Cəmiyyət

Qlobal iqlim dəyişiklikləri təhlükəsi: bizi nə gözləyir? - ARAŞDIRMA

13 Mart 2012 19:37
1 Şərh     Baxış: 7 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
APA xəbər verir ki, son illərdə dünyada təbii fəlakətlərin artım tendensiyası, minlərlə insanın ölümünə səbəb olan zəlzələlər, sunamilər və daşqınlar, Avropanı, eləcə də Azərbaycanı təlaşa salan anomal soyuqlar insanları müxtəlif suallar ətrafında düşünməyə vadar edir. Dünyada nə baş verir? Yer kürəsində qlobal istiləşmə, yoxsa soyuqlaşma gedir? Qlobal iqlim dəyişiklikləri daha hansı fəsadlara səbəb ola bilər?

Avropada anomal soyuqların olması isti Qolfstrim cərəyanının bu qitəyə öz təsirini azaltmasının nəticəsidir

Yerin tarixində təbii amillərin təsirindən həmişə, hətta insanların Yer atmosferinə təsirinin olmadığı dövrlərdə belə iqlim sistemində dəyişmələr mövcud olub. Günəşin və Yerin hərəkətindəki tsikllərə uyğun olaraq Yerin iqlimində təbii iqlim dəyişmələri baş verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov açıqlamasında bildirib ki, vulkan püskürmələri də Yerdə orta illik temperaturu artıra və ya azalda bilər. Bütün bunların nəticəsində qlobal istiləşmə və qlobal soyuqlaşma vaxtaşırı bir-birini əvəz edir. Tarixi müşahidələr göstərir ki, hər bir istiləşmədən sonra buzlaşma dövrü əmələ gəlir: "Əgər çoxillik dövrdə bu soyuqlar anomal xarakter alırsa, son 50-100 ildə müşahidə olunan meteoroloji parametrlər yeni rekord rəqəmlərlə təzələnirsə, deməli, bunu dünyada baş verən iqlim dəyişikliyinin fəsadları kimi qəbul etmək lazımdır. Son dövrlərdə isə bu təbii amillərin üzərinə antropogen təsirlər də əlavə olunub. Elmi-texniki tərəqqi, sənayenin inkişafı, insanların artımı, atmosferdə parnik effekti yaradan qazların ilbəil artması iqlimə təsir edir. Bu iki amilin üst-üstə düşməsi Yer atmosferində qlobal dəyişmələrə səbəb olur. Nəticədə yayda anomal və davamlı istilər, qışda davamlı soyuqlar müşahidə edirik. Bu, Yerin atmosferində mövcud olan iqlim yaradan amillərin təbii qanunauyğunluqlarının pozulmasına səbəb olur. Atmosferdə rütubət dövranı, enerji balansı pozulur, okeanlarda axınların istiqaməti dəyişir. Məlumdur ki, okeanlar iqlim yaradan əsas mətbəx hesab olunur. Okeanlarda isti və soyuq axın cərəyanları Yerin quru ərazilərində iqlimi yaradan əsas amillərdən sayılır. İstər şimalda Qrenlandiya, Arktika buzlaqları, istər cənubda Antarktika buzlaqları isə Yerin ekvatorial zonasında iqlimin, temperaturun mülayimləşməsinə səbəb olur. Bu proseslər olmasa, Yerdə bugünkü optimal iqlim olmazdı. Hazırkı soyuqlaşma da məhz o qlobal istiləşmənin nəticəsidir".

R. Mahmudov deyir ki, hazırda dünyada qlobal istiləşmə prosesi gedir, buzlaqlar əriyir, bunun nəticəsində şirin sular okean sularına daxil olur, orada sıxlığı dəyişdirir: "Avropada belə anomal soyuqların olması da onun nəticəsidir ki, Avropanın iqlimini mülayimləşdirən Qolfstrim isti cərəyanı öz gücünü, təsirini Avropaya azaldıb. Bu, yenə də qlobal istiləşmənin nəticəsidir".

Qlobal iqlim dəyişikliklərinin təsiri olaraq Azərbaycanın yüksək dağlıq ərazilərində temperatur 1,1-1,3 dərəcə artıb

Alim qeyd edib ki, dünyanın tərkib hissəsi kimi Azərbaycanda da bu proseslər müşahidə edilir: "Müxtəlif illərdə Azərbaycanda anomal istilər müşahidə edilib. Yaxud ötən ay müşahidə edilən -11 dərəcə temperatur son 110 ildə olmamışdı. Yəni ki, iqlimdə belə ekstremal göstəricilər artıq dünya rekorduna çevrilir. Bu da iqlim dəyişmələrinin təsirinin nəticəsidir. Anomal proseslərlə bağlı dünyada baş verən təbii fəlakətlərin, sel və daşqınların, tayfunların, qasırğaların dinamikasının artması təbii ki, dünya iqtisadiyyatına, əhalisinə külli-miqdarda ziyan vurur. İqlimdə baş verən dəyişikliklər Azərbaycanda da müşahidə olunur. 2010-cu ildə ölkədə kifayət qədər subasma hadisəsi baş verdi. Lakin Azərbaycanın ümumi fiziki-coğrafi şəraiti, iqlim sistemi əsas verir ki, digər dünya ölkələri ilə müqayisədə iqlim dəyişmələrinə adaptasiya prinsiplərinin işlənməsində, respublikanın təbii şəraitindən optimal istifadə etməklə gələcəkdə təbii fəlakətlərdən dəyən zərəri minimuma endirməkdə, əhalinin ərzaq təminatının təmin olunmasında daha uğurlu mövqe əldə edə bilək. Təsadüfi deyil ki, Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində 132 ölkə arasında dünyada 2-ci yeri tutub".

R. Mahmudov deyir ki, dünya üzrə orta illik temperatur ümumilikdə 14,4-14,5 dərəcə hesab edilir. Hazırda isə bu temperatur 1 dərəcə ətrafında artıb. Ancaq Arktika , Qrenlandiya, hətta Amerikanın cənubunda temperaturların orta illik normadan 2-3 dərəcə artması müşahidə edilir: "Bunun necə fəsadlara səbəb olması artıq hamı tərəfindən qəbul edilir. Azərbaycanda isə bu rəqəm 0,8 dərəcə ətrafındadır. Ancaq son 8 ildə yüksək dağlıq ərazilərdə temperaturun artması daha çox müşahidə edilir. Tədqiqatlar göstərir ki, yüksək dağlıq ərazilərdə temperatur 1,1-1,3 dərəcəyə qədər artıb. Bu problemi təkcə ekoloqların boynuna atmaq olmaz, dünya iqlimşünasları və iri dövlətlərin rəhbərləri bu prosesdən kənarda qalmamalıdır. Biz təbii amillərdən baş verən dəyişmələri elmi əsaslarla proqnozlaşdıra bilərik. Bununla da dəyən zərərləri minimuma endirmək və antropogen faktorların iqlimə təsirini azaltmaq olar".

Bu əsrin 50-ci illərinə qədər Yer kürəsində temperatur daha 6-7 dərəcə qalxacaq

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov isə açıqlamasında bildirib ki, kainat 14 milyard il əvvəl əmələ gələndən, Günəş sistemi yaranandan indiyə qədər Yerin ümumi iqlimində ümumi inkişaf istiqaməti aşağı gedir, bu o deməkdir ki, Yer kürəsi getdikcə soyuyur. Amma soyuma ümumi prosesdir. Yerin iqlimi bütövlükdə milyonlarla il davam edən buzlaşma dövrlərindən və bu dövrlər arası qısa müddətli istiləşmə periodlarından ibarətdir. Keçmişdə Yer iqliminin necə dəyişdiyini bilmək üçün informasiyalar təbiət arxivlərindən əldə edilir: "Yer və onun atmosferi arasıkəsilmədən kosmik şüalar tərəfindən bombardman edilir. Həmin şüalar yüksək enerjili ağır ionlardan ibarətdir. Yer atmosferini bombardman edəndə atmosferdə ionlaşma gedir. Bu, Yerin bulud qatının əmələ gəlmə prosesinə təsir eləyir. Beləliklə də, bombardman nəticəsində atmosferdə ağır izotoplar əmələ gəlir. Atmosfer və okean sirkulyariyaları nəticəsində bu izotoplar okeana və yerə çökür. Söhbət o izotoplardan gedir ki, onların dayanıqlığı kifayət qədərdir və parçalanma periodu min, hətta milyon illərlə ölçülür. Bu izotopları oxuyub öyrənməklə Yerin iqliminin keçmişdə necə olduğunu bilmək mümkündür".

N. Cəlilovun sözlərinə görə, BE10 və C14 izotopları yerin iqlimi ilə bağlı daha artıq informasiya verir: "İqlimdə bir neçə min illik və daha böyük dövri dəyişikliklər baş verir. Hazırda iqlimdə qlobal istiləşmə periodu gedir. Biz hazırda Yerdə son buzlaşma dövründən sonrakı Holosen adlandırılan istiləşmə dövründə yaşayırıq. İqlimdə hər 3-4 min ildən bir 1500-2000 ildən ibarət qəfil istiləşmə olur. Bunların səbəbi indiyədək məlum deyil. Yer iqlimi ilə məşğul olan mütəxəssislər belə fikrə gəliblər ki, bunun kökünü Günəşdə axtarmaq lazımdır. Günəş olmasaydı, Yerə gələn kosmik şüalanmanın sıxlığı təqribən eyni olardı. İqlimdə də həmişə müəyyən səviyyə müşahidə edilərdi. Amma Yerə çatan kosmik şüaların və Günəşdən gələn hissəciklərin hesabına Yerdə iqlim dəyişir. Günəşdə baş verən proseslər dövrü olduğundan bu, Yerdə iqlimin dövriliyinə də gətirib çıxarır. Günəş Yerin yeganə işıq və istilik mənbəyidir. Günəşin mərkəzində nüvə reaksiyaları gedir, nəticədə maqnit rezonansının fırlanma qravitasiya dalğaları əmələ gəlir. Bu o deməkdir ki, günəşin mərkəzində gedən nüvə reaksiyasının sürətinə yaranmış maqnit qravitasiya dalğaları təsir eləyir. Yəni, bu reaksiya gah yavaşıyır, gah da sürətlənir. Günəşin şüalandırdığı inteqral enerji də bir neçə min il periodla azala və arta bilər. Bu, Yerdəki qlobal iqlim dəyişkənliklərinin birbaşa izahı deməkdir".

Alimin sözlərinə görə, hazırda iqlimdə qlobal istiləşmə müşahidə edilir: "İqlimdə təqribən 150 il əvvəl son dövri dəyişiklik baş verib, bu əsrin 50-ci illərinin ortalarına qədər bu istiləşmə maksimum pikinə çatacaq. Bu elə bir prosesdir ki, başlanğıcı təqribən 200 il ərzində öz maksimumuna qalxır. Sonra isə təxminən min ilə yaxın tədricən sönür. Yəni təqribən 50-ci illərin sonu-60-cı illərə qədər hazırda müşahidə olunan qlobal istiləşmə davam eləyəcək, Yer kürəsində orta illik temperatur daha 6-7 dərəcə yüksələcək, sonra proses tədricən sönməyə doğru gedəcək".

Bu ilki qar ehtiyatı qısa müddətə əriməyə başlasa, Kür və Araz çaylarında 2010-cu ilin subasması təkrar oluna bilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Ramiz Məmmədov isə bildirib ki, dünyada baş verən hadisələri iqlim dəyişmələrindən daha çox, qısamüddətli iqlim anomaliyaları hesab etmək lazımdır: "Dünyada iqlim dəyişmələri ilə bağlı müxtəlif fikirlər var. Ən geniş yayılan fikir odur ki, hazırda iqlimin intensiv istiləşməsi gedir. İki başqa nəzəriyyə də var. Bunlardan biri odur ki, əksinə, biz buzlaşma dövrünə doğru gedirik. Üçüncü fikir isə budur ki, burada qeyri-adi heç nə yoxdur. Bu, sadəcə iqlim anomaliyalarıdır. İqlim dəyişmələrinə daha çox üç aspektdə - siyasi, maliyyə və elmi nəticələrin yarışması şəklində baxılır. Buna görə də bu aspektlərdən hər birinə ehtiyatlı yanaşmaq lazımdır. İstiləşmə və soyuqlaşma Yer kürəsində həmişə olub. Zaman miqyasında bunlar uzun müddətlərdən bir olur. Şimalda buzların əriməsinin Yer kürəsində istiləşməyə səbəb olması da mübahisəlidir. Fiziklərin izahına görə, buzların əriməsi maddənin bir aqreqat halından digərinə keçilməsidir, bu zaman istilik ayrılmır".

R. Məmmədov qeyd edib ki, bu anomaliyalar həmişə olub. Əsas olan isə belə anomaliyaların təsirinə hazır olmaqdır: "Məhz buna görə də ekoloqlar və iqlimşünaslar üçün dekabrın 1-dən başlayan və martın 1-də başa çatan təqvim qışı anlayışı ilə yanaşı, iqlim qışı anlayışı da var. İqlim qışı anlayışı həmin il üçün gözlənilən ekstremal halları nəzərdə tutur. Məhz müvafiq qurumlar bu ekstremal hallara hazır olmalıdır. Bu il qar ehtiyatı çox olduğundan Azərbaycanda Kür və Araz çaylarının daşması ehtimalı çoxdur. Qar ehtiyatı qısa müddətə əriməyə başlasa, 2010-cu ilin subasması təkrar oluna bilər".

Azərbaycanda iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri Müslüm Qurbanov isə bildirib ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir: "Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq. İlk növbədə ölkədə risklərin idarə olunması planı və iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır. Belə olsa, gələcəkdə bizim üçün ağrısız olar".

İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. "Oxfam" humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofizik fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən o qədər də dəyişməyib. Amma eyni zamanda subasma və qasırğaların sayı nəzərə çarpacaq dərəcədə artıb. Təbii fəlakətlərin nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir. Proqnozlara əsasən, 2015-ci ildə belə fəlakətlərdən zərər çəkən insanların sayı 1,5 dəfə artacaq və bu rəqəm 375 milyon nəfərə çatacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.