Cəmiyyət

İstiqlalımızın elan olunmasında Rəsulzadənin rolu

28 May 2014 10:16
0 Şərh     Baxış: 794

Milli.Az "Qafqazinfo"ya istinadən Nəsiman Yaqublunun yazısını təqdim edir

1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi.

Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M. Ə. Rəsulzadənin sədrliyini irəli sürdü. "İttihad" partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. H. Ağayev və M. Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F. Xoyski icraiyyə orqanının sədri seçildi. İlk Azərbaycan hökumətinin təşkili F. Xoyskiyə tapşırıldı. Yaradılan ilk hökumət aşağıdakı tərkibdə idi: "Nazirlər Şurasının sədri və daxili işlər naziri - F. X. Xoyski; hərbi nazir - Xosrov bəy Sultanov, xalq maarifi və maliyyə naziri - Nəsib bəy Yusifbəyli; xarici işlər naziri - Məmməd Həsən Hacınski; poçt-teleqraf və yollar naziri - Xudadat bəy Məlikaslanov; əkinçilik və əmək naziri - Əkbər ağa Şeyxülislamov; ədliyyə naziri - Xəlil bəy Xasməmmədov; ticarət və sənaye naziri - Məmməd Yusif Cəfərov; dövlət naziri - Cəmo bəy Hacınski.

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2. M. Ə. Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti.

Üçüncü məsələ ilə bağlı (yəni Azərbaycanın vəziyyəti) Şura üzvü X. Xasməmmədov Azərbaycanın müstəqil respublika elan edilməsi vacibliyini bildirdi, F. Xoyski isə "yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışığı aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə bağlı kifayətlənməyi" təklif etdi. Lakin Milli Şura 22 səslə (S. M. Qəniyev və C. Axundov bitərəf qaldılar) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra "İstiqlal Bəyannaməsi" qəbul etdi.

"İstiqlal Bəyannaməsi" (həm "Əqdnamə", həm də Misaqi-milli" adlandırılır) altı maddədən ibarət idi:

"1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cumhuriyyəti olaraq tətəqərrür edir.

3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibatı-həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.

Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında areyiümumiyyə ilə intixab olunmuş şuraya milli və şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur".

Qeyd edək ki, Azərbaycan istiqlalının elan olunması günündə Müsavat lideri M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə. Rəsulzadə məhz bu heyətdə idi) "Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında" Nəsib bəy Yusifbəyli "Osmanlı dövlətindən yardım istəmək zərurətini" bildirmişdi.

Azərbaycan istiqlalı elan edilməsinin məna və əhəmiyyəti böyük idi. Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı elan edilməsinə xarici ölkə alimlərinin və tədqiqatçılarının verdiyi qiymət olduqca dəyərlidir.

Professor Qothard Coske: "28 Mayıs 1918-ci ildə elan olunan Azərbaycan İstiqlaliyyəti, Türk və Azərbaycan düşməni bəzi bədxah zümrələrin "isbata" çalışdıqları kimi, təsadüfi bir hadisə və ya işin içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir təkamül seyrinin son mərhələsi və nöqtəsidir".

Professor Berd Fon Mende: "Bu tarix bilavasitə onunla əlaqədar olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir günün tarixidir. Çünki bu sadə Qafqaziyadakı milli dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı olmaqla qalmayıb, eyni zamanda Rusiya imperatorluğunda başlayan siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim rol oynamağa başlandığı bir günün tarixidir" .

Professor Herbert Duda: "Həqiqi millətçiliyin lüzumu ilk öncə Azərbaycanda qavrandı və bütün Türk irqdaşlarını kültür baxımından birləşdirmək məfkurəsinə orada çalışıldı".

Professor Herbert Yanski: "1918-ci ildə rus əsiri olan türklər üçün bir istiqlal açıldı: həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müstəqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi".

Doktor Bertold Spuler: "28 Mayısın aşıladığı ruh əsrimizin hakim və mədəni insanlığın əbədi və əzəli həyat prinsipi - millətçilik ümdələrinə dayandığı üçün Azərbaycanın çalınmış istiqlalını geri almaq işində mühəqqəq tarixi rolunu müvəffəqiyyətlə ifa edəcəkdir".

Cohannes Benzinq: "28 Mayısı doğuran Azərbaycanı necə tanımaq lazım? 28 Mayısın ilhamları haradan gəlir? Vəd olunan suallara qısa bir məqalə çərçivəsində kafi dərəcədə bir cavab vermək çətin olmaqla bərabər bəzi əsas nöqtələr təbarüz etdirilirsə, 28 Mayıs anlaşılır. Azərbaycan tarixi hər şeydən əvvəl bizə Azəri Türkünün hürriyyətə olan dərin bir sevgisini göstərməkdədir".

Professor Tadeuş Svyatoxovski "İndiyə qədər coğrafi bir bölgənin adı olan Azərbaycan, artıq iki milyonluq bir dövlətin adı idi. Tatarlar, Transqafqaziya müsəlmanları və Qafqaziya türkləri kimi dəyişik isimlərlə anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu".

Qeyd edək ki, 28 May istiqlalının elanı bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verirdi. Rusiya əsarətində yaşayan türk xalqları arasında Azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu və 28 May "Azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti simvolu"na çevrildi".

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 28 May İstiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: "O tarixdən bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır".

Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə müstəqil Azərbaycan Cumhuriyyəti adından M. H. Hacınski (o, Xarici İşlər naziri idi) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə iyunun 4-də dostluq haqqında müqavilə imzaladı.

1918-ci ilin iyunun 4-də "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqavilə"sini Türkiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə Xarici İşlər naziri M. H. Hacınski və Milli Şuranın sədri M. Ə. Rəsulzadə imzaladılar. Azərbaycan Respublikası nümayəndələrinin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin-Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında "Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi" bildirilirdi.

İmzalanan sənədin birinci maddəsi belə idi: "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır".

Sənədin 4-cü maddəsində isə yazılmışdı: "Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür".

Azərbaycan hökuməti ən ağır və ən çətin şəraitdə məhz həmin müqavilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M. Ə. Rəsulzadə yazırdı: "Bütün Azərbaycan xəlqinin çar-çeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyəti-mürəxxəsəsi həmən müvafiqət cavabını verdi" .

M. Ə. Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın Azərbaycanın bir müstəqil dövlət halına gəlməsində həqiqətən böyük xidmətləri oldu.

Azərbaycan İstiqlal bəyannaməsinin altıncı maddəsində göstərildiyi kimi: "Azərbaycan idarəsinin başında Şurayi Milli" dururdu.

Azərbaycan Milli Şurası istiqlalımız uğrunda hətta özünü buraxmaq dərəcəsinədək lazım gələndə güzəştə getmişdi. Milli Şuranın istiqlal elanının ilk vaxtlarındakı mübarizəsi olduqca çətin idi. Azərbaycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdılar. Bu qüvvələr "İlhaqçılar" adı altında çıxış edərək, hökumətin buraxılaraq Nuru Paşanın yeni hökumət təşkil etməsini tələb edirdilər. M. B. Məmmədzadə yazırdı: "O, yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu "hökumət" isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı".

Milli Şuranın son iclasında çıxış edən M. Ə. Rəsulzadə dedi: "Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli olduğunu xatırlatmışdım.

Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!.."

Vəziyyətin gərginliyini nəzərə alıb, N. Yusifbəylinin təklifi ilə Milli Şuranın 17 iyun tarixli iclasında Fətəli xan Xoyskinin ikinci kabinəsi təşkil edildi.

Bu ərəfədə, iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada Mərkəz - Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz - Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M. Ə. Rəsulzadə, X. Xasməmmədov və A. Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.

M. Ə. Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi, İstanbulun nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M. Ə. Rəsulzadənin göndərdiyi məlumatda daha dəqiq ifadə olunmuşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: "Xarici İşlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri - Məhəmməd Əmin Rəsulzadə".

M. Ə. Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi: "Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır".

O, Nazirlər Şurasının sədri F. Xoyskiyə göndərdiyi məktubda isə bildirirdi: "Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan bəy Avropaya gedir".

Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevrilmişdi. Müsavat Partiyasının yaradıcılarından biri olan M. Ə. Rəsuloğlunun xatirələri bu mənada çox maraqlıdır: "Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi...".

1918-ci il sentyabrın 15-də türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.

M. Ə. Rəsulzadə o günlərdə İstanbulda idi. O, yazırdı: "O dövrün Hərbiyyə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər:

Əmin bəy, Bakı alındı! Bu qəsa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm".

Şübhəsiz ki, Müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan parlamentinin yaradılması oldu .

Qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin çağırılması ilə əlaqədar olaraq Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" müraciətnaməsi hazırlanmışdı. Müraciətnamədə deyilirdi: "Vətəndaşlar! Müharibə və zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək".

Parlamentin ilk iclasını M. Ə. Rəsulzadə giriş nitqi ilə açdı: "Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi..." .

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentindəki bu çıxışı dəfələrlə alqışlarla qarşılandı.

Azərbaycan Parlamentində Müsavat Partiyasının bəyannaməsini təşkilatın lideri M. Ə. Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: "Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar" .

Qeyd edək ki, Azərbaycan Parlamentinin tərkibi aşağıdakılardan ibarət idi: Sədr - Topçubaşov Əlimərdan bəy, Parlament sədrinin müavini - Ağayev Həsən bəy, Parlamentin Böyük katibi - Rizayev Bağır bəy; katiblər - Hacınski Mehdi bəy və Kiçikxanov Bayram Niyazi. Parlamentin üzvləri: 1. Müsavat fraksiyası və bu qrupa qoşulanlar (lider Məhəmməd Əmin Rəsulzadə); 2. İttihad fraksiyası (lider Qara bəy Qarabəyov); 3. Əhrar fraksiyası (lider Aslan bəy Qardaşov); 4. Sosialistlər fraksiyası (lider Səmədağa Ağamalıyev); 5. Partiyasızlar; 6. Müstəqil deputatlar; 7. Sol partiyasızlar (Abdulla bəy Əfəndiyev); 8. "Slavyan-rus cəmiyyəti" fraksiyası (lideri Viktor Viktoroviç Klenevskiy); 9. Milli azlıqlar fraksiyası (lideri Lorens Yakovleviç Kun); 10. Erməni fraksiyası (lideri Arşak Arutyunoviç); 11. Daşnaksütyun fraksiyası (lideri Arşak İoanesoviç Malxazyan).

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.