Cəmiyyət

Paytaxt avtobuslarının intim tarixi

16 İyul 2010 09:55
Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən əsrin son illərində Bakıda əksər məhəllələrdə binaların arxasında, nisbətən gözdən, qulaqdan uzaq bir yerdə, küknar ağaclarının arasında təkərləri deşilmiş, pəncərələrinə qara pərdələr çəkilmiş, hətta bir az, sanki, yerə basdırılmış "İkarus" markalı avtobuslar gözə dəyərdi. Əbədi sükunətə dalmış və necə deyərlər, biryolluq qaxılıb yerində oturmuş bu avtobusların qəribə sərnişinləri olurdu. Bu sərnişinlər günün müəyyən vaxtında bir-bir avtobusa yığışır, bir neçə saat "yol getdikdən" sonra qızarmış, pörtmüş halda mindikləri yerdəcə düşüb dağılışırdılar. Səhəri gün yenə həmin vaxtda, həmin dayanacaqda, həmin avtobus öz sadiq sərnişinlərinin yolunu gözləyirdi. Maraqlıdır ki, bu avtobusların sərnişinləri arasında qadınlar və uşaqlar olmazdı.

Təkərləri deşilmiş, bir az da yerə basdırılmış bu "İkaruslar" "seksin olmadığı" sovet imperiyasından yenicə ayrılan ölkəmizdə ilk pornoqrafik və erotik filmlərin göstərildiyi gizli kinozallar, bəlkə də ilk seksual inqilab ocaqları idilər. Hətta rayonlardan, kəndlərdən kişilər bu tərpənməz avtobuslara minmək üçün tökülüşüb gəlir, bu filmlərə baxaraq xeyli seksual biliklərə yiyələnir və öyrəndiklərini tətbiq etmək üçün geriyə, arvadın üstünə qayıdırdılar.  
Yazımızın hədəfi oxucularımızı 20-30 il keçmişə qaytarıb onları yenidən xəyali olaraq həmin avtobuslara mindirmək və onlara "Əlibaba və qırx quldur" filmini yenidən göstərmək deyil.

Allaha şükür ki, keçən əsrin sonlarında gizlin yerlərdə, az qala, kazarmaya çevrilmiş avtobuslarda ancaq kişilərin gördüyü cürbəcür mənzərələri bu gün Bakıda ictimai nəqliyyatdan istifadə edən hər kəs və hər gün görür. Bu yazımızda günümüzün avtobus sürücülərindən və onların mənzilbaşına daşıdıqları sərnişinlərdən danışacağıq. Bəri başdan elan edirik: biz bu yazımızda sərnişinli-sürücülü avtobusa mikrocəmiyyət kimi yanaşırıq.

Avtobusda müharibə ovqatı

Bakıda cəmi-cümlətanı ikicə dəfə avtobusa minmək yetər ki, bizim avtobus sürücülərinin əsgərlikdə tank, yaxud zirehli transportyor sürdüyünə əmin olasan; şəxsən mən, hər dəfə paytaxtda avtobusa minəndə elə bilirəm hücuma keçirik, Qarabağı almağa gedirik, hətta bir-iki dəfə sürücünün manevrləri canımdakı vətənpərvərlik hissini necə coşdurdusa, özümdən ixtiyarsız "URA!!!" qışqırmışam. Bir dəfə isə döyüş ruhum avtobusda necə kəlləçarxa çıxdısa, dayanacaqda dayanmış sərnişinləri erməni hesab edib kağız-kuğuzla dolu çantamı böyrümə sıxdım və qapılar açılar-açılmaz "Uzaq sahillərdə" filmində Mixaylonun etdiyi kimi özümü onların ortasında yerə çırpdım. Arvadlar qışqırışdılar və inanın, həmin an toz-torpağın icində uzanılı halda keçirdiyim qələbə hissini sözlə ifadə etməkdə acizəm.

Sərnişinlərinə kartof kisəsi, düyü tayı, bud qutusu kimi yanaşan sürücülər, nisbətən insaflıdırlar, onlar əsgərlikdə hərbi hissələrə yeyinti məhsulları daşıyanlardır. Ona görə adam belə sürücülərin idarə etdiyi avtobuslara minəndə özünü arxa cəbhədə hiss edir. Belə sürücülərin dünyagörüşündə sərnişini mindirmək və düşürmək anlayışı yoxdur, o, sadəcə, sərnişini yükləyir və boşaldır. Şükürlər olsun göydəki gözəgörünməzə ki, avropalılar avtobusları "özüboşaldan" düzəltməyiblər, yoxsa bizim sürücülər adamı, doğurdan da, dayanacaqda qaldırıb boşaldardılar.

Telefonda azan sədası

İndi keçək yazının siftəsində, "bismillah" hissəsində vurğuladığımız, avtobusa mikrocəmiyyət kimi yanaşmaq məsələsinə. Avtobus, doğurdan da, özünün minib-düşən sərnişinləriylə birlikdə hər gün minlərlə insanı qarşılayan və yola salan ölkəyə bənzəyir; bu xudmani ölkəni idarə edən isə sürücüdür. Paytaxtda bizi ora-bura daşıyan avtobuslara bu gözlə baxsaq, onda diktaturanın ən yekəsini, totalitarizmin ən totalını, mütləq monarxiyanın ən gönüqalınını görərik. Amerikalı yumoristin sözləriylə desək, avtobusda ən xoşbəxt adam hesab olunan bizim sürücü - çünki həmişə oturmağa yeri var - özünü sərnişinlərin həqiqi hökmdarı hesab edir. Avtobus onun üçün təkçə nəqliyyat vasitəsi deyil; o sükan arxasında istədiyi zırrama müğənniyə, mərsiyəçi xanəndəyə qulaq asa, başını pəncərədən çıxarıb özü kimi avaragor sürücülərin biriylə söyüşə, hətta zəng vurub sərnişinlərin qulağı eşidə-eşidə hansısa küçə qadınıyla qiymət dəqiqləşdirə bilər. Avtobusdan düşmək istəyən, yaxud hansısa narazılığını bildirən sərnişinlərlə əl-qolunu ölçə-ölçə, doqquzmərtəbə söyüşlərin bir neçə mərtəbəsindən istifadə edib deyişmək, minib-düşənləri arxalarınca yağlamaq da sürücülərimiz üçün qəbahət-zad deyil.

Hətta bəzi sürücülər sərnişinlərə özünün pərəstişkarları, fanatları kimi baxır. Ona görə hər gün paytaxtda sükan arxasında uzanıb, mütəkkəyə dirsəklənən, "arabes" mahnılar dinləyə-dinləyə qəlyan sümürən, sərnişinləri qarpız, yemiş tayı kimi ora-bura daşıyan sürücülərə rast gəlməkdə təəccüblü heç nə yoxdur. Hətta belə sürücülərsiz paytaxtın ictimai nəqliyyatı çox urvatsız görünür. İllah da yay gələndə avtobuslardakı milli kolorit kəlləçarxa çıxır. Maqnitofonda "polnıy xod"la şıdırığı mahnılar oxuyan xanəndə, sükan arxasında ağ maykada oturub boyun-boğazının tərini silən tüklü-müklü sürücü, bir-birilərinə yer verən, yol boyunca qız bəyənən, oğul evləndirən elat camaatını xatırladan səs-küylü sərnişinlər, bir sözlə, təkərli mağar. Bir az diqqətlə baxsan, bizim avtobus-mağarların bəy-gəlinini də görə bilərsən. Yəni bizim sərnişinlər də az aşın duzu deyillər. Kim hansı yuvanın quşudursa, avtobusa minən kimi bunu nümayiş etdirməyə çalışır; bir də görürsən yanında oturmuş kişinin altından azan sədaları yüksəlir. Azan səsini həmişə minbərdən, göyün yeddinci qatından eşitdiyimiz üçün heyrətlənirsən ki, bu müqəddəs çağırış nə üçün kiminsə altından eşidilir? Görəsən, bu adam kimdir ki, avtobusdakıları haqq yoluna altdan-altdan çağırır? Çox  keçməmiş məlum olur ki, yanında əyləşən məxluq qatı dindarın biridir və telefonunun zənginə azan səsini yazdırıb. Mesajı da avtobusdakılara budur ki, siz hamınız kafirsiniz, cəhənnəm odunda yanacaqsınız, siz yanıb qır qazanının dibinə yapışanda mən cənnətdə şərab axan çayların sahilində üç ədəd lüt huri ilə kef çəkəcəyəm, çünki aranızda yeganə Allah adamı mənəm.

Ancaq hərdən avtobuslara düz-əməlli sərnişinlər də minir. Məsələn, biri ingilis yazıçısı Cesterton. Həddindən artıq yekəpər olan bu yazıçı bir dəfə dostuna deyir: "bu gün mindiyim avtobusda çox böyük nəzakət nümayiş etdirmişəm". "Necə?"- soruşan dostuna gonbul yazıçı: "qalxıb yerimi üç adama vermişəm..." cavabını verir.           

Aqşin Yenisey
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.