Onun hər dəfə ifasını dinləyəndə sözün həqiqi mənasında musiqinin, ifanın sehrinə düşürsən. Söhbət çox istedadlı sənətçimiz Sahib (Qazaxlı) İbrahimovdan gedir. Sahib Qazaxlının repertuarında olan "Belə qəmli dayanma" retro musiqimizi dinləyərkən insan bir anlıq sənətçinin ruh dünyasına düşə bilir. Elə bizi də bu ifa məcbur etdi ki, onunla həmsöhbət olaq. Qonağımız Sahib İbrahimov oldu. Onunla sənət aləmindən danışdıq.
- Sahib, sənətin var, repertuarın mükəmməldir. Çox səliqəli ifan barədə də danışmağa ehtiyac yoxdur. Bəs nəyə görə gündəmdə deyilsən? Problem nədədir, səndə, yoxsa bugünkü sənət mühitində?
- Çoxlarının Sahib Qazaxlı kimi tanıdığı müğənninin həm obyektiv, həm subyektiv səbəbləri var. Mənim bu gün populyar olmamağımın bir çox səbəbləri var. Subyektiv odur ki, bizim kimi təhsil alan sənətçilər o zaman sənət aləminə, peşəkar səhnəyə gələndə qazanc üçün gəlmirdik. Sənəti əxz eləyib tamaşaçıya, xalqa yaxşı bir səviyyədə təqdim etməyi düşünürdük. Hərəmiz bir məmləkətdən, hərəmiz bir kənddən paytaxta gəlirdik ki, sənətə xidmət edək. Məktəb görən, elm görən, eyitim görən sənətçilərdə abır-həya olur. Şəxsən mənim qarşımı kəsən, mənə bir çox hallarda problem yaradan abır-həyam olub. Ustad sənətkar hansısa bir məclisdə iştirak edəndə mən onun qarşısında əlimə mikrofon alıb götürməyə utanırdım, ehtiyat edirdim, hörmət edirdim. İndi o zaman deyil. O zamanlar biz reklama önəm vermirdik. Heç bilmirdik o nə deməkdir. Sən demə, sənətçinin populyar olmağı üçün reklam lazımdır. Bunu bu gün başa düşmüşəm. Reklam sənətçinin karyerasında böyük rol oynayırmış. Əgər təbliğatın güclü deyilsə, reklamın zəifdirsə, sən tanınmırsan, səni bir sənətkar kimi qəbul etmirlər, problem bundadır. Ancaq ən böyük qəbahəti elə özümdə görürəm.
- Qəbahətin, qüsurun harada olub?
- Həddindən artıq sənət aləmində utancaqlığım. Abır-həya saxlamağım, böyük-kiçik yeri bilib çox vaxt susmağım məni sənət aləmində göydən yerə vurub. Bunları qorumuşam deyə, geri qalmışam.
"4 il Qarabağ müharibəsində döyüşmüşəm"
- Bu gün peşmansan sənət aləmində abır-həya saxladığına?
- Bilirsiz, necə peşmanam. Özüm-özümü məhkəməyə verirəm, çarmıxa çəkirəm, özüm-özümə güllələmə kəsirəm, özüm-özümü qınayıram. Mən efirə professional səhnəyə çıxmaq məqsədilə gəlmişəm. İndiki müğənnilərin dilində bu söz dəbə düşüb, professional səhnə deyirlər. Deyirəm ki, ay əzizim, ay bacım-qardaşım, bir klip çəkdirməklə, bir mahnı tutuzdurmaqla professional səhnədə olmursan. Televiziya professional səhnə deyil. Sadəcə, televiziya simanı, vizual görünüşü xalqa çatdırmaq üçün vasitədir. Tamaşaçı efirə baxanda görür ki, filan mahnını oxuyan müğənninin üzü budu, bu filankəsdir. Axı televiziya sənətçiyə səs vermir, sənət vermir. O, sadəcə, tamaşaçıya o sənətin sahibini göstərir. Ona imkan yaradır ki, xalq onu tanısın. O qutunun içində olan üzü görürsən. Professional səhnə başqadır. Mən Mahnı Teatrının solisti olmaq üçün 4-5 ay sınaq müddəti keçdim. Ondan sonra məni teatra qəbul etdilər. İlk dəfə 1996-cı ildə professional səhnəyə çıxmışam. Elə müharibədən sonra da Azərbaycan Dövlət Televiziyasında çalışmağa başladım. Ondan öncə 4 il Qarabağ müharibəsində döyüşmüşəm. Əgər efirə professional səhnə deyirlərsə, mən 1996-cı ildən bu səhnədəyəm. Özümün səhlənkarlıqlarım çox olub. Bu gün başa düşürəm ki, belə olmaq lazım deyilmiş. Bir balaca da olsa haqqını tələb etmək lazımdır. Mən haqqımı heç vaxt tələb etməmişəm. Buna görə də özümü çox geriyə salmışam. Biz də belə tərbiyə almışıq, böyük-kiçik yerini qoruyan, sənətdə mənəm-mənəmlik iddiasında olmayan. Günü bu gün də mən özümü gözə soxmağı bacarmıram. Həmişə məsafə saxlamağa çalışmışam. Səhnədə də həmişə məsafəni, böyük-kiçikliyi nəzərə almışam. Səhnədə olanda tərəf-müqabilimi mütləq düşünmüşəm. Xaricdə, Rusiyada olan konsertlər olub ki, orada tərəf-müqabillərimlə çıxış edərkən görmüşəm ki, yanımdakının səsi işləmir. Həmin mahnını lazımi şəkildə ifa etməyə gücü çatmır. Onda mən də çalışmışam ki, çox zilə qalxmayım. İfa zamanı lazım olan xırdalıqları etməyim. Hansısa bir muğamı ifa edərkən hansısa bir cəh-cəhi, zənguləni vurmayım. Bunları etməmişəm ona görə ki, tərəf-müqabilim pis vəziyyətdə qalmasın.
- Bununla özünə pislik etmiş olmamısan ki? Bir başqası bunu sənin üçün edərdi?
- Bu gün başa düşürəm ki, düz etməmişəm. Səhnəyə çıxdın, bu, bir meydandır. Özünü göstərməlisən. Səhnə də bir döyüş növüdür. Burda özünü göstərməlisən. Ya uduzmalısan, ya udmalısan. Sənət döyüşünün də öz qanunları var. Mən çox vaxt bu döyüşdə potensialımı tam ortaya qoymamışam, səs imkanlarımı lazım olan yerdə göstərməmişəm. Sən insanlıq edirsən, tərəf-müqabilini pis vəziyyətdə qoymamaq üçün öz bacarığını kölgələmiş olursan. Ancaq sabah o, imkan tapanda səni vurur.
- Şou-biznesin çirkablığı, sənət aləmində səsi olmayanların səhnəni zəbt etməsi barədə tez-tez danışırdıq. Son vaxtlar isə yavaş-yavaş dövlət tərəfindən də sənət aləminə nəzarət başlayıb. Yəni səsi, istedadı olan müğənnilərimizə qapı açılır. Səncə, bu sənin də zamanın deyilmi?
- Artıq özümə söz vermişəm ki, bu ildən "rasskrutka" deyilən bir söz var, o taktikadan istifadə edim. Artıq mən də başlamışam "rasskrutka"ya. Çünki yaş gedir. Zaman keçir, insan yavaş-yavaş səhnədə qocalır. Səhnə isə gəncliyi sevir. Ona görə də bu illəri qiymətləndirmək, dəyərləndirmək lazımdır. Bu gün hesab edirəm ki, mən illərimi itirmişəm. Gənclik olduqca, sevgi olduqca sənəti ürəklə göstərə bilirsən. Çünki bizim sənət sevgiylə, eşqlə bağlıdır. Eşq, ürək, səs və beyin. Bunlar vəhdət yaradır. Bu olmasa, mümkün deyil. Mənə elə gəlir ki, artıq ciddi musiqilərə, retro-bəstələrə daha böyük maraq yaranıb. Sənət aləmi, ciddi musiqilər öz dövrünü yaşayır. Ölkənin birinci xanımı Mehriban Əliyeva sənətə qiymət verir. Onun dəstəyi sahəsində muğama, ciddi musiqiyə maraq çoxalıb. Gənc istedadlı uşaqlarımız var ki, bu muğam müsabiqəsində üzə çıxarıldı, onlara şərait yaradıldı ki, imkanlarını göstərsinlər. Mənim 15 ildə qazana bilmədiyim populyarlığı onlar bir neçə aya qazana bildilər. O gənclər şou-biznesimizdə olan yalançı istedadı olan, populyar müğənnilərimizdən qat-qat istedadlıdırlar. Hətta "Xalq ulduzu", "Yeni ulduz" müsabiqələrində də istedadlılar üzə çıxdı. Qoy bu müsabiqələr lap SMS yolu ilə keçirilsin. Ancaq istedadı, səsi olanı xalq görür. Mənim kimi bir müğənninin 15 ildə əldə edə bilməyəcəyi reytinqi o istedadı olan gənc əldə edirsə, bunun nəyi pisdir?
- Həm də pedaqoqsuz. Bu gün hamı sənət naminə sənətə uz tutur, ya ucuz, cılız yolla populyar olmaq, imkan qazanmaq, bahalı maşına, evə sahib olmaq üçün müğənni olmaq istəyirlər?
- Bilirsiz, hansı zamana gəlib çatmışıq? Hamı deyir ki, elə bir yerdə yıxılım ki, heç yerim ağrımasın. Bizim sənətə gələn dövrümüzdə belə deyildi. Mən o arzu ilə yaşamışam ki, musiqi təhsili alandan sonra, hərbi xidmətimi edim, sonra Asəf Zeynallı adına təhsil ocağına daxil olum, sənətin sirlərini tam mənimsəyim, ciddi musiqilər ifa edim, sənətkar olum. İndi isə sənətə gələnlərin 99 faizi düşünür ki, mən nə edim ki, bir-iki ilə populyar olum, maşınım, villam olsun. Məni bütün Azərbaycan tanısın.
"Fikirləşirlər ki, qızı müğənni olsa, bahalı maşında gəzəcək, dəbdəbəli evi olacaq"
- Yəni bu gün populyar dediyimiz müğənnilər efirlərdə çıxıb maşınlarını, villalarını, imkanlarını nümayiş etdirərkən, gənclərin psixologiyasına təsir edirlər?
- Birbaşa bu, gənclərin psixologiyasına təsirini göstərir. Hələ gənc qızlarımızı demirəm, kişilər ucuz reklamlara can atırlar. Şou-biznesdə olan bir çox kişilər çox üzr istəyirəm, öz yataq yerini millətə göstərir. Efirdə utanmadan deyir ki, bura mənim yataq yerimdi. O populyar kişi müğənniləri yataqlarını, paltarlarını, maşınlarını tamaşaçıya nümayiş etdirirlər. Bir şeyi unudurlar ki, bu paltarı da, idarə etdiyi maşını da, oturduğu evi də xalqın pulu ilə alıblar, indi onu xalqın gözünə soxmaq istəyirlər ki, mənim belə imkanım var. Ayıbdır! Bu, cılızlıqdır! Azərbaycanın elə oğulları var ki, elə evin, maşının beşini birdən ala bilir, səsini çıxarmır. Mən hələ kişilərdən danışıram, xanımları demirəm. Gənc qızlarımız səsi olan-olmayan sənətə gəlir, müğənni olmaq istəyir. Qızlarımız var ki, 16-17 yaşı var, anası deyir ki, mütləq müğənni olmalıdır, populyar olmalıdır. Halbuki gözəl-göyçək, tər-təmiz qızdı. Deyirəm ki, ay anam, ay bacım, qızınızın səsi yoxdu, onun illərini niyə boşa xərcləyirsiz? Qoy bu sənətin dalınca getməsin. Bu qız bir evin anası, bir evin ailə başçısı ola bilər. Deyir ki, yox, müğənni olmalıdır. Onlar elə fikirləşirlər ki, müğənni oldusa, mütləq qızı bahalı maşında gəzəcək, dəbdəbəli evi olacaq, tanınacaq. Axı hamı bilir ki, təkcə səslə, sənətlə varlanmırlar. Mən hələ də başa düşə bilmirəm ki, sənətçilər niyə imkanlarını göstərməyi sevir?
- Bəlkə sizin də elə imkanınız olsa, göstərərdiz...
- Bəzən mənə deyirlər ki, səndə olsa, sən də göstərərsən. Ancaq yox, heç vaxt göstərməzdim. Kişi yatağını, paltarını kimsəyə göstərməməlidir. Yataq otağı şəxsi həyatıma aiddir. Onu nümayiş etdirmək ədəbsizlik, əxlaqsızlıqdır. Mən onu bacarmaram, bunu özümə yaraşdırmaram. Yataq yeri müqəddəs bir yerdir, ora yalnız sənin şəxsi həyatına aiddir. Ora həmişə gizli qalmalıdır.
- Bəs səncə niyə sənəti olmayanlar daha tez populyar olurlar?
- Bu, artıq təbii qəbul olunub. Mən də sənət taleyimlə, bugünkü mövqeyimlə artıq barışıram. Efirə çıxanda mən işlədiyim məkanları əlimdə əsas tutub desəm ki, vaxtilə mən Rəşid Behbudov adına Mahnı Teatrında, digər ciddi mədəniyyət ocaqlarında çalışanda sizlər yox idiniz, hətta sizi o qapının kandarına belə buraxmazdılar, deməli, mən zəif adamam ki, o imkanlardan düzgün istifadə etməmişəm. Özlərinə populyar deyən o müğənnilər o vaxt mənim çalışdığım musiqiçilərlə, musiqi ocaqlarında oxuya bilməzdilər. Ancaq mən oxuyurdum. Bütün bunlara baxmayaraq isə bu gün onlar populyardır. Mən isə o qədər tanınmıram. Yenə də onlar məni vurub-keçdilər. Deməli, mən zəif adamam, onlar isə qoçaqdırlar. Bununla da barışıram. Bu gün mən hər hansı bir televiziyanın qapısını döyəndə, deyirlər ki, tanımırıq, populyar deyilsən. Deməli, bu mənim öz günahımdır, səhvimdir.
"Nevroz olduğum üçün normal yata bilmirəm"
- Televiziya ilə bu gün də problemlərin var. Nə deyirlər, səsin, istedadın, repertuarın əsl sənətkara lazım olan şəkildədir. Hansı qüsuru əsas tutub efirə çıxmağa imkan yaratmırlar?
- Səsi olmayanlara bu gün qapılar açıqdır. Problem ondadır ki, mənim sənətə gəlişim pis dövrə təsadüf etdi. Keçid dövrünə. Mənim gəncliyim çox pis dövrə düşdü. Qarmaqarışıqlıq oldu. Mən 22 yaşında müharibəyə getdim, 26 yaşında qayıtdım. Bu 4 ilin özünün insan həyatında, xüsusilə də bir sənətçinin həyatında böyük önəmi var. Bu dörd il mənim psixologiyama ağır zərbələr vurub. Dörd il elə də kiçik zaman deyil. Müharibədən söhbət gedir, orada əsəb, gərginlik, qorxu, müharibənin dəhşəti. Mən əsgərlikdən gələndən sonra bir il səsim işləmədi. Bu, müharibənin mənim psixologiyama vurduğu zərbə idi. Səsim tamamilə batmışdı. Günü bu gün də o zərbənin acısını çəkirəm, əsəblərim yerində deyil. İldə iki-üç dəfə əsəbdən müalicə alıram. Dörd ildə indiki şərait, əmin-amanlıq olsaydı, bəlkə də mən dediyiniz mövqeyimi tuta bilərdim. Sənət aləmində sözümü vaxtında çatdırardım. Mən bu gün nevroz olduğum üçün normal yata bilmirəm. Xüsusilə də noyabr aylarında. Mən kommersiya xarakterli efirləri əslində alqışlayıram. Ona görə ki, bu, bir bazardır, deyir ki, açmışam. İstəyirsən, gəl al. Pulun var, gəl, efir məkanını götür, pulun yoxdur, xoş getdin. Digər kanallar da var ki, o da səni bir dəfə çağırır, bir də beş aydan sonra yadına düşürsən. Deyirsən ki, yaxşı, gəlim oxuyum, deyir ki, keçən ay oxumusan. Kommersiya xarakterli kanalın da öz qanunu var. Deyir, pulun yoxdursa, mən neyləyə bilərəm sənin üçün?
"Desinlər, sənin filan yerin xarabdır, oranı düzəltdirim"
- Pulun yoxdur, ancaq yerinə sənətin var axı...
- Yaxşı, başınıza dönüm, mən neyləməliyəm? Gedirəm deyirəm ki, qardaş, sənə qurban, bu, mənim yarımsaatlıq konsertimin diskidir. Soruşuram ki, nə "pritenziya"nız var? Mahnı xoşunuza gəlmirsə, dəyişim. Aranjemanı bəyənmirsizsə, təzələyim. Zahiri görünüşüm pisdirsə, onu da düzəldim. Nə deyirsiz, onu düzəldim. Ya da deyin ki, sən səhnəyə yaraşmırsan, sənin filan yerin xarabdır, oranı düzəltdir, gəl. Ya da səsin yoxdur, bu sənətdən uzaqlaş. Klipim pisdirsə, başqasına, daha peşəkarına çəkdirim. Məsələ burasındadır ki, bunların önəmi yoxdur. Önəmli kommersiya bazarında pulun olmağıdır. Düzdü, sağ olsunlar, dəvət edirlər.
- Bəs niyə o bazara girmək istəmirsən?
- Mən o bazara girmək istəmirəm. Ancaq sənətimi nümayiş etdirmək istəyirəm. Yəqin repertuarımı izləyirsiz. Mənim oxuduğum nədir, retro musiqilər. O mahnılar ki, 30-40 il bundan qabaq ifa olunublar. Son 15 il ərzində o mahnılara müraciət olunmayıb. Yeni mahnılarım da var. Ancaq istəyirəm ki, unudulmuş mahnıları da ifa edim. Tahir Əkbərin bir mahnısı var - "Gülüb getdi".
(Yeri gəlmişkən müsahibimiz mahnıların adını çəkdikcə, ara-sıra onlardan bir parçanı da canlı ifa edirdi və hər mahnını ifa edərkən ruhu ilə onu yaşadığını nümayiş etdirirdi. Bu, bir daha Sahib Qazaxlının sənətə olan vurğunluğunun göstəricisi idi).
- Elə bir mahnı varmı ki, o sizin həyatınızdan danışır?
- (Fikrə gedib düşünür). Var. Ümumiyyətlə, çox mahnılar var ki, mənim ürəyimdən xəbər verir. Şəfiqə xanım Axundovanın "Nədən oldu" mahnısı var ki, bu mahnını eşidəndə günü bu gün də həvəslə qulaq asırlar. "Unuda bilmirəm" məşhur retro musiqisi var ki, deyilənə görə, pis oxumamışam.
- Sanki sevgin daşa dəyib...
- Ümumiyyətlə, mən romantik insanam. O sevgisiz oxumaq çox çətindir. Sevməyərək belə mahnıları ifa etmək mümkün deyil. Hər hansı bir mahnını oxumuşamsa, orda sevibən ifa etmişəm deyə, pis alınmayıb. Sənətkar onu ruhu ilə yaşamayıbsa, o mahnını mükəmməl ifa edə, tamaşaçıya sevdirə bilməz. Müəyyən milizmalar, xırdalıqlar var ki, müğənni onu ifa edərkən obraz yaratmalıdır. İfa etdiyin 4-5 dəqiqə ərzində sən o obrazı elə inandırıcı ifa etməlisən ki, dinləyici mahnının ruhunu tuta bilsin. Mahnıda deyilir, müraciət edirəm ki, "görüşünə gəlmişəm, belə qəmli dayanma, sevənlərindi dünya, belə qəmli dayanma". Bunları yaşamadan, obrazlı şəkildə ifa etmədən tamaşaçı diqqətini çəkmək mümkün deyil. Azərbaycanda bu mahnını iki böyük sənətkarımız obrazlı şəkildə təqdim edə bilib. Biri Əbülfət Əliyev, biri də Məmmədbağır Bağırzadə. Mən onlardan bəhrələnmişəm.
- Uzun müddət Muğam Teatrında çalışdın. Eşitdiyimizə görə, incik düşmüsən. Səninlə bir müddətdə ora gələnlər Əməkdar artist fəxri adına layiq görüldülər. Gözləyirdin o adı?
- Hə, uzun müddət orda çalışmışam. Heç vaxt haqsızlığa dözə bilməmişəm. Bəlkə də sənət aləmində uğursuzluqlarım da bununla bağlıdır. Haqsızlığa susa bilməmişəm. Bir dostum var, deyir ki, sən uzun müddət bir yerdə çalışırsan. Vaxtı gələndə ki orda ad verilir, yaxud qabağa getmək mümkündür, sən oranı tərk edirsən. Deyəsən, bu dəfə də olub. Amma deyim ki, gözləmişəm, yox. Mən həmişə sənətimə hörmət etmişəm və düşünürəm ki, nə vaxtsa yaradıcılığım qiymətləndiriləcək. Heç vaxt şan-şöhrət, fəxri ad arxasınca qaçmamışam. Teatrdan da uzaqlaşmağımın yalnız bir səbəbi olub, haqsızlıq. Əgər məndən güclü, məndən istedadlı, səsi olan sənətçiyə qiymət verirlərsə, mən heç vaxt buna paxıllıq etməmişəm. Ancaq məndən sonra gəlib hələ sənətdə sözünü deməyən, səsi olmayan kimisə məndən önə çəkirlərsə, buna göz yuma bilməzdim. Bir şeyə də əminəm ki, Mehriban xanım əsl sənətkarlara, istedadı olanlara dəstəyini əsirgəmir.
Tahirə Məmmədqızı
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Müğənni Sahib Qazaxlı: "Kişinin efirdə yatağını, paltarını nümayiş etdirməsi ..."
30 Mart 2010 09:45
Baxış: 17 618

DİGƏR XƏBƏRLƏR
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
-
"Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir - FOTO
-
"Kişi ciddi, qadın boşboğaz olmalıdır"
-
"Oğluma dedim ki, o qızı bədbəxt etmə"
-
Tolikin uşağının anası görün kimdir? - özü açıqladı - VİDEO
XƏBƏR LENTİ
-
Yamalın dəyəri fantastik həddə
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Gecənin "bomba" xəbəri: Osimhen uğrunda mübarizə qızışdı
-
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Günün qoroskopu:
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Kimlər qurban kəsə bilər? - VİDEO
-
Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
-
Əməkdar artisti vəfat etdi - FOTO
-
Bu şəxslər yenidən həbs oluna bilər
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Dünya çempionatında daha bir komanda - tarixdə ilk dəfə
-
Qurban ətindən kabab etmək olarmı? - Çoxlarını maraqlandıran cavab
-
Xankəndidə “parad”da iştirak edənlərin adlarını açıqladı - məhkəmə
-
Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb" - FOTO
-
Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi
-
Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi
-
Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
"Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir - FOTO
-
Bu dəfə maksimum balı onlar topladı - Siyahı
-
"Kişi ciddi, qadın boşboğaz olmalıdır"
-
Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı