Gəlişimizdən hədsiz sevinən Murad məqsədimizin təkcə istirahət olmadığını bilib daha da şad oldu. Yəqin sizə də məlum oldu ki, istəyimiz həm də fotosessiya etmək idi. Bir neçə dəqiqənin içində hazırlanan M.Sadıx məkan olaraq nənəsi Ədilə xanımın göz bəbəyi kimi qoruyub qulluq etdiyi bağçanı təklif etdi. Razılaşmaya bilməzdik. Meyvə ağacları əhatəsində təbiət şəkillərini başqa nə əvəzləyə bilərdi ki?
Fotosessiyamızın ən qızğın məqamında Rəna xanım əziz oğlunun yaxın dostlarından biri rəqqasə Oksana Rəsulovanın hədiyyə etdiyi Samuray papağını da gətirir ki, daha maraqlı görüntülər əldə edək. Onu da qeyd edək ki, Muradın atası Sadıx müəllim peşəkar rəssamdır. Bu səbəbdən də həyətdə onun boya ilə çəkdiyi və canlıdan heç də seçilməyən itin əksi diqqətimizdən yayınmadı. İnsanların vəfalı dostu ilə Muradın bir neçə fotosunu çəkdik.
Asudə vaxtlarını domino və nərd oynamaqla keçirən Murad çimərliyin bir addımlığında yaşamasına baxmayaraq, elə də dəniz həvəskarı deyil. Müğənni deyir ki, bəzən sübh çağı sakitçilik olan zaman o, ailə üzvləri ilə dəniz kənarına gedib ləpələrə baxmaqdan zövq alır.
Çəkilişimizi tamamlayırıq və xahişimizi yerə salmayan Sadıx müəllim bizi çimərliyə də aparır. Dəniz mövsümünün çoxdan başlamasına baxmayaraq, Murad ilk dəfə suya baş vurdu. Xahişini nəzərə alıb çimərlikdə fotolar çəkmədik. Amma pərəstişkarları onunla foto çəkdirməkdən ötrü sanki bir-biriləri ilə yarışdılar.
Bir gün çəkən səfərimizdən xeyli məmnun qalsaq da, növbəti dəfə yaxın dostumuzun evində qonaq olmaqda qərarlıyıq. Atasının divarları bəzəyən rəsm tablolarını çəkmək, Muradın şəxsi arxivindən fotosessiya etmək istəyi yəqin ki, yaxın günlərdə bizi Novxanıya qaytaracaq.
















































