Şou-biznes

Müğənni Rüfət Axundovla aparıcı qırğına çıxdı - FOTO

21 Aprel 2014 17:54
1 Şərh     Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rüfət Axundov: "Videodakı şəxs mən deyiləm"

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, şou məkanında yeni qalmaqal hər kəsin diqqətindədir. Belə ki, bu günlərdə "Space" kanalında yayımlanan "Şou+" verilişinin qonağı olmuş müğənni Rüfət Axundov studiyanı tərk edib. Buna səbəb isə R.Axundovun gecə klubunda naməlum xanımla çəkilmiş videosunun bir hissəsinin verilişdə yayımlanması olub.

Həmin süjetə görə gərginlik yaşayan R.Axundov şirkətə və yaradıcı heyətə hörməti olduğu üçün buraya gəldiyini bildirib.

Amma nəyə görə belə etdiklərini bilmədiyni deyərək, bu günədək verilişdən yarımçıq gedən qonaqları başa düşdüyünü söyləyib: "Sizin şirkətə hörmətim var, dəvət etdiniz, gəldim. Bu günə kimi qonaqlarınızı görmüşəm. İndi başa düşürəm ki, efiri niyə tərk edirdilər. Tamaşaçılara demək istəyirəm ki, kimsə buradan acıq edib gedəndə onu qınamasınlar. Xeyir ola? Sən niyə mənim ailə işlərimə qarışırsan? Məqsədin nədir? Düşmən istəyirsən? O görüntüləri yayımlamaq istəyirsənsə, ver, mən heç kimdən qorxmuram", - deyərək, efiri tərk edib.

Verilişi yekunlaşdıran aparıcı Tural Ozan isə "Rüfəti bu məsələyə aydınlıq gətirmək üçün çağırmışdıq. O, açıqlama vermək istəmədi" deyərək efir etikasına müvafiq olaraq həmin görüntüləri tam yayımlamayacaqlarını bildirib.

Verilişin yayımlanmasından sonra hazırkı durumun nə yerdə olmasını öyrənmək üçün Rüfət Axundovun özü ilə əlaqə saxladıq. Həmin süjetdəki şəxsin o olmadığını dedi: "Tövsiyəm odur ki, nəyisə efirə vermədən öncə dəqiqləşdirmək lazımdır".

Verilişin aparıcısı Tural Ozanla hazırkı münasibətlərini xəbər aldıqda isə o, belə cavab verdi: "Mən kin saxlayan adam deyiləm. Başa düşürəm ki, onun da işi odur. Hirsli idim, o da çıxdı getdi. Sadəcə, məsələnin şişməsini istəmirəm. Çünki mənə elə şeylər yaraşmır. Mən nəinki indi, heç subay vaxtı da elə yerlərə getməmişəm. Öz işimiz səs-küylü olduğundan o cür məkanlardan qaçıram. Lap xarici ölkələrdə olsam belə. Məni tanıyanlar bunu bilir".

Süjet yayımlandıqdan sonra həyat yoldaşı ilə münasibətlərinin necə olmasını soruşduqda isə o bildirdi ki, yoldaşı ona inandığı üçün bu məsələ ailələrində uzadılmayıb. R.Axundov bunu həm də videodakı şəxsin açıq-aşkar o, olmaması ilə əlaqələndirib.

Mübahisənin digər iştirakçısı Tural Ozanla da əlaqə saxlayaraq, durum barədə fikrini öyrəndik.

Sualımızı cavablandıran T.Ozan bunları bildirdi: "Rüfətlə mənim şəxsi problemim olmayıb. Verilişimə çağırıb suallarımı vermişəm. Necə deyərlər bir az sıxmışam. Bu da onun xoşuna gəlməyib. Məndən inciməsinlər. Mən tərif yağdırmağı bacarmıram. "Bağdagül" mahnısına və klipinə görə ona iradımı bildirmişəm. Sonda da onun gecə klublarının birində kadrlarını normal şəkildə göstərmişik. Burada nə var ki?! Müğənni əylənə bilər. Sadəcə, Rüfət bunu şişirdib verilişi tərk elədi. Deməli, torbada pişik var".

T.Ozana R.Axundovun həmin videoda özünün iştirakını təkzib etdiyini bildirdikdə isə dedi ki, süjetdəki Rüfət özü olmasaydı, durub efirdən getməzdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.