Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.
Milli.Az xəbər verir ki, buna səbəb olaraq bir neçə il əvvəl Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsü ilə çıxış edib. Səbəb isə beş mərasim nəticəsində sakinlərin marketlərə 35 min manatdan çox borcunun yaranması olub.
Bu tendensiya həmçinin, Şamaxı, İsmayıllı, Oğuz, Ağsu, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Balakən rayonları və Naxçıvanın Mahmudkənd, Beyləqan rayonunun bəzi kəndlərində də davam etdirilir.
Həmin rayonlarda yas mərasimləri yalnız çay süfrəsi ilə kifayətlənir. Qeyd edək ki, ehsan verilməməsi ilə bağlı çağırışlar məcburi deyil, sadəcə tövsiyə xarakteri daşıyır və buna hər kəs əməl etməyə də bilər.
Bu yanaşma cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanır. Lakin əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha təvazökar şəkildə təşkil etməkdir.
Məsələ ilə bağlı dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu bildirib ki, İslam dinində dünyasını dəyişən şəxs üçün ehsan süfrəsi ilə bağlı konkret hökm və ya qadağa yoxdur.
Onun sözlərinə görə, bu, daha çox başsağlığına gələnlərə ev sahibinin göstərdiyi qonaqpərvərliklə bağlıdır və bölgədən bölgəyə dəyişir.
Elə problemin kökü də burdan irəli gəlir. İsrafçılığın çox olması insanları çətin vəziyyətə salır. Ölən canın qutarır, amma israfçılıq edən bəzi ev sahibləri ölümünə qədər az qalır borc ödəsin.
Ehsan daha çox dünyasını dəyişən bir şəxsin ruhuna edilən xeyirxah işlər, xüsusilə yas mərasimlərində verilən yemək, yardım və ya xatirə tədbirləri anlamında istifadə olunur. Məqsəd mərhumun ruhuna dua qazanmaq və savab qazanmaqdır.
Ehsan süfrələrinə gələnlərin əksəriyyəti maddi imkanı yaxşı olan, evində heç nəyə ehtiyacı olmayan şəxslərdir. Hansı ki, bəzən ehsan süfrəsində dua yerinə, başqa aidiyyatsız söhbətlər gedir.
Əgər kimsə həqiqətən ehsan vermək niyyətindədirsə, bu yardımını ehtiyacı olanlara yönəltməsi daha məqsədəuyğundur. Belə bir yardım həm savab qazandırar, həm də dua.
Aysel Əkbər
Milli.Az