Starts Here Show"nun aparıcısı idi.
Və bayram günündə daha bir ağrıdıcı fakt. 2013-cü ildə Amerikada keçirilən bir sorğu nəticəsində məlum olub ki, insanlar üçün ən sevilməyən peşələrin sırasında jurnalistika da var. Odunçu, sağıcı-fermer, orduda sıravi əsgər, teatr aktyoru və poçtalyonla eyni sıraya qoyulan jurnalistikanın qara hərflərlə yazılmasının səbəbi onun riskli və qazancsız olmasıdır. Demək olar ki, bütün bu peşələri cari ildə ixtisar gözləyir. Onların əksəri aşağı və orta əmək haqqı olan sənətlər sırasına daxil olsa da, ağır və əzmkar zəhmət tələb edir.
Milli.Az