Cəmiyyət

Akif Aşırlı: “Kim aldı sizin qarşınızı?"

17 İyul 2014 21:23
1 Şərh     Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Ramil Qafarovun 1937.az-da yayımlanan "Eybəcər "Qazaxşina" və şəhər nəsri" adlı məqaləsinə sərt münasibət bildirib. O, bizimlə söhbətində "Qazaxşina" iddiaları ilə razılaşmadığını, deyilənlərin şər-böhtan xarakteri daşıdığını deyib:

- Əvvəl Əsəd Qaraqaplanın "Qazaxşina" haqqında fikirləri, məqalələri dərc olundu. Onun fikrincə, guya "Qazaxşina" Azərbaycan ədəbiyyatının inkişafına dəhşətli dərəcədə mane olur. O vaxt biz bu məsələni qabartmaq istəmədik.

Sizin saytda Ramil Qafarov adlı bir gəncin bu mövzuda yazısını oxuyub xeyli təəssüfləndim. Gənclərimiz torpaqları işğal altında olan bir məmləkətdə "Hansı bölgənin ədəbiyyat adamları güclüdür?", - deyə regionçuluq edirlər. Mövzu ədəbiyyat, yaradıcılıq məsələsidirsə, polemika aparılmasının tərəfdarıyıq. Ancaq onu regional müstəviyə gətirmək doğru deyil.

Yazırlar ki, 1937-ci ildən sonra Azərbaycan ədəbiyyatında bir boşluq yarandı və bundan istifadə edən qazaxlılar ədəbiyyatı işğal etdi.

Görəsən, Ramil Qafarov Firudin bəy Köçərlinin 1920-ci ildə çap olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" kitabını oxuyubmu? 20-ci ildə Firudin bəy Köçərli o ikihissəli kitabı yazanda Azərbaycan ədəbiyyatının faktı kimi 15-dən artıq qazaxlının adını çəkir. Məgər Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Kazım ağa Salik, Çoban Əfqan, Sarı Şikəstə ədəbiyyata repressiya illərindən sonra gəlib?

Həmin dönəmdə Sovet quruluşu var idi? Onların şeirləri hələ Çar Rusiyasının vaxtından nəinki Azərbaycanda, bütün türk dünyasında yayılmışdı.

Bu gün Azərbaycan ədəbiyyatının tədqiqatçıları Cavad xanın qətli ilə bağlı yazılan əsərləri tədqiq edəndə orda birinci "Kor şair" deyə anılan Əbdürrəhman ağa Dilbazinin adını çəkir. Əbdürrəhman ağa ruslara qarşı istiqlal savaşı aparan, öz müstəqilliyini qorumağa çalışan, özü və övladı şəhid olan Cavad xana qəsidə yazmışdı. O qəsidə tarixi mənbə və əsər kimi qiymətlidir.

Deyirlər, Səməd Vurğun istedadsız qazaxlıları ədəbiyyata gətirirdi. Mən sizə sual verirəm: Nüsrət Kəsəmənli Səməd Vurğun görmüşdü? İddia edirlər ki, Səməd Vurğun partiyanı vəsf edirdi. Yaxşı, deyək ki, onların dediyi doğrudur. Bəs Süleyman Rüstəm haralı idi? O, niyə partiyanı vəsf eləyirdi? Bu, bir ideologiya idi, yazıçı və şairlər həmin ideologiyaya xidmət edirdilər. Təbii ki, həmin dövrdə yazıb-yaradan qələm adamlarının şeirlərində bu ideologiya elementləri var. Birində az, digərində çox.

Mən Azərbaycan ədəbiyyatı tarixini az-çox bilən, repressiya illərinin jurnalistikasını araşdıran biri kimi deyirəm: Partiyanı vəsf ruhunda ən az Səməd Vurğun yazıb. 37-ci ildə onun əleyhinə yazılan materialları niyə çap etmirlər?

Ramil Qafarov yazır ki, qazaxlılar Yusif Vəzir Çəmənzəminli səviyyəsində nəsr yarada bilmədilər. Yaxşı, bəs Cahandar ağa obrazını kim yaratmışdı? Yazıçıların Sovet dövründə əsl kişi, bəy obrazı yaratmağa qorxduğu bir dönəmdə İsmayıl Şıxlı belə bir obraz yaratmadımı? Bu kimi xırdaçılığa varmaq mənim üçün çox ağırdır.

Əsəd yazır ki, Cənub bölgəsindən şair çıxdı, Qazax bölgəsindən yox. Sən Elnur Astanbəylini necə dana bilərsən?

- Akif müəllim, həmçinin, belə bir fikir var ki, Qazaxdan olan ədəbi tənqidçilər ancaq qazaxlılar haqqında yazırlar...

- Onlar Asif Atanın "İnam və şübhə" kitabını oxusunlar. O kitab 1970-ci illərdə çapdan çıxıb və hesab edirəm ki, son 50-60 ildə ədəbi tənqiddə elə güclü əsər yoxdur. Oxuyub görsünlər ki, Asif Ata o əsərdə Anara, Elçinə necə yanaşma sərgiləyib.

Yəni Asif Ata üçün region fərqi olmayıb. Bir də ki, ortada olan istedadlı imzaların çoxu qazaxlıdırsa, tənqidçi neyləsin?

- Bəzi gənc yazarlar iddia edir ki, qazaxlı qələm adamları Sovet hakimiyyətinin siyasətindən istifadə edərək ədəbiyyatda mövqe tutublar. Müstəqillik dövründə isə onların "bazarı bağlanıb"...

- Birincisi, müstəqillik dövründə Qazaxın Ağamalı Sadiq Əfəndi, Məmməd İlqar, Akif Səməd kimi qələm adamları olub. Müstəqil Azərbaycan ədəbiyyatını onlar yaratmadımı? "Azadlıq" meydanına kimlər çıxmışdı? Vaqif Səmədoğlu, Yusif Səmədoğlu. Həmin dövrdə millət vəkilləri kimin ətrafına toplaşmışdılar? İsmayıl Şıxlının. Bu dərəcədə insafsız yanaşma olmaz.

- Akif müəllim, ümumiyyətlə, ədəbiyyatda şəhər-kənd bölgüsünə necə baxırsınız?

- Ədəbiyyat həm də dil faktorudur. Bu gün Azərbaycan ədəbi dili şəhərdə yox, kənddədir. Söhbət canlı danışıq dilindən gedir. Var quru dil, var oynaq dil, var şirin dil. Əsl Azərbaycan türkcəsi canlı dildir. Bizim gənc yazarlarımız gedib kəndlərdə oturmalı, kənd adamları ilə söhbət etməlidir. Bu da əsərlərdə özünü göstərməlidir.

Şəhər ədəbiyyatından İlqar Fəhmini bəyənirəm. Onun "Bakı tarixindən kollaj" əsəri həm dil baxımından, həm faktlar baxımından çox zəngindir. Kənd və şəhər təfəkkürünün sintezini gözəl verib.

Yazıçı şəhərdən çıxdı, kənddən gəldi, bunun fərqinə varmaq lazım deyil. "Qazaxşina", "Qarabağşina", "Cənubşina" söhbətlərinə son qoyulmalıdır. Ziyalı Azərbaycanı bütöv götürməlidir. Onlar Turançı olmalı, türk dünyasının bütövlüyü üçün çalışmalıdır. Azərbaycanın 20 faizi işğal altındadır, bunların yazdıqlarına bax... Deyirlər, qazaxlılar qarşımızı kəsdi, kim aldı sizin qarşınızı?
 

1937.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.