Cəmiyyət

Elektron Hesablayıcı Maşınlar Zavodu öz işçisinə haqsızlıq edib

18 Aprel 2014 10:31
0 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bizim 22 ildir mənzil hüququmuz pozulur. Həyat yoldaşım Firdovsi Həsənov 32 ildir ki, Elektron Hesablayıcı Maşınlar Zavodunda mühəndis işləyir. Bu zavoda təyinatla gəlib. Qaldığımız yataqxanadakı mənzilin bir otağını zavodda işləməyən bir şəxs mənimsəyib".

Bunu "Yeni Müsavat"ın redaksiyasına gələn Bakı şəhər sakini Sultan Həsənova deyib. Şikayətçi həyat yoldaşının işlədiyi zavodun onlara qarşı haqsızlıq etməsindən şikayətlənir:

"Bizim hazırda yaşadığımız Şıxlinski 59 mənzil 3 vaxtilə gənc mütəxəssislər üçün müvəqqəti yaşayış sahəsi kimi 3 ailəyə verilmişdi. Bizimlə birgə yaşayan Eldəniz Məmmədov 1984-cü ildə işə qəbul edilərək 7 il çalışdıqdan sonra işdən çıxdı. Buna görə də ona verilən mənzil geri alındı. Bizimlə birgə yaşayan 3-cü şəxs Şamil Şükürov da 1991-ci ildə zavoddakı işindən azad edilib. Ancaq o, fırıldaqçılıqla öz mənzili ilə yanaşı Eldəniz Məmmədovun da mənzilini mənimsəyib. Zavoddan ayrıldıqdan sonra şəxsi biznesini qurdu və zavodla heç bir bağlılığı qalmadı. l986-cı ildə ayrılmış bu yataqxana yalnız gənc mütəxəssislərə verildiyi üçün Şamil Şükürovu 96 nömrəli Mənzil Kommunal Birliyi gənc mütəxəssis olmadığına görə qeydiyyata götürmürdü.

Ancaq zavod onu saxta məktub əsasında gənc mütəxəssis kimi qeydiyyata aldı. Bu saxtakarlıq azmış kimi, Eldəniz Məmmədovun qapısını bağlayıb getdiyi otağına Şamil Şükürov pəncərədən zorla girərək bu otağı da zəbt edib. Hazırda da onun həmin otaqdan çıxarılması üçün heç bir tədbir görülmür. 2005-2007-ci illərdə dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Ancaq heç bir tədbir görülməyib. 2007-ci ildə EHM zavodu tərəfindən Şamil Şükürova 25 illik saxta əmək kitabçası verildi. O, 1985-ci ildə ümumi qaydalarla qəbul olmasına baxmayaraq, saxta sənədlər əsasında 1981-ci ildən gənc mütəxəssis kimi işlədiyi göstərilib. Eldəniz Məmmədovu qeydiyyatdan çıxarmaq üçün həmin saxta sənədləri təqdim edərək məhkəməyə müraciət edib. Mənim həyat yoldaşım Firdovsi hazırda yaşadığımız yataqxananın mənzil kimi bizə verilməsi üçün zavod rəhbərliyinə müraciət etsə də, müsbət bir nəticəsi olmayıb. Halbuki mənim həyat yoldaşım 32 ildir həmin zavodda işləyir.

O, 2-ci qrup əlildir. Özüm isə bu şəraitdə müxtəlif xəstəliklər tapmışam. 12 kvadrat metrlik bir otaqda şəraitsizlikdən bir övladımı da itirmişəm. 22 ildir bizim haqq səsimizə baxan yoxdur. Saxta sənədlərlə bizim mənzil hüququmuz pozulub. Aidiyyəti qurumlardan bizim haqqımız olan otaqların verilməsinə köməklik göstərmələrini xahiş edirik. Şamil Şükürovun o otağa heç ehtiyacı yoxdur. Onun başqa yerdə evi, maşını var. Ancaq mənim yoldaşımsa 32 ildir ki, ailəsi ilə birlikdə 12 kvadrat metrlik bir mənzildə əzab çəkir. Bir qadın kimi bu haqsızlığa fəryad edirəm və aidiyyəti qurumlardan bu haqsızlığa dur deməsini xahiş edirəm".

Məsələ ilə bağlı ittihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.