Cəmiyyət

Tanınmışların toy macəraları: Aqil Abbasa niyə şillə vurublar?

8 Fevral 2010 10:15
Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın elə bölgələri var ki, cavanlar toyda dava salmaq üçün xüsusi hazırlaşırlar.

Milli.az xəbər portalı ölkənin tanınmış simalarının toy macəralarını öyrənmək qərarına gəldi.

Rauf Arifoğlu gəncliyini yaxşı xatırlamır

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu toy davalarıyla çox rastlaşıb. Amma özü belə davaların iştirakçısı olmadığını bildirir: "Belə hadisələr adətən kənd toylarında olur, şəhər toylarında rastlaşmamışam. Özüm isə heç vaxt hansısa insidentin iştirakçısı, həvəskarı olmamışam. Yəqin ki, gənclik vaxtı kənd toylarında yersiz hərəkət edənləri, dava salanları cəzalandırmaq istəmişəm. Ancaq inanın ki, indi həmin hadisələri təfərrüatı ilə xatırlamıram. Çünki o dövrdən bizi uzun illər ayırır. 17 yaşımdan kənddən çıxmışam. Ona görə də, o vaxt hansı hissləri yaşadığımı indi söyləmək mənim üçün çətindi".

Zahid Oruc toylarda da səbrini qorumağı bacarır

Millət vəkili Zahid Oruc heç vaxt toyda dava salmaq istəyində olmayıb: "Toylarda dava salmağın vacibliyini səsləndirən adamlarla tez-tez rastlaşırıq. Qaldı ki, toylarda dava salmağa, şəxsən mən heç vaxt belə istəyə düşməmişəm. İştirakçısı olduğum toylarda bəzən belə hadisələrin şahidi olmuşam. O da kiçik insident səviyyəsində olub. Yəni hansısa ciddi narahatlıq doğuran fəsadlara gətirib çıxarmayıb. Ümumiyyətlə, hesab edirəm ki, toy kimi müqəddəs hesab olunan mərasimlər insanların bir-biri üzərində gücünü sınamaq məkanı olmamalıdı. İki gəncin xoşbəxtliyə qovuşduğu gündə belə lazımsız hərəkətlərin qətiyyən tərəfdarı deyiləm".

Rəşad Məcid güllədən deşik-deşik olmuş mağar görüb

"525-ci qəzet"in baş redaktoru  Rəşad Məcid dəfələrlə davalı toyların iştirakçısına çevrilib: "Hə, rayon, kənd toylarında belə hadisələr adi hal hesab olunur. Ana tərəfim Laçındandı. Yadımdadı, deyirdilər ki, toy keçirmək üçün qurulan mağarlar toydan sonra deşik-deşik olurmuş. Toyda camaat yeyib-içəndən sonra keflənib güllə atırmışlar və nəticədə mağar elə vəziyyətə düşürmüş. Özüm də belə hallarla az rastlaşmamışam. Həm Bakıda, həm də rayon toylarında o qədər qəribə hadisələrlə üzləşirsən ki. Hətta toyda şairlərin, yazıçıların bir-biri ilə dalaşmasının da şahidi olmuşam. Amma son illərdə xalqımız daha təmkinli olmağa başlayıb. Həmçinin əvvəlki dövrlərdən fərqli, içki məsələsində də bir qədər dəyişiklik var. Kimisi dini baxışlarına, kimisi məclisinin daha sakit keçməsinə görə toyda içki vermir. Görünür bunun nəticəsidi ki, artıq toylar davalı keçmir".

Amma Rəşad Məcid özünün toyda dava salmadığını bildirir. Baş redaktor bunu xaraktercə sülhpərvər olması ilə əlaqələndirir: "Mən daha çox dava salmağa yox, davaları sakitləşdirməyə meyilli olmuşam. Düzdü, bəzən ürəyimdən dava salanı vurmaq keçib. Amma yenə də səbrimi basıb, aranı sakitləşdirməyə çalışmışam".

Bir az tələsib qeyd edək ki, yazımızın gedişatında Rəşad Məcidlə bağlı dedikləriylə ziddiyyət təşkil edən ilginc məqamlar ortaya çıxacaq.

Milli Məclisin "davakar"ı Pənah Hüseyn: "İctimai yerlərdə insident törətməklə də öyünmək olar?"

Tez-tez Milli Məclisdəki insidentləri ilə gündəmə gələn deputat Pənah Hüseyn toylarda dava salmağın qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinədir: "İştirakçısı olduğum toylarda dava salmağımı, belə həvəsə düşməyimi xatırlamıram. İctimai yerlərdə insident törətməklə də öyünmək olar? Bu tərbiyəsizlikdən başqa heç nə deyil. Nəyə görə kiminsə məclisinə qanqaraçılıq, kölgə salınmalıdır?"

Qurban Məmmədov toyda Flora Kərimovayla rəqs üstündə insident yaşayıb

Tanınmış vəkil Qurban Məmmədov minlərlə toyun iştirakçısı olduğunu, amma ciddi insidentlə üzləşmədiyni bildirir. Buna baxmayaraq, Qurban bəy kiçik insidentdən qaça bilməyib. Münaqişə də kimin üstündə düşsə yaxşıdı? Xalq artisti Flora Kərimovanın: "Yadıma gəlir, toyda törədilmiş bir cinayət işinə görə məhkəməyə çıxmışam. Sabirabadda olmuşdu, birini bıçaqlamışdılar. Vəkil kimi həmin işlə məşğul olmuşam. İştirak etdiyim toylarda yalnız kiçik insidentlər baş verib ki, bunu da dava adlandırmaq düz çıxmazdı. Çünki həmin insidentlər az qala hər toyda olan işdi. Məsələn, toyların birində Flora xanımla rəqs etdiyim vaxt biri gəlib onu əlimdən almaq istədi. Mən də onu itələdim, getdi işinin dalınca. Olur də, kimsə içir, danışığını, yerişini, sözünü bilmir. Bunlar da təbii şeylərdi. Bir dəfə də tanınmış bir adamın toyunda məşhur jurnalistlərdən birinə söz verildi. Amma o qədər içmişdi ki, nə danışdığını özü də bilmirdi. Mən də gedib qoluna girib, ehmalca bayıra çıxardım ki, xoşagəlməz prosses yaşanmasın".

Aqil Abbasa yağlı şillə ilişdiriblər

Çılğınlığı ilə ad çıxarmış millət vəkili Aqil Abbas da toylarda baş vermiş insidentlərdən yan qaça bilməyib. Aqil bəylə söhbətdə bir az əvvəl bizə toylarda dava salmadığını deyən Rəşad Məcidin də "paxırı" açıldı: "Bizdə kimsə toyda dava salsa həmin adamın başına oyun açarlar. Yaxınlarımın toyunda elə hərəkət edən adamın şalvarını çıxardaram. Belə davalar da adətən oynamaq üstündə, içkili adamlar tərəfindən salınır. Kimsə başqasından əvvəl oynamaq istəyir, deyir mən birinci sifariş vermişdim, nə bilim nə. Mən yalnız bir toyda belə bir insidentin iştirakçısı olmuşam. Hazırda içki içsəm də, vaxtilə spirtli içkiləri qətiyyən yaxına buraxmırdım. Hətta 35 yaşıma kimi, heç pivənin də dadını bilməmişəm. Şair dostlarımızın birinin toyunda içmişdik. Bir nəfərin dostlarımızla sözü düz gəlmədi və gördük ki, bu adam dava salmaq istəyir. Hadisənin çox da böyüməməsi üçün gedib ona dedim ki, kimisə döymək fikrin varsa, gəl mənə bir şillə vur, ürəyin sakitləşsin. Burda şair qardaşımızın toyudu, niyə axı qanqaraçılıq yaradırsan? O da qayıtdı mənə bir şillə vurdu. Amma bizimlə birgə olan Rəşad Məcid buna dözmədi və həmin adamı vurdu. Hətta yerə yıxıb döydü də. Sonda elə özüm ayırmalı oldum onları. Rəşada da dedim ki, biz dava düşməsini istəmirdik, davanı elə özümüz saldıq. Mən ona şillə vurmaq imkanını ona görə yaratdım ki, qoy əl çəksin, toyun səhərisi görüşüb, məsələni ürəyimiz istəyən kimi həll edək. Amma hər şey tərsinə oldu. Səhəri gün o adam mənim iş yerimə gəldi, üzr istədi. Hətta onu da dedi ki, yekə kişisiz, adamı da elə döyərlər? Ancaq mən belə şeylərə haqq qazandırmıram."

Millət vəkili deyir ki, ən pis adam toyda dava salan, içib özünü itirən adamdı: "Ona görə də çalışıram toyda, mərasimdə, ad günündə heç vaxt içki içməyim. Bunu bütün dostlarım bilir. Ola bilər ki, gedib yaxın dostlarla haradasa oturub yeyib-içərik, amma toylarda yox. Çünki arağa qalib gəlmək çətin olur. İçib hansısa səhv hərəkət edirsən, sonra onun altından çıxmaq çətin olur".

Fərhad Muxtar
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.