Siyasət

Müxalifətin masa söhbəti: "Gəlin, özümüzü rüsvay etməyək"

5 Noyabr 2019 16:51
Baxış: 2 499

Burada Əli Kərimlidən başqa yalandı onun çıxışından sonra baxmayacam. Əli İnsanovu tanıyırıq iqtidardan, İsa Qəmbər uduzmuş biridir, Pənah da kı, harada aş, orda başdır.

Dünən Müsavat Partiyasının qərargahında müxalifətdəki bir qrup siyasətçinin, jurnalistin və fəalın keçirdikləri dəyirmi masa ilə bağlı sosial şəbəkələrdə yazılan rəylərin, sadəcə, biridir.

Özü də müəllim nə YAP mənsubudur, nə bitərəf: o, AXCP sıralarında təmsil olunmuş vətəndaşımızdır.

Dəyirmi masadakı müzakirələrə rəylər müxtəlif, münasibətlər fərqlidir.

Məsələn, belə rəy də var: "Vaxtilə adı rüşvətdə, korrupsiyada adı hallanan adam nə gəzir aranızda? Sizin üçün it olsun qurd olsun, amma hakimiyyətə qarşı çıxsın. Ermənilərə də işləyərsiz belə getsə".

Müsavat Partiyasının təşəbbüsü ilə, elə bu partiyanın qərargahında keçirilən və "ölkədəki mövcud durumla bağlı müzakirələr" kimi təqdim olunan dəyirmi masanın "moderator"u, Müsavatın başqanı Arif Hacılının dediyinə görə, heç bir ilkin şərt irəli sürmədən, ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa, bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutduğumuz dəyirmi masadır.

Müzakirələrdə Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah, AXCP sədri Əli Kərimli, habelə Hikmət Hacızadə iştirak ediblər.

Sözün açığı, bu dəyirmi masa ilə bağlı ümidlərim vardı.

Son illər müxalifət düşərgəsində yaşanan proseslərə son qoyulması, xaotik və dağınıq düşərgədə səbatlı, fasiləsiz hal almış intriqalara son qoyulması ilə bağlı birgə açıqlama gözləyirdim.

Ümid edirdim ki, müxalifət düşərgəsində, xüsusilə də radikalların pərakəndələşdiyi və radioaktiv izotoplar kimi parçalandığı müstəvidəki qarşıdurmalar, dartışmalar və didişmələr məntiqi sonluğa varacaqdı.

Və ən nəhayət, son illərdə ölkənin daxili siyasət gündəminin müəyyənləşdirilməsində ciddi rol oynaya bilməyən müxalifət mənsublarının qəflət yuxusundan ayılacaqlarını düşünürdüm.

Olmadı.

Həmişəki populizm, şüarçılıq, pafoslu açıqlamalar, şikayətlər və tükənmək bilməyən iddialar.

Müsavat başqanı Ariı Hacılı etiraf etdi ki, "hazırda müxalif partiyaların mənsubları arasında müşahidə olunan kəskin mübahisələrə, qarşılıqlı söyüşlərə son qoyulmalıdır".

İsa Qəmbər isə kreaturasından fərqli olaraq, daha açıq danışdı: "Burada oturanlar özlərini ağır aparırlar və təbii, bir-birlərinə söymürlər. Amma etiraf edək ki, tərəfdarlarımız bunu edirlər. Düşünürəm ki, tərəfdarlarımızı bundan çəkirdirməli, qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olmasının vacibliyini vurğulamayılıq".

Beləliklə, İsa Qəmbər konkret ünvan göstərib, ad çəkməsə də, AXCP sədri Əli Kərimlini və onun tərəfdarlarını nəzərdə tutduğuna işarə vurub.

AXCP sədri Əli Kərimli çıxışını həmişəki kimi, reallıqdan çox uzaq olan "öz gerçəkləri"nin sadalanması üzərində qurmuşdu. Onun nitqinin preambulasını "Milli Şura" və AXCP-nin mitinqlərinin, xüsusilə də 19 yanvar və 19 oktyabr aksiyalarının maksimum şişirdilərək az qala "milyonların yürüşü" kimi qələmə verilməsi təşkil edirdi.

"Birlikdə addımlaya bilməyən qüvvələr də tərəfdaşlıq etməli, harada nə edə biləcəklərini götür-qoy etməlidirlər", - Ə.Kərimli deyib.

Və dərhal da Müsavatın ünvanına "messic" ünvanlayıb: "19 oktyabr aksiyası ilə bağlı Müsavatla birgə iştirak barədə ilkin anlaşmamız olsa da, əfsuslar olsun Müsavat aksiyaya qatılmadı və ya qatıla bilmədi".

Ə.Kərimli danışarkən İ.Qəmbər, amerikalı siyasətçilər demişkən, "qəzəblə susurdu".

Səbəb də vardı: axı 19 oktyabrda "Milli Şura" və AXCP-nin qanunsuz aksiyası ilə bağlı Ə.Kərimli və A.Hacılı arasında heç bir (!) ilkin anlaşma olmamışdı.

Təsadüfi deyil ki, əzəli rəqiblərin, daha doğrusu illərdən bəri qarşılıqlı ittihamlar, suçlamalar və xəyanətlər seriyasını davam etdirənlərin çıxışlarından az sonra yerdən "Gəlin, özümüzü rüsvay etməyək" deyilib.

Dəyirmi masa arxasında oturanlar, danışanlar və pafosa qapılanlar arasında sabiq səhiyyə naziri Əli İnsanov da vardı. O, nazir postunda çalışdığı illərdə ən yüksək tribunalardan çıxışlarında bir qayda olaraq "genetik xəstə" adlandırdığı İsa Qəmbərin yanında əyləşmişdi.

Taleyin ironiyasına bax ki, vəzifə səlahiyyətlərindən sui-istifadəsi, yerlibazlığı, qanunlara tüpürmək belə, istəməməsi, qabalığı və kobudluğu ilə ad çıxarmış Əli İnsanov "avrointeqrasiya, demokratiya və s."dən danışdı. Hətta Uqandanın sabiq diktatoru İdi Əmini də xatırlayaraq müxalifət liderlərini "hakimiyyət sizi öldürüb ətinizi yeyə bilər" deyərək "qorxutdu".

Hikmət Hacızadə isə çıxışında "gəlin müzakirələrin nəticəsi kimi bir yox, dörd bəyanat hazırlayaq, onlardan birini Qərbə ünvanlayaq və deyək ki, "Qərb, kişi ol""

Müxalifət mənsublarının dəyirmi masası, müzakirələr aparmaları qayət normal, gərəkli məsələdir. Necə ki, hakimiyyətlə müxalifət arasındakı dialoq təki.

Lakin məsələ dəyirmi masanın fakt kimi özlüyündə yox, nəzərdən keçirilən məsələlərin məcmusu olan problematika, həmin problemlərə yanaşma tərzi və çıxış yollarının aranmasıdır.

Dəyirmi masa dalandan çıxmağa çalışan, amma yanlış yol tutan adamların cəhdinə bənzədi.

Populizm, siyasi demaqogiya, indiyədək fasiləsiz deyişmələrin təkrarı, nomenklatura düşüncəsi - müxalifət "lider"lərinin sözlərində və davranışlarında yenilənmə cəhdləri əsla sezilmədi.

Tam əksinə, real hadisələr yaratmaq əvəzinə hadisələrin arxasınca gedərək siyasi dividentlər əldə etmək istəyi, siyasi texnologiyaların primitiv qanunlarının unudulması, süni şəkildə protest əhval-ruhiyyəsi yaratmaq niyyəti, ən başlıcası isə mitinq taktikasına ifrat vurğunluğun növbəti izharı.

Dəyirmi masa müxalifətin indiki durumunun sanki rentgen çəkilişi oldu.

Görüntülərsə müxaliflərin heç xeyrinə deyil.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.