Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.
Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izlədi.
Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində, Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.
Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Şübhəsiz ki, Azərbaycan bu uğura hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub.
İndiyədək ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüşlər Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşlərinin ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Mətin ordumuz 1992-ci ildən erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bütün bu uğurlar isə Azərbaycan Ordusunun qüdrətini göstərir. Çünki ölkəmizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.
Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşdü.
Ali Baş Komandan görüşdə çıxış etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı
- Əziz zabitlər, mən sizi ürəkdən salamlayıram.
Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür.
Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.
Bizim mülki vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.
Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür.
Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.
Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.
Hərbçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir.
O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaqdır.
Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.
Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.
Siz - burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.
x x x
Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Ali Baş Komandana minnətdarlığını bildirərək dedi:
- Cənab Ali Baş Komandan.
Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib. Bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olmuşdur.
Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğını gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir.
Diqqətinizə görə çox sağ olun.
x x x
Sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olundu. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan ordusunun hərbi qulluqçularının sosial məsələlərinin həlli, onların xidmətkeçmə və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində də son illərdə dövlətimiz tərəfindən mühüm addımlar atılıb.
Milli.Az