Cəmiyyət

Distant təhsil: vaxt, yoxsa bilik?

6 Mart 2014 20:24
0 Şərh     Baxış: 5 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada tədris müəssisələrinin kompyuterləşdirilməsi, internetin təhsilin müxtəlif səviyyələrində tətbiqi imkanları təhsil sahəsində yeni üfüqlər açır.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı isə yeni yaranan təhsil sistemi insanların intellektual imkanlarını dəfələrlə artırmasına, daha çox informasiyanı daha az vaxt ərzində mənimsəməyə imkan verir. Bütün bunlar da cəmiyyətdə təhsilin səmərəsini İKT-dən istifadə səviyyəsi ilə təyin etməyə imkan verir. Buna görə də, müasir dövrdə təhsil sistemi kompyuter, informasiya və telekommunikasiya texnologiyalarının imkanlarından maksimum faydalanmağa yönəlmişdir. Azərbaycanda da tətbiq olunması nəzərdə tutulan bu təhsil sisteminin tələbələrin təhsilinə nə kimi faydaları olacağını və tələbələrin bunu necə dəyərləndirəcəkləri ilə bağlı araşdırma apardıq.

Distant təhsil nədir?

Təhsilin inkişafındakı mühüm addımlar həm də onun dünya təhsili ilə ayaqlaşması ilə müəyyən olunur. Bütün bunlar Azərbaycanda distant təhsil sisteminə keçilməsinə şərait yaradıb. Qiyabi təhsil sisteminin bir növü olan distant təhsil, yəni məsafəli təhsil, həm də tələbələrin ixtisaslı kadr kimi yetişməsində mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Təhsil Mərkəzinin müşaviri Nazim Əkbərov distant təhsil sisteminin ölkə təhsilinin inkişafında böyük rolu olacağını bildirdi: "Ümumiyyətlə, distant təhsil anlayışı dünyada geniş miqyasda yayılsa da, qeyd etmək lazımdır ki, Azərbaycanda hələ ki, geniş yayılmayıb. Əvvəlcə distant təhsil anlayışına aydınlıq gətirmək istərdim. Maraqlananlar bilirlər ki, distant təhsilin əsas xüsusiyyətlərindən bir də, xaricə getmədən xarici universitetlərin diplomunu əldə edə bilməkdir. Tələbələr bu təhsil vasitəsilə həm bakalavr, həm də magistr təhsili ala bilərlər. Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur. Universitetlər tədris prosesini internet üzərindən həyata keçirərək virtual şəbəkə vasitəsilə insanların elektron təhsil almasına şərait yaradır. Dünyanın bir çox universiteti özlərinin virtual təhsil sistemini qurmaqla, tələbələrə imkan yaradır ki, heç bir əlavə xərc çəkmədən təhsil alma imkanlarına malik olsunlar".

Maddi imkansızlıq tələbələri təhsildən uzaqlaşdırmayacaq

N.Əkbərov təhsil almaq istəyən tələbələrin bu sistemi dəyərləndirmə imkanlarının geniş olduğunu bildirdi: "Distant təhsil vasitəsilə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi var. Təhsil sistemi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Distant təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək, fərdi qaydada öz biliklərini artırırlar. Bu prinsiplə dərslər tədris ilinin sonuna qədər davam edir".

Təhsil Mərkəzinin müşaviri distant təhsil alan tələbələrin, çalışma proqramının müəyyənləşdirilməsində, harada və nə zaman öyrənəcəyinə, nə zaman və nə qədər istirahət edəcəyinə, tapşırıqları necə gözdən keçirəcəyinə və s. mövzularda qərar verməkdə sərbəst olduğunu bildirdi: "İlk növbədə tələbələr ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı əldə edəcəklər. Eyni zamanda tələbələr həm oxuyub, həm də işləmək imkanına malik olacaqlar. Belə ki, internet vasitəsilə təhsil alan tələbələr istədikləri şəkildə və istədikləri zaman dərs oxuya bildikləri üçün, eyni zamanda işləmək imkanları da əldə edirlər. İşdən sonra isə asudə vaxtlarda da evdə oxuma imkanları var". Nazim müəllim bu təhsil formasının ən sevindirici tərəfinin isə, maddi cəhətdən tələbələrə olan dəstəyi olduğunu bildirdi: "Elə ailələr var ki, maddi imkanı zəifdir və övladını oxutma imkanına malik deyil. Bu ailələr çox rahatlıqla distant təhsil vasitəsilə övladlarını oxuda bilərlər. Hətta rayonlarda yaşadıqları halda belə Azərbaycanın və dünyanın bu sisteminin tətbiq olunduğu ən böyük universitetlərində təhsil ala bilərlər".

"Distant təhsilin tam tətbiqi üçün kifayət qədər texnologiyaya ehtiyac var"

Distant təhsil müxtəlif proses və formalarda, məsələn, WEB bazada təhsil, kompyuter bazasında təhsil, virtual sinif otaqları, rəqəmsal əməkdaşlıq və s. ibarətdir. Bu isə təhsilin tələbəyə internet, audio, video kasetlər, peyk rabitəsi, interaktiv TV vasitəsilə çatdırılmasıdır. Distant təhsil müəllimləri tələbələrlə kontakt baxımından iki növə ayrılır: Sinxron (eyni vaxtlı) və asinxron (müxtəlif vaxtlı). Sinxron təhsil zamanı müəllimlər tələbələrlə internet vasitəsilə, xüsusi proqramlar əsasında onlayn, yəni, internet forumlar və müzakirələr vasitəsilə birbaşa əlaqələr yaradırlar. Asinxron metod isə, tələbələrin özləri müəllim, proqram, fənn, tədris üsullarını seçməsi ilə təhsillərini davam etdirmələridir. N.Əkbərov təhsilin bu şəklinin Azərbaycanda tam tətbiqi üçün yuxarıda adıçəkilən texnologiyalara ehtiyacı olduğunu bildirdi: "Distant təhsilin üstünlüklərini qeyd edərkən belə, onun yetişdirəcəyi kadrlar ölkəmiz adına müsbət nəticələr əldə ediləcəyinin mümkünlüyünə şübhəm yoxdur. Ancaq məlum məsələdir ki, Azərbaycanda bu sistemdən hələ ki, müsbət bir nəticə gözləmək bir qədər utopikdir. Buna görə də, sistemin tam tətbiqi müəyyən qədər vaxt aparacaq kimi görünür".

"Distant təhsil qiyabi təhsil deyil"

Distant təhsil ilk olaraq qiyabi təhsil kimi görünsə də, əslində isə qiyabidən fərqləndirən xüsusiyyətləri çoxdur. Məsələn qiyabi təhsil alan tələbələr məcburdular ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbələr artıq evdə oturduqları halda bu təhsili ala biləcəklər. N.Əkbərov bildirdi ki, distant təhsil, qiyabi təhsilin geniş formasıdır: "Distant təhsilə bəzən qiyabi təhsil də deyirlər. Əslində qiyabi təhsillə distant təhsilin oxşar cəhətləri olsa da, bir çox fərqlilikləri var. Belə ki, qiyabi təhsildən fərqli olaraq distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də elə budur. Distant təhsili tələbələrin harada olmasından asılı olmayaraq almaq mümkündür. Bunun üçün ilk növbədə sürətli internet lazımdır ki, tələbə bu təhsili ala bilsin. Distant təhsil vasitəsilə tələbələr Böyük Britaniya və dünyanın bir çox digər universitetlərində təhsil ala bilərlər. Dərslər onlara verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir". Qeyd edək ki, Distant təhsil üzrə verilən dərəcələr ayrı seçkilik olmasın deyə əyani təhsilin diplomundan fərqlənmir. Bunun ikinci bir üstünlüyü isə Azərbaycanda oxuya- oxuya tələbələr eyni zamanda distant təhsilini də davam etdirə bilərlər.

Təcrübəyə gəlincə isə, müsahibim qeyd etdi ki, bu, tələbələrə veriləcək praktik layihələr əsasında təqdim ediləcək: "Nəzəriyyə qismini tələbələr elektron vəsait hesabına həyata keçirsələr də, təcrübi məsələləri də, onlara veriləcək layihə əsasında araşdırma apararaq, elektron variantını müəllimlərinə təqdim etməklə keçmiş olacaqlar". Tələbələrin evdə oturaraq məsafədən təhsil alması onları sosial həyatdan uzaqlaşdırmırmı sualına N.Əkbərov belə cavablandırdı: "Tələbənin məsafədən təhsil alması onun məsuliyyətini azaltmır. Verilmiş araşdırma mövzuları və dərslər üzərində işləsə, həmin tələbənin sosial həyatdan uzaqlaşmasına deyil, onun daha da aktivləşməsinə şərait yaradar".

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.