Hər insanın şüuraltında dəyərsizlik inancı müxtəlif səviyyədədir. Bu, ömür boyu insan şüurunda qalır. Dəyərsizlik inancı təməl bir inancdır. Bu hissdən qurtulmaq mümkün deyil. Dəyərsizlik inancı insanda müəyyən güclərinə inamsızlıq hissi yaradır. Çatışmazlıq, gücsüzlük, bacarıqsızlıq kimi inanclar insanın həyata olan marağını öldürür.Bu hissdən qurtulmaq mümkün deyil
Dəyərsizlik inancı fərdi xüsusiyyət daşıyır. Çox zaman psixoloqlar bunu müxtəlif xəstəliklərlə izah edir, əlaqələndirirlər. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, dəyərsizlik hissi çox əzabverici bir hissdir. Hamının əlçatmaz hesab etdiyi, gözəl, yaraşıqlı, bacarıqlı biri belə bu hissi daxilində daşıya bilər: "Bir adam çox tənqid edirsə, başqalarının tənqidlərindən, başqalarını qırmaqdan, incitməkdən qorxursa, başqalarının onu anlamasına, özünü başqalarına bəyəndirməyə, sevdirməyə çalışırsa, təqdirə ehtiyacı olduğunu düşünürsə, çox təqdir görməkdən qorxursa, o adamın daxilində dəyərsizlik inancı yer alıb".
Müsahibimiz bildirir ki, dəyərsizlik inancı uşaq yaşlarından formalaşır. Uşağın öyrənmə səylərinə hörmət etməmək, ona bağırmaq, vurmaq uşaqda dəyərsizlik hisslərini əmələ gətirir. Uşaqların daxilində "Mən də edə bilərəm" hazır proqram var. Uşağa kömək edəndə və ya "edə bilməzsən" deyəndə uşaqda özünə olan inam azalır. Məsələn, öz səyi ilə kresloya dırmaşmağa çalışan uşağı arxadan itələyərək yardım etmək uşaqda "mən tək edə bilmərəm" fikrini formalaşdırır. Və yaxud tək yemək yeməyə çalışan uşağın əlindən qaşığı almaq "sən bacarmazsan" mesajını verir.
Uşağın təbii inkişafına hörmət etməmək, uşağın bir sıra tələblərini özünün həyata keçirməsinin lazım olduğuna inandırmamaq, yaxşı bir hərəkət etdiyi zaman mükafatlandırıb, digər zamanlarda maraqlanmamaq, bir şeyi bacardığı zaman mükafatlandırılacağına inandırmaq uşaqda dəyərsizlik inancını formalaşdırır.
Ailədə uşağı saymamaq, ailə fərdlərindən birinin uşağı tərk etməsi, uşağın özünə olan inamını sarsıdır. Əsasən ailədə ata uşağı tərk etdiyi zaman uşaq başqalarından atası olmadığı üçün utanır. Uşaq utandığı üçün dəyərsiz olduğunu düşünür. Dəyərsiz olduğuna inandıqca daha çox utanır. "Valideynlər uşaqla çox az maraqlanır, sevgi və şəfqət göstərmirsə, uşaq sevmənin və sevilmənin nə demək olduğunu bilmədən böyüyürsə, cinsi zorakılığa məruz qalırsa, uşaqda dəyərsizlik inancı formalaşacaq".
Özünüzdə dəyərsizlik inancının olub-olmadığını bilmək üçün özünüzü test edə bilərsiniz. Sevdiyiniz insanı itirmək qorxunuz varsa, özünüzü yaxşı və gözəl şeylərə layiq bilmirsinizsə, özünüzə heç bir mövzuda güvənmirsinizsə, çatışmazlıq duyğularınız varsa, hər zaman qurban oduğunuzu düşünürsünüzsə, həyatınızda sizə dəyər verməyən insanlarla biryerdəsinizsə və onlarsız yaşaya bilməyəcəyinizi düşnürsünüzsə, deməli, sizdə bu dəyərsizlik inancı formalaşıb. "Bu yaxınlarda yanıma bir qadın gəlmişdi. Maddi imkanı çox yaxşı olan qadının bütün dişləri çürük idi. Niyə düzəltdirmədiyi ilə maraqlandım. O cavabında "bu yaşdan sonra kimə lazımam ki..." deyə cavab verdi. Mən ona başa salmağa çalışdım ki, insan özünü sevməli, özü özünü bəyənməlidir. Amma o yenə başa düşmək istəmədi. Çünki dəyərsizlik inancı tam idi".
A.Əlibəylinin dediyinə görə, dəyərsizlik inancını aradan qaldırmaq mümkün olmasa da azaltmaq olar. Bunun üçün özünüzü müəyyən fikirlərə, məsələn, "Mən hər zaman fərqli və gözələm", "Mən hər halım və bütün xüsusiyyətlərimlə dəyərliyəm", "Keçmişdəki səhvlərimi qəbul edirəm" və s. kimi fikirlərə inandırmağa çalışın. İnsan özü ilə üzləşə bilsə, gücsüz tərəflərinin, qorxularının üzərinə getsə, gerçək gücə sahib ola bilər.
Ekspress.az





