Daha ədalətli dünya düzəninə keçid asan getmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda"BRİCS plus" formatında keçirilən XVI BRİCS sammitinin ilk plenar iclasında çıxış edərkən bildirib.
"Bu dəfə Rusiya sədrliyi yaxın qonşularımızı, Rusiya ilə ortaq tarixə malik dost ölkələri dəvət edib", - deyə o qeyd edib.
Putin vurğulayıb ki, burada BRİCS-lə daha sıx tərəfdaşlıq qurmaq istəyən, hətta gələcəkdə bu quruma üzv olmaq imkanlarını nəzərdən keçirən ölkələrin rəhbərləri, eləcə də hazırda aparıcı çoxtərəfli strukturlara rəhbərlik edən dövlətlər iştirak edir.
"Yəni, bizim ortaq müzakirə masamızda Avropa, Asiya, Afrika və Latın Amerikasından olan dövlətlər təmsil olunur. Təklif edilən gündəliyə əsasən, biz dünya ictimaiyyətini narahat edən ən vacib məsələləri nəzərdən keçirəcəyik. Bunlara davamlı inkişaf, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinə uyğunlaşma, texnologiya və bilik mübadiləsi, terrorizm və transmilli cinayətkarlıqla mübarizə daxildir. Təbii ki, xüsusilə münaqişələrin dinc yolla həlli məsələlərinə diqqət yetirəcəyik. O cümlədən, əlbəttə ki, Yaxın Şərqdəki gərgin vəziyyət barədə də ciddi müzakirələr aparacağıq. BRİCS üzvləri üçün bu mövzuları Qlobal Cənub və Şərq ölkələrindən olan həmfikirlərlə müzakirə etmək çox vacibdir", - Rusiya prezidenti vurğulayıb.
O əlavə edib ki, BRİCS ölkələri bənzər istəkləri, dəyərləri və yeni, mədəni-sivilizasiyalı müxtəlifliyi əks etdirən demokratik dünya nizamı ilə bağlı ortaq baxışları bölüşür.
"Əminik ki, belə dünya nizamının əsasında ölkələrin və xalqların qanuni maraqlarına və suveren seçimlərinə hörmət, beynəlxalq hüququn tələblərinə riayət edilməsi və faydalı, ədalətli əməkdaşlığa sadiqlik dayanmalıdır. Daha ədalətli dünya düzəninə keçid asan getmir", - Putin qeyd edib.
Milli.Az