Cəmiyyət

Hacıbala Abutalıbovun xoş günü

13 May 2014 12:13
Baxış: 1 746
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

13 may tarixi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ad günüdür

Azərbaycan paytaxtının meri bu gün yubiley yaşını - 70-i qeyd edir.

O, Bakının meri olsa da, Bakıda doğulmayıb... Hacıbala İbrahim oğlu Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Hacıbala Abutalıbov 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1987-ci ildə isə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.

Onun barəsindəki rəsmi məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Eyni zamanda bildirilir ki, professor H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib.

O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri işləyib.

7 ilə yaxın müddətdə elmi sahədə çalışan Hacıbala müəllimin karyerasındakı sıçrayış, daha doğrusu, dövlət qulluğunda vəzifə tutması mərhum prezident Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonraya təsadüf edir. 1995-ci ildə dövlət başçısının sərəncamı ilə Hacıbala Abutalıbov Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

5 il Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov gördüyü işlərlə ölkə başçısının yüksək etimadını qazanıb. Və 1999-ci il iyulun 20-də dövlət başçısı tərəfindən Suraxanı Rayonu İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında sərəncam imzalanıb.
Həmin sərəncamda deyilir:

"Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Məqsədyönlü fəaliyyət nəticəsində rayonda sənaye məhsullarının istehsalı ildən-ilə artır, mənzil tikintisi həyata keçirilir və ehtiyacı olanlara verilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara qayğı və hərtərəfli yardım göstərilir.

Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsini müsbət qiymətləndirərək qərara alıram:

1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayıq hesab edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yerli icra hakimiyyəti orqanları, nazirlik, komitə, şirkət, birlik və idarələr arasında yayılmasını təmin etsin.
3. Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti"

Prezidentdən yüksək dəstək alan Hacıbala Abutalıbov 2000-ci ildə baş nazirin müavini vəzifəsinə irəli çəkilib.

Bir il sonra isə o, yeni posta - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala müəllim artıq 13 ildir vəzifə kreslosunu dəyişmir.

Media daim onunla bağlı ziddiyyətli xəbərlər, şayiələr yayıb, korrupsiyada ittiham edib, prezidentin qəzəbinə tuş gəldiyini yazıb. Həmin məlumatların bir çoxunda Bakı merinin tezliklə istefaya göndəriləcəyinə dair iddialar yer alsa da, hələ ki, onların heç biri öz təsdiqini tapmayıb.

Hacıbala müəllim Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutduğu müddətdə gördüyü bir sıra işlərlə diqqət çəkib. Bakının mərkəzi küçələrində yöndəmsiz, nizam-intizamsız küçə ticarətinin ləğv olunması onun adı ilə bağlıdır. Hər il mayın 10-da Bakıda Gül bayramının keçirilməsi ənənəsini də o qoyub. Hacıbala Abutalıbov Bakının bəzi ərazilərindəki tikililərin sökülməsinə görə tez-tez ittiham olunur. O, Bakıda tez-tez atəşfəşanlıq keçirilməsinin, fəvvarə qurulmasının da ənənəsini qoyub.

Daim maraqlı açıqlamaları ilə gündəmə gələn merin personası ətrafında söz-söhbətlər davam edir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olan 70 yaşlı Abutalıbov ailəlidir, iki oğlu var.

Modern.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.