Siyasət

Qənirə Paşayeva: "AŞ PA və ATƏT-in müvafiq strukturları Azərbaycana qarşı antipatiyasını heç cür gizlədə bilmir"

6 İyun 2020 15:31
Baxış: 1 020

Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər siyasətçilərimizin, diplomatlarımızın, hərbçilərimizin, məmurların, media və QHT təmsilçilərimizin, əlbəttə, gənclik-idman ictimaiyyətinin ilk növbədə diqqət etməli, nəticə çıxarmalı olduğu fikirlərdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, dövlət başçısının, Ali Baş Komandanın səfər tarixi, görüş yeri və səsləndirdiyi fikirlər təsadüflər deyil, təvafüqlər kateqoriyasına aiddir: "Səfər tarixinə diqqət etdikdə, işğalçı Ermənistan Baş nazirinin Şuşaya qeyri-qanuni səfəri, orada qeyri-qanuni və dünya birliyi tərəfindən tanınmamış "seçkilər"in qalibi - separatçıların qondarma "prezidenti"nin "andiçmə" mərasmində iştirakından, habelə məcburi köçkün həmvətənlərimiz üçün Qardağdakı yeni və möhtəşəm "Qobu-Park3" yaşayış kompleksinin 28 may - Respublika Günündəki açılışı, o açılışda Qarabağla bağlı ciddi ismarıncların verilməsindən, o cümlədən daha gözəl komplekslərin Qarabağda salınacağı barədə fikirlər səsləndirilməsindən bir neçə gün sonra baş tutduğunu görürük. Görürük ki, görüş ön cəbhənin dibində, qəhrəman Tərtərdə keçirilir. Və indi öz münasibətimizi bildirəcəyimiz ciddi fikirlər məhz Olimpiya İdman Kompleksində səsləndirilir. Yalnız onu demək lazımdır ki, bu komleks "sağlam bədəndə sağlam ruh" aşiqləri və peşəkarları üçün, gənclərimiz üçündür, sabah-birisigün yarış meydanlarındakı uğurlar, ümumən qələbələr üçündür!

Bəli, Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən "prezident və parlament", 14 apreldə keçirilən 2-ci tur "prezident seçkiləri" ilə bağlı olduqca vacib - proqram xarakterli məqamlara toxundu.

Qondarma xunta rejiminin keçirdiyi saxta seçkiləri şou və təlxəklər tamaşası adlandıran, "məzhəkə oyunu" kimi dəyərləndirən prezident, "seçkilər"in və onun "nəticələr"inin tərəqqipərvər dünya birliyi, mötəbər beynəlxalq qurumlar tərəfindən tanınmadığını bildirdi. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının, digər aparıcı beynəlxalq təşkilatların bu seçkiləri qınadığını vurğulayan cənab Prezident, məsələyə yalnız Avropa Şurasının münasibət bildirməməsinə diqqət çəkdi. Avropa Şurasının susmağının səbəbini, Assambleyanın əsas hədəflərindən biri kimi şərh edən dövlət başçısı, bu səbəbi - hədəfi "Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir" dedi. - Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı".

Q.Paşayeva əlavə edib ki, proqram xarakterli bu çıxışın yalnız qarşı tərəfdə (tərəflərdə!) hansı nəticələri, reaksiyanı doğuracağını gözləməli, bundan daha artıq dərəcədə, məsul şəxslər, ictimai fəal qüvvələrimiz tərəfindən müvafiq addımlar atılmalı yaxud daha öncəki işlər davam və inkişaf etdirilməlidir: "Özəlliklə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü və rəhbəri olduğu "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası bütün parametrlər, coğarafiyalar və mədəniyyət iqlimləri üzrə genişləndirilməli, dərinləşdirilməlidir. Bu, özü Avropa Şurasının susqunluğuna bir cavab olacaq.

Qitə üçün xas bəşəri və insani dəyərlərlə çox yaxından səsləşən, o dəyərlərə yüksək səviyyədə cavab verən, belə deyək, o ənənənin tərkib hissəsi sayılmalı olan Azərbaycan multikulturalizm, tolerantlıq ənənələri, tolerantlıq və multikulturalizm ideyalarının Azərbaycan ictimai fikir tarixində yeri, rolu barədə əsərlər tirajlanmalı, məsələn günümüzün gerçəkliyində virtual konfranslar vasitəsi ilə qitə və dünya miqyaslı fikir mübadilələri təşkil olunmalıdır, deyə düşünürəm. Düşünürəm ki, qlobal pandemiya dövründə də, dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu bütün neqativ proseslərə qarşı ümidverici ortaq model kimi - Azərbaycan təcrübəsi kimi tirajlanmalı, yayğınlaşdırılmalıdır. Bu, özlüyündə, bütün maraqlı və bütün "qarşı tərəflər"ə daha bir ismarınc, cavab olardı.

Müvafiq qurum və quruluşlarımız narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun yalnız Azərbaycan və bölgə üçün deyil, Avropa üçün, Asiya üçün, ümumən dünya üçün təhlükə ünvanı olduğunu faktlarla dilə gətirməlidir - bu sahədə daha öncəki çalışmalar yenidən güncəlləşməlidir. Və demokrat libaslı amma işğalçı zehniyyətli Ermənistan rəhbərliyinin, eləcə də, xunta rejiminin bu dəyərdən nə qədər uzaq olduğu, məhz işğal, vandalizm və digər beynəlxalq hüquqa zidd, birgəyaşayışa uyuşamayn hallar kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır: xarici mətbuatdakı bir məqalə də, bir tele çıxış da, "onlayn konfrans" da, fundamental əsər də... növbəti addım olardı, ümumi işimizi qabağa aparardı.

Yəni, Prezidentin çıxışı, ismarıncları Tərtərdə qalmamalı, haqq etdiyi şəkildə, könlümüzcə olduğu kimi, işimizdə də yansımalı, çalışmalarımızda öz yerini tutmalıdır".

Komitə sədri vurğulayıb ki, Prezidentin faktoloji - adlar çəkib, ünvanlar göstərərək və olaylara danılmaz obyektivliklə münasibət sərgiləməsi siyasi, analitik, sosial təhlil mərkəzlərimizin, onların əməkdaşlıq etdiyi xarici tərəfdaşlarının müzakirələri, "beyin fırtınası" üçün əsaslar verir: "Bəlli olduğu kimi, qondarma Dağlıq Qarabağ rejimində "prezident və parlament seçkiləri" məhz qlobal pandemiyanın geniş yayıldığı bir zamanda keçirildi. (Bu arada, "təntənələr"ə ailəsi ilə qatılan "demokrat qiyafəli, işğalçı zenhiyyətli Baş nazir" ailəsinin koronovirusa yoluxması da təsadüfi deyil yəqin ki...) - Bu "zamanlama" da, özünə geniş diqqət tələb edir. İşağlçılıq hirsi, cəzasılıq, üstəlik, bəzi güclər tərəfindən dəstəklənmələr xunta rejiminə əlavə güc verir, onlarda saymamazlıq hissini körükləyir, yalnız bölgəni deyil, bəşəri təhdid edən qanunsuz əməllərə, cinayətlərə sürükləyir... Fikir verin ki qlobal pandemiya dövründə keçirilən "seçkilər"də belə Qərb dövlətləri və AŞ PA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı... Bu nazmış kimi, "BBC" saxta "seçkilər"lə bağlı "Koronavirusun ortasında seçkilər" kimi manşeti uyğun gördü, üstəlik, bunu "cəsarət nümunəsi" şəklində təqdimə çalışdı. Qondarma xunta rejimində "prezident və parlament seçkiləri" zamanı insan həyatına, bəşəri təhlükəsizliyə bunca aşağılıq yanaşılması beynəlxalq erməni diaspor və lobbi güclərini heçmi düşündümədi, əcaba? - Bir çox güclərin, şəxslərin susqunluğu nəyin müqabilindədir, əcaba?! - Bəli, regionun böyük ölkəsi Rusiya Federasiyası belə Konstitusiya referendiumunu ertələdiyi, çox mötəbər beynəlxalq yarışların təxirə salındığı bir vaxtda -bir sözlə, dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən, xunta rejimi və havadarının pandemiyaya qarşı gərəkli önləyici tədbirlər almaması diqqətdən kənarda qalmamalıdır, əlbəttə".

Q.Paşayeva dövlət başçısının nitqində işlətdiyi "azərbaycanafobiya" sözünə də diqqət çəkib - Bu "fobiya"nın səbəbi nədir, əcaba? - Çox aydın bir cavab var: bizim uğurlar kimlərisə çox ciddi rahatsız edir, məkrli planlarını pozur, çətin duruma salır, əsəbləşdirir... Əslində necə olmalıydı? - Hər hansı əməli fəaliyyət sahəsində uğur qazanan, qitə təhlükəsizliyinə, iqtisadi sabitliyə, dialoqa, mədəniyyətə... Azərbaycan töhfələri zamanında, bugündə alqışlanmalı, bir sözlə, Azərbaycan haqq etdiyi müamiləni görməliydi. Bu olunca, işğalçı Ermənistanın haqsız mövqeyini, uzun illərə dayalı mütəşəkkil anti-Azərbaycan təbliğatını sıfırlamaq, münasibətləri ayarlamaq lazım olacaqdı... Belə olunca, qondarm rejimin "seçkilər"ini Avropa Şurası adından, haqq edilən şəkildə tənqid etməkdən çəkinilməyəcəkdi. Yəni bu olaylar zənciri, Azərbaycanla bağlı qısqanclığın, gözügötürməzliyin, "bunu da bacardılar", "bunu da keçdilər", "uğurları qaçınılmazdır"... kədərlərinin əlamətidir və öz ifadəsini "azərbaycanafobiya" şəklində tapır... - "Bu sözü hətta sıravi vətəndaşımız da desə, anlamlı olardı, ancaq məhz dövlət başçısının belə bir ümumiləşdirmə aparması, bizə qarşı olanlar haqqında güclü informasiyalara, intellektual təhlillərə əsaslanması ilə xüsusi yerə sahibdir. Bu xüsusilik həm də, vətəndaşlara, hər birimizə çağırışdır, yuxarıda da vurğuladığımız kimi, proqram xarakteri daşıyır. Bizlərin bu gün nəyi necə edəcəyimiz, kimlərlə hansı məsafədə olacağımız, fəaliyyətdə səmimiliyimiz, vətənpərvərlik qətiyyətimiz... özlüyündə o çağırışa cavab mahiyyətindədir.

Dövlət başçısı Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün ittihamların artıqlaması ilə onların özlərinə qaytarıldığını və hazırda bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından açıqlama gözlədiyini bildirdi. Cənab İlham Əliyev elə Avropa dövlətlərinin özündə polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən aşırı gücün, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin, hətta nümayişçilər sırasında öldürülənlər olduğunun müşahidə edildiyini dedi və eynən bu cümlələri işlətdi.

Bizim oxuduğumuz, bizim öyrəndiyimiz, bizim arzuladığımız və inandığımız Avropa belə Avropa ola bilməz..! Avropa Şurası rəhbərliyi bu uyğunsuzluğun, mandatlıykən mandatsızmış kimi davranmanın, başqa sözlə, daşıdğı mandatın gərəyini yerinə yetirməməyin aqibətini düşünməli, mənfi tendensiyaların, xoşagəlməz presedentlərin qarşısını nəhayət almalıdır.

Təsadüfi deyil ki, AŞ PA-Azərbaycan münasibətlərini şərh edən İlham Əliyev cənabları Avropa Şurasının Parlament Assambleyasının son vaxtlar Azərbaycana qarşı nifrət aşıladığını deyib, Şuranın nüfuzdan düşməsini faktlarla göstərib".

Komitə sədri vurğulayıb ki, son vaxtlar ABŞ-da kütləvi etirazların yaşanması faktına da toxunan cənab Prezidentin problemə münasibəti də, ümumdünya proseslərini, bu proseslər içində Azərbaycana yanaşmaları dair çıxarmalı olduğumuz nəticələr baxımından çox aktual və diqqətçəkicidir: "Mən yenə cənab Prezidentin öz sözlərindən sitat gətirmək istərdim: - "ABŞ-ın Minneapolis şəhərində "Nəfəs ala bilmirəm" deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan "Qara cəngavərin yüksəlişi" və "Coker" filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlir".

Komitə sədri əlavə edib ki, AŞ PA və ATƏT-in müvafiq strukturları Azərbaycana qarşı antipatiyasını heç cür gizlədə bilmir, "azərbaycanafobiya" ovqatından, daha doğrusu ovqatsızlığından qurtula bilmir: "Bunun əsas səbəb nə ola bilər? - Səbəblərdən biri, cənab Prezidentin də vurğuladığı kimi, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Elə bu əsilsiz fobiya yaxud fobiyalardır ki, AŞ PA-nı sırf "xristian klubu" kimi görmək istəyinlər söz sahibi kimi çıxış edir. Dövlət başçısı bunu Qərbin "beyin iflici" keçirməsi kimi xarakterizə etdi. - Qərbin özünün siyasi-hərbi "əsər"i olan "Ərəb baharı"nın acı nəticələri, o cümlədən, Suriya və Liviyadakı durumdan sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanın Qərb üçün nə demək olduğunu hər kəs gördü.

Azərbaycana qarşı AŞ PA-da antipatiyanın daha da "vüsət" almasının səbəblərindən biri, Prezidentin özünün də dediyi kimi, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsindən qaynaqlanır. Bu məğlubiyyəti sinirə bilməyən "azərbaycanfobiya"dan əziyyət çəkənlər, anti-Azərbaycan qüvvələri azğınlaşdı. Heç kəsə sirr deyil, ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində, tədbirlər keçirilərkən Azərbaycanı qaralamağa başlayanlar revanş havasında, istəyində idi.

AŞ PA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞ PA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞ PA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞ PA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.

Bir sözlə, AŞ PA-Azərbaycan münasibətlərini təhlil edən Prezident, qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən heç də bəşəri planda qəbul edilmədiyini göstərmiş oldu. Könül istərdi, bu sadə həqiqəti bütün vətəndaşalrımız bilsin ki, Azərbaycanda insan hüquq və azadlıqları əgər bir konyuktur hadisəsi deyilsə, o zaman Dilqəm Əsgərov, Şahbaz Quliyev məsələsi bizi qınayan qurum, quruluşların 2 saylı çağrışına dönüşməliydi; əgər dönüşmürsə, "ittihamçılar"ın iç üzü gizlədilməyəcək aədər aydın görünür...

Məncə, Prezidnetin Tərtər nitqi, bu həqiqəti bir daha təsdiq etmiş oldu ki erməni lobbisinin, islamofobların apardığı mütəşəkkil anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaq; Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcək. Bax, bu önəmli təsbiti bütün siyasi qüvvələrimiz qəbul etməli, sadə vətəndaşarlımız da bilməlidir. - Müstəqil respublikamızın dövlət mövqeyi Prezident səviyyəsində bir daha ifadə olundu ki Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz! Əks təqdirdə, AŞPA bundan sonra da respublikamızla siyasi əməkdaşlıq körpülərini yandırmaq siyasətini eyni qətiyətlə (əslində, bu sağlam qətiyyət yox, qətiyyətsizlikdir) davam etdirmək istəyirsə, bunun məsuliyyəti AŞPA-nın üzərindədir - bu seçimi AŞPA etmiş olur... Ancaq dünyanın indiki halında körpü yandırmaqdan daha çox körpü qurmaq daha məntiqli olardı...

Fikir verin, respublikamızın dövlət müstəqilliyi əldə etməsindən ötən 30 ilə yaxın müddət ərzində, yalnız xalqımız adına deyil, bölgə, qitə və dünya ünvanlı uğurlar qazanılıb, tərəfimizdən bəşəri töhfələr təqdim edilib. Bunlardan bəzisi haqqında yuxarıda danışdıq. Ən güncəl mövzu üzrə danışsaq, "COVID-19" qlobal pandemiyasına qarşı mübarizədə Azərbaycan önəmli bəşəri töhfələr verir. - Prezidentin öz mükəmməl sözləri ilə ifadə etsək, multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

Məhz Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi, bu görüşlərin sonucları bütün dünyaya bəllidir. Unutmayaq ki Türk Şurasının Virtual Zirvəsi mövzu üzrə dünya miqyasında, dövlət başçıları səviyyəsində ilk beynəlxalq məsləhətləşməydi. Unutmayaq ki Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. Unutmayaq ki, hər iki Virtual Zirvədə Dünya Səhiyyə Təşkilatının (DST) başçısı da iştirak və çıxış etdi. Azərbaycanın qlobal pandemiya ilə mübarizə məqsədi ilə DST-yə ilkin olaraq 5 milyon, sonra daha 5 milyon dollar həcmində sanballı ianə ayırdığını, ümumən 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım etdiyini unutmaq olmaz.

Zirvələrdə iştirak və çıxış edən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, digər beynəlxalq qurumların, platformaların başçıları, təmsilçiləri öz iştirakları ilə, dövlətimizə, şəxsən dövlət başçımıza bəslədikləri inamı, etibar və etimadı göstərmiş oldu.

Başqa bir xüsusa diqqətinizi cəlb edim. - Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında önəmli yerə sahib olması, həyata keçirdiyimiz beynəlxalq infrastruktur layihələri də unudulmamlıdır.

Özünəməxsus inkişaf yolu və strategiyası olan Müstəqil Azərbaycan Respublikası dünyada artıq "orta miqyaslı" ölkə kimi tanınır. - Yəni, ərazimizin kiçik olmasına baxmayaraq, apardığımız uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə önəmli, danılmaz töhfələr veririk.

Bu planda, uğurlu regional enerji və infrastruktur layihələri ilə ümumən Avropanın enerji təhlükəsizliyinə, qitənin davamlı inkişafına verdiyimiz töhfələr gözardı edilə bilməz. Azərbaycan paytaxtının dəfələrlə Rusiya və NATO arasında dialoqun aparıldığı şəhər olaraq seçilməsi də təsadüfi deyil.

Bütün bu və bənəzri olaylar, tədbirlər ölkəmizin nüfuzundan xəbər verir; görünür, məhz belə davamlı uğurlar, qətiyyətli addımlar da öz növbəsində "azərbaycanafobiya" qüvvələri bərk rahatsız edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.