Cəmiyyət

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı qaldırıldı

28 Oktyabr 2010 18:21
Baxış: 5 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıdan Sumqayıta hərəkət edən marşrut avtobuslarında gediş haqqı qaldırılıb. Sərnişinlərin verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıt istiqamətində hərəkət edən marşrutlarda gediş haqqı 40 qəpik olduğu halda, artıq 3 gündür ki, gediş haqqı 50 qəpiyə qaldırılıb. Sərnişinlər "Olaylar"a deyiblər ki, marşrut avtobuslarında gediş haqqı avtovağzal rəhbərliyinin tapşırığı ilə bahalaşdırılıb.

Kompleksdə fəaliyyət göstərən Sumqayıt Avtostansiyasının rəhbərinin tapşırığı ilə gediş haqqı 50 qəpiyə qaldırılıb. Sərnişinlər bu barədə narazılıq edəndə isə stansiya rəisi marşrut avtobuslarını xətdən çıxarıb və sərnişinlər marşrutsuz qalıb. Nəticədə bir saat ərzində stansiyada minlərlə sərnişin yığılıb və sonda sərnişinlər gediş haqqının 50 qəpiyə olması ilə razılaşıb. Sərnişinlər bildirirlər ki, stansiya rəisi gediş haqqının Nəqliyyat Nazirliyi tərəfindən qaldırıldığını bildirib. Hazırda stansiyadan Sumqayıt istiqamətinə hərəkət edən marşrutların hamısında gediş haqqı 50 qəpik müəyyən edilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilənə qədər Sumqayıt Avtostansiyası metronun "20 yanvar" stansiyası qarşısında fəaliyyət göstərirdi. Yeni obyekt istifadəyə veriləndən sonra həmin stansiya da kompleksə köçürüldü və bütün marşrutlar həmin ərazidən xəttə çıxarıldı. Sərnişinlər arasında narazılığı aradan qaldırmaq üçün "20 yanvar" stansiyasından yeni avtovağzala ayrıca marşurt açıldı. Eyni zamanda həmin marşrutda gediş haqqı 10 qəpik, avtovağzaldan Sumqayıta hərəkət edən marşrutlardaisə gediş haqqı 40 qəpik müəyyənləşdirildi. Bu əhali tərəfindən müsbət qarşılansa da, qərarın icrası uzun sürmədi. Təxminən 3 ay öncə "20 yanvar"dan avtovağzala açılan 10 qəpiklik 224 saylı marşrut xətti ləğv edildi və onun yerinə 116 saylı marşrut açıldı ki, həmin marşrutda gediş haqqı 20 qəpik oldu. Bir neçə gün öncə isə Bakı-Sumqayıt marşrutlarında gediş haqlarının 40 qəpik müəyyən edilməsilə bağlı qərar ləğv edildi.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktor müavini Mehdi Niftəliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, bu barədə yayılan məlumatlar əsassızdır. Onun sözlərinə görə, hazırda Sumqayıt istiqamətində hərəkət edən marşrut avtobuslarının qiyməti 40 qəpikdir.

Sözügedən məlumatın haradan qaynaqlanması ilə bağlı sualımıza direktor müavini "yəqin kimsə boş-boşuna bu sözü deyib və bu da mətbuata çıxıb" cavabını verdi. M.Niftəliyev qeyd etdi ki, qiymətin sürücülərin rəhbərlikdən xəbərsiz qardırması da inandırıcı deyil. Çünki onlar həmişə nəzarətdədir: "Heç yaxın zamanlarda qiymətin qalxması gözlənilmir. Əgər belə bir məlumat olsaydı, bizə dərhal əmr gələrdi".

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.