Şou-biznes

Səyyad Əlizadə: "Onunla nişanlı olduğumuz müddətdə..." - MÜSAHİBƏ

16 Noyabr 2013 16:17
2 Şərh     Baxış: 18 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Belə getsə, 50 ildən sonra adət-ənənələrimiz, musiqimiz yox olacaq"

Milli.Az Ekspress.az-a istinadən müğənni Səyyad Əlizadənin müsahibəsini təqdim edir.

Səyyad Əlizadə sadə və səmimi insandır, özünü kənardan müşahidə etməyi bacarır. Taleyin göndərdiyi qismət payından narazılıq etmir, həyatdan çox sınaqlar və sürprizlər gözləyir.

O həm istedadlı müğənnidir, həm də səhnə mədəniyyətinə sahibdir: kimsə yerişinə-duruşuna, davranışına, həyat tərzinə qulp qoya bilməz.

Səyyad Əlizadə indi nə işlə məşğuldur, nələr barədə düşünür? Bu və başqa suallara sənətçidən aldığımız müsahibədə cavab tapa bilərsiniz.

- Səyyad müəllim, bildiyimə görə, sizin ixtisasnız metro tikintisi üzrə mühəndislikdir...

- Mən Füzuli rayonunun Seyidlər kəndində doğulub boya-başa çatmışam. Uşaqlıqda yaşlı sənətkarlardan eşitdiyim mahnıları zümzümə edirdim və atam-anam oxumağımı böyük maraqla izləyirdilər. Birinci sinifdə isə müəllimim məni məktəbdə tar çalan Yaşar müəllimin yanına apardı. O, səsimi yoxladı və mən məktəbdə keçirilən şənliklərdə oxumağa başladım. Sonra məni rayon ansamblına apardılar. Valideynlərim həmişə tapşırırdılar ki, "səsini qoru, səndən yaxşı müğənni olacaq". O zamanlar inanmazdım ki, məndən nə vaxtsa müğənni olacaq. Düzdür, oxumağım başqa uşaqların ifasından çox fərqlənirdi. Amma mən oxumağıma həmişə bir hobbi kimi baxmışam. Səkkizinci sinifdə oxuyanda Qarabağda müxtəlif müsabiqələr keçirilirdi. Bizim rayonda da müsabiqə keçirildi və mən münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi həmin müsabiqədə qalib oldum. Ağabala müəllim mənə məsləhət gördü ki, "çalış, bu sənətdə öz yolun olsun, səsin gözəldir, məlahətlidir, çalış, yarımçıq qalmasın". Düzünə qalsa, mənim fikrim yox idi müğənni olmağa. Amma SSRİ dağılandan sonra mən də öz yolumu seçdim.

- Nə zaman gəldiniz professional səhnəyə?

- Səhnədə ilk çıxışım 9 yaşımda olub. Efirə çıxmağım isə Azərbaycan Dövlət Televiziyası ilə 19 yaşımda olub. O zamanlar "Xoş gördük, tələbə" verilişi var idi və Azərbaycan Televiziyası hər il bir institutdan veriliş hazırlayırdı. Bizim instituta da gəldilər ki, belə bir veriliş hazırlanacaq. Mən onda ikinci kursda oxuyurdum. Həm də institutun nəzdindəki ansamblın aparıcı solistlərindən idim. İyirmi oxuyan var idi. Ağlıma da gətirməzdim ki, məni seçə bilərlər. İndiki kimi yadımdadır, bir-bir hamı oxudu, mən də Ələkbər Tağıyevin "Leylam" mahnısını ifa etdim. Dedilər ki, yarım saatdan sonra adlar oxunacaq. Beləliklə, iyirmi nəfərin içindən mən seçildim. İki nəfər də dördüncü kursdan seçilmişdi.

Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışırdım. Bu ansamblın mənə çox xeyri oldu. Musiqi mədəniyyətini orada öyrənmişəm. Müğənnilik o qədər incə bir sənətdir ki, gərək onun incəliklərini illərlə öyrənəsən. İndikilər bir mahnı oxuyan kimi özlərini müğənni hesab edirlər. Mən özümə müğənni deyəndə, qəribə bir utanc keçir içimdən. İndiki uşaqlarda böyüyə hörmət yoxdur. Gəlib xalq artistinin əlindən alırlar mikrofonu. Halbuki bir mahnı da olsun, yaratmayıblar. Amma mən böyük müğənnilərin qarşısında həmişə baş əyirəm. Onlar gələndə ayağa dururam. Bu, mənim borcumdur. Amma gənc nəsildə, yeniyetmələrdə bu yoxdur.

- "Bəyaz gecələr" mahnısı sizi yaman populyarlaşdırdı...

- Mən əvvəllər xalq mahnıları, təsniflər ifa edirdim. 1993-cü ildə stilimi dəyişdim. Niyaməddin Musayev məktəbinin davamçısı oldum. Bildiyiniz kimi, Niyaməddin Musayev milli estradamızın banilərindəndir. Ona qədər də estrada var idi. Amma Qərb yönümlüydü. Və təbii ki, bizim millət bunu qəbul edə bilmirdi. Niyaməddin müəllim xalq musiqisini çox yaxşı bilir. Sonra o, gözəl bir məktəb yaratdı. Fikirləşirdim ki, mən ya bu sənətdə tanınmalıyam, ya da getməliyəm bu sənətdən. Sonra Cabbar Musayevlə albom üzərində işlədim. 1995-ci ilin mart ayında ilk albomum Türkiyədə işıq üzü gördü. Və ilk kasetim böyük dinləyici məhəbbəti qazandı. Böyük sənətkarların məsləhət gördükləri kimi, mənim də bu sənətdə öz yolum, öz cığırım oldu. Bütün sahələrdə çətinliklər var, amma incəsənətdə çətinliklər daha çoxdur. Hər adama bu sənətdə qalmaq nəsib olmur. Gərək o qədər səbrin olsun ki, axıra kimi qala biləsən. İncəsənətdə həmişə haqsızlıqlar olur.

- Deyəsən, indi bizdə estrada müğənnilərinə qiymət verməyə başlayıblar. Xalq mahnılarının ifaçıları, muğam ustaları nədənsə gec-gec yada salınır.

- Düzdür, mən özümü də estrada müğənnisi hesab edirəm. Amma mahnıların ifaçılarının, muğam ustalarının yada salınıb, təltif olunmasının tərəfdarıyam. Çünki bizim estradamız da muğama söykənir. Muğamlarımız, xalq mahnılarımız olmasa, heç nəyimiz olmaz. Necə olur ki, kök qalır, budağını qiymətləndirirlər? Necə olur ki, iki gün oxuyana ad verirlər, amma əlli il sənətdə olan sənətkarlar qalırlar kənarda? O ad alanlar başa düşməlidirlər ki, əgər onlar sənətləri ilə sevilməyiblərsə, nə qədər ad alsalar da, əhəmiyyəti yoxdur. Sənəti ilə sevilənlərə qiymət daha çox verilir. Populyar olmaq da, ad almaq da olar, lakin sənətinə görə sevilmək hər sənətkara nəsib olmur.

- Toylara gedirsinizmi?

- Mən toy şənliklərinə 1977-ci ildən getməyə başlamışam. Onda gitara çalırdım. Məclislərin birində müğənniyə mahnı sifariş verdilər, ancaq o, həmin mahnını bilmədi. Mən mahnını bildiyim üçün durub oxudum. Ondan sonra o müğənnini oxumağa qoymadılar. O gündən başlayaraq mən müğənni kimi toylara dəvət aldım. Sonra elə həmin il İnşaat İnstitutuna girdiyim üçün toylara getməkdən imtina etdim. Çünki toylar mənim təhsil almağıma mənfi təsir göstərə bilərdi. Və bir də 1987-ci ildə yenidən toylara getməyə başladım. Ukraynadan gəldim, burada işə düzəldim. Mənə dəfələrlə deyirlər ki, sənəti inkişaf etdirmək lazım idi. Mən də ona görə toylara gedirdim ki, mahnı yazdıra bilim. Bilirsiniz, mağar toyları həm də çox çətin bir məktəbdir.

- Musiqi təhsiliniz varmı?

- Bəli. Mən Mədəniyyət və İncəsənət Universitetinin vokal şöbəsini bitirmişəm. 1981-ci ildə "Oxu tar" müsabiqəsinin qalibi oldum. Süleyman Ələsgərov məndən soruşanda ki haranı qurtamışam, dedim musiqi təhsilim yoxdur. O, mənə təhsil almağı məsləhət gördü. Mən də onun məsləhətinə əməl etdim.

- Səyyad müəllim, müğənnidən vergi tutulmasına münasibətiniz necədir?

- Mən vergilərin tutulmasına yaxşı baxıram. Vergi dövlətin əsas gəliri olmalıdır. Mən Vergilər Nazirliyinə müraciət etmişəm. Amma vergilər yığılanda biz sənətçilərin də haqları qorunmalıdır. Axı pirat kassetlərin çıxması bizim kasetlərin satışının qarşısını alır. Dövlət necə ki, spirtli içkilərin aksiz markasız satılmasına qadağa qoyub, pirat kasetlərin satışına da eləcə qadağa qoymalıdır. Ondan sonra biz nə qədər vergi verməli olduğumuzu bilərik. Vergi mütəxəssisi kaset çıxaran müəssislərə şərt qoyur ki, müğənninin nə qədər kaseti satılırsa, əldə olunan gəlirin 10 faizi dövlətə keçməlidir. Sonra, müğənnilər toylara gedirlərsə, onda da ayrıca vergi ödəməlidirlər... Axı dövlət onu da nəzərə almalıdır ki, mən müharibədə zərər çəkmiş rayonun müğənnisiyəm.

- Deyirlər, sənət adamları bir qədər duyğusal olurlar. Sevginin varlığına inanırsınızım?

- Həyatda məhəbbət var. Mən 1987-ci ildə sevdiyim insanla ailə həyatı qurmuşam. Onunla nişanlı olduğumuz müddətdə "Bəyaz gecələr" mahnısını yazmışam. O mahnı mənim həyatımdır.

- Bu dünyada nə itirib, nə qazanmısınız?

- İllərimi itirmişəm. Atamı itirmişəm. Torpaqlarımızı itirmişik. Məndə Xətai dövrünün xəritəsi var. O zamanlar bizim olan torpaqların indi yarısının yarısı da qalmayıb...

Qazandıqlarıma gəldikdə isə, xalqımın sevgisini, məhəbbətini qazanmışam. Qazandıqlarım həddindən artıq çoxdur. Onları pulla almaq mümkün deyil. Xalqın gözü tərəzidir. Xalqın verdiyi qiyməti mənə heç kəs verə bilməz.

- Elə anlarınız olurmu ki, özünüzü tənha hiss edəsiniz?

- Olur, elə olur ki, haqsızlıqlarla üzləşirsən. Heç kəsə ağır anlar arzu etmirəm, ancaq belə anlarım olur.

- Həmin anlarda dərdinizi kiminlə bölüşürsünüz?

- Çox vaxt anamla ünsiyyətdə oluram.

- Əlçatmaz arzunuz varmı?

- Arzular tükənmir, biri yerinə yetirsə, başqası onu əvəz edir. Mənim bu saat ən böyük arzum torpaqlarımızın qaytarılmasıdır. İnsan elə arzularla yaşamalıdır ki, o arzulara çata bilsin. Bu saat arzu edərdim ki, Şuşa, Laçın Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı və işğal altında olan bütün torpaqlarımız geri qaytarılaydı, mən də oralara gedib doyunca gəzəydim.

Bir də onu arzu edirəm ki, xalqımız bir-birinə qiymət qoymağı bacarsın. Xarici müğənnilər səhərdən axşama kimi telekanallarımızın ekranından düşmür. Amma öz sənətkarlarımızın mahnısını vermək üçün gərək pul alsınlar. Mən əminəm ki, əgər belə gedərsə, Azərbaycan xalqının milli adət-ənənələri, musiqi inciləri əlli ildən sonra yer üzərindən silinəcək.

- Sənətdə özünüzə rəqib saydığınız sənətçi varmı?

- Mən heç kəsi özümə rəqib hesab etmirəm. Bütün müğənniləri sevə-sevə dinləyirəm. Onları bəyənirəm. Onlar gözəl əsərlər yaradırlarsa, bu, mənim xalqımındır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.