Şou-biznes

“Boşanmağı normal hesab edirəm” - FOTO

8 İyun 2023 19:24
Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili moderator.az-ın suallarını cavablandırıb.
  
- Gültac xanım, sizi sosial şəbəkələrdə izləyirəm, gün ərzində bir neçə yerə qaçıb gedirsiniz. Bundan əlavə də ailə, övlad qayğıları və s. Bəzən deyirlər ki, ailə ilə sənət tutmadı deyə boşandım. Bütün bunları necə çatdırırsınız?
 
- Boşanmaq üçün işləri və ailəyə vaxt çatdırmamaq bəhanə ola bilməz. Mən evlənmək qədər boşanmağı da normal hesab edirəm. Əgər insan həmin adamla münasibətlərini toparlaya bilmirsə, onunla birlikdə həyatı yürümürsə, boşanmaq normal bir şeydir. İnsan həyata bir dəfə gəlir. Onun ən gözəl şəkildə yaşaması haqqıdır. Çünki zaman, ömür gedir. Bu dünyaya yenidən gəlmək kimi şansımız yoxdur. Əlbəttə ki, bu qədər işlərlə ailəni bir arada çatdırmaq çətindir. Amma istəyirəm deyə çatdırıram. İstəyən hər şeyi çatdırar. Həqiqətən də mənim üçün çox çətindir. Çox yoruluram, sağlamlığım tükənir. Buna isə düşünürəm ki, dəyər verilməlidir. Mən həyat yoldaşım tərəfindən həmin dəyəri görürəm. Amma nə yalan deyim, bəzən peşman olduğum məqamlar da olur ki, gərək bu qədər fədakar olmayaydım. Desəm də alınmır. Çünki mən belə doğulmuşam. Anam da mənim qədər fədakardır. Ondan necə görmüşəmsə, elə də davam edirəm. Ailə olmaq istəyən adam, çatdırmıram, bezdim, yoruldum, boşanıram kimi sözləri leksikomundan çıxarmalıdır. Ailə olmaq istəməyən adamların da fikirlərinə normal yanaşıram, hörmətlə qarşılayıram, bu da onların həyatıdır. Onlar elə yaşamağı seçirlər. Özləri bilərlər, bu onların pis insan olmaqları anlamına gəlməz. Adam ailə həyatı qurmaq istəmir, bu onun seçimidir.
 
-Oynamaram dediyiniz obraz olubmu?
 
 
-Əslində oynamaram dediyim bütün obrazları teatrda oynamışam. Mən universitetdə oxuyanda həmişə Esmeralda obrazını oynamağı arzulamışam. Hal-hazırda da bizim teatrda "Paris Notr-Dama ithaf" tamaşası gedir. Tamaşa hazırlananda da bilirəm ki, həm rejissor, həm heyət tərəfindən Esmeralda olaraq namizədlər sırasında olmuşam. Səsimdə problemlər olduğuna görə o zaman həmin obraz üçün yararlı deyildim. Daha sonra mən yazdım, obrazı oynamaq istədiyimi bildirdim. Həm rejissor, həm də rəhbərlik etiraz etmədi. Rejissor mənə dedi ki, "götür hazırla, musiqilərini dirijora təhvil ver, məşq edək və çıx səhnəyə, göstər öz məharətini". Tamaşanın musiqisini, hər şeyini hazırladım. Bir müddətlik tamaşa dayandı. Mən də həvəsdən düşdüm. İndi də başqa tamaşalarda çox məşğul olduğum üçün onunla məşğul deyiləm. Amma inanıram ki, nə vaxtsa bu arzumu reallaşdıracam. O ki, qaldı mənim oynamaq istəyib də, oynaya bilmədiyim obrazlara.. Belə bir şey bizim teatrda mümkün deyil. Tək mənim üçün yox, teatrda çalışan hər kəs üçün bu keçərlidir. Kim hansı obrazı istəyib, əgər öhdəsindən gələ bilirsə, bizim  teatrda hər kəs üçün yaşıl işıqdır. Yaşından, kimliyindən, statusundan, fəxri adından asılı olmayaraq. 
 
- Danışmadığınız, münasibətdə olmadığınız insanla səhnəyə çıxarkən, nələri göz önünə almısınız? 
 
- Teatrda danışmadığım aktyorlar da, aktrisalar da var. Mən onlarla səhnəyə çıxıram, qucaqlaşıram da, öpüşürəm də, obrazın öhdəsindən çox məharətlə gəlirəm. Çünki mən peşəkar aktrisayam. Bilirəm ki, səhnədə olan münasibətlərin bizim şəxsi həyatda olan münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bütün bu hadisələr səhnədə baş verir. 
  
- Səhv etmirəmsə sənət müəlliminiz xalq artisti İlham Namiq Kamal olub. Onun haqda nə danışa bilərsiniz?
 
- İlham müəllim mənim ustadım olub. Onun ruhu həmişə gəncdir. Arzu edirəm ki, bundan sonra da elə qalsın. Allah şahiddir ki, mən onun ömrünün uzun olmasını necə ürəkdən arzulayıram. Onun varlığı bizə yetir. O insan kinsizdir. Bu gün səni danlaya bilər, sabah heç nə olmamış kimi qucaqlayıb öpə bilər. Ürəyində kin, kidurət olmadığı üçün, bu da onun üzünə yansıyır. Mən içi həyat yoldaşım qarışıq həmişə o insanı gənc aktyorlara nümunə gətirirəm ki, adamın neçə yaşı var, mən bir dəfə onu nə təraşsız, nə də ətirsiz gördüm. İnsan səhnədə o adama aşiq olur.
 
- Sizcə böyük sənətkarlar gənclərə dəstək olmağı bacarır?
 
 - Məncə bacarır sualına özləri daha yaxşı cavab verə bilər. Mən deyərdim ki, bacarmalıdır. Çox şükür qabağıma çıxan bütün sənətkarlar mənə dəstək olublar. Aralarında yoluma daş qoyanlar da oldu, amma mən onları heç sənətkar hesab etmirəm. O insanları heç xatırlamıram da. Bəlkə də gənc olanda bu mənə təsir edirdi, bu günki mövqeyim, hazırkı statusum məni onları bağışlamağı imkan yaradır. Deyirəm ki, Allah o kəsin günahını bağışlasın, bu dünyada pis adam oldu, heç olmasa o dünyada yeri behişt olsun deyə düşünürəm, amma heç inanmıram dediyimə. Çünki onun tək qarşısını kəsdiyi gənc mən olmamışam. Şahidi olurdum ki, nə qədər gənclərə neqativ ötürürdü. Sizin bu müsahibənizdən istifadə edib, mənə dəstək olan, bu dünyada olanların da, olmayanların da adlarını vurğulamaq istəyirəm. Başda ustadım İlham Namiq Kamala təşəkkür edirəm ki, ölkənin bir nömrəli teatrı olan Akademik Musiqili Teatrda fəaliyyət göstərməyimə biləvasitə səbəbkar olub. Daha sonra xalq artisti, anam qədər sevdiyim Afaq xanım Bəşirqızına təşəkkürüm var. Sonra Firəngiz Mütəllimovaya təşəkkür edirəm. Onunla da çəkilişdə ana-bala olduq. Daha sonra Ramiz Novruza! Allah ona qəni-qəni rəhmət etsin. Bilirsiniz ki, mən qadın məsliclərinə gedirəm. Mənə balıq yox, balıq tutmağın yollarını öyrədən xalq artisti Fatma xanım Mahmudovaya təşəkkür edirəm. Bizim teatrda o illərdə hamı xına məclislərinə gedirdi, mən onlara ağız açdım ki, məni də özünüzlə aparın. Hamısı söz verdi, amma aparmadı. Fatma xanım məni xınaya apardı. O da mənə o cür dəstək olub. Şövqi Hüseynov, Pərviz Məmmədrzayev, Əzizağa Əzizov, Ələkbər Əliyev, Çingiz Əhmədov, rəhmətlik Xanım Qafarova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova və s. aktyorlar mənə çox dəstək olublar. Teatra yeni gələndə bəlkə də mənə Xanım Qafarova qədər dəstək olan olmayıb. Adlarını unutduqlarım ola bilər, amma dəstək görmədiyim adamlar az olub. Mənim ən böyük təşəkkürüm isə çox hörmətli Əliqismət müəllim Lalayevədir ki, o teatrın bütün üzvlərinə rəhbər kimi yox, ata kimi, doğması kimi qayğı göstərir ki, bu qayğını da mən başqaları kimi görmüşəm, hiss etmişəm, hiss edirəm də.
  
- Fatma xanım bu günlərdə müsahibəsində "xınaya apardıqlarım sonradan gedib haqqımda ev yiyəsinə deyiblər ki, neynirsən onu dəvət edirsən?" deyə bildirmişdi. Sizcə o bu sözü kim haqda deyə bilər?
 
- Dəqiq bilirəm ki, Fatma xanım bu sözləri mənim haqqımda deməyib. Mən heç vaxt yediyim qaba tüpürən deyiləm. Onu da qeyd edim ki, teatrımızdakı aktrisa Gülçöhrə Abdullayeva da mənə dəstək olub, hətta xınayaxdı mərasimlərində deməyim üçün bayatılar, şeirlər yazdırıb. Ondan sonra Fatma xanım bəlkə də məni 10 dəfə özünün iştirak etdiyi məclislərə aparıb. Quyuya su tökməklə quyu dolmaz. İnanırdım ki, nə vaxtsa mənim də öz adıma məclislərin, dəvətlərim olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.