Siyasət

"Yeni dünya" yaratmağa ehtiyac var - Azərbaycan qlobal dialoq məkanına çevrilə bilib

25 Oktyabr 2018 18:42
Baxış: 1 474

Bu, Ermənistanın işğalçı ölkə kimi tanıdılması baxımından mühüm bir tribuna oldu.

"Bakıda Beynəlxalq Humanitar Forumların keçirilməsi artıq ənənə halını alıbdır. 2008- ci il "Bakı Prosesi" ilə başlayan belə mühüm beynəlxalq tədbirlər ardıcıl olaraq keçirilməklə beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir. Belə tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.


Millət vəkilinin sözlərinə görə, Bakı Beynəlxalq Humanitar Forumuna dünya dövlətlərinin və beynəlxalq təşkilatların marağının artması onunla əlaqədardır ki, hazırda dünya ölkələrinin bir araya gələcəyi və mövcud problemləri müzakirə edəcəyi belə bir məkan demək olar ki, yoxdur: "Yalnız Azərbaycanın həyata keçirdiyi unikal xarici siyasət nəticəsində ölkəmiz qlobal dialoq məkanına çevrilə bilibdir. Humanitar Forumun keçirilməsi və ona marağın olması üçün ilk növbədə bu Foruma ev sahibliyi edən ölkənin humanist dəyərlərə söykənən cəmiyyəti, multikultural və tolerant həyat tərzi olmalıdır ki, iştirakçı ölkələr də bunu bir nümunə hesab edərək məhz humanitar problemlərin müzakirə olunduğu bir məkan kimi buraya üz tutsunlar. Bu mənada Azərbaycan sözün həqiqi mənasında öz humanist dəyərləri, regionda həyata keçirdiyi sülhpərvər siyasətlə belə bir platformaya ev sahibliyi etməyi artıqlaması ilə haqq edir".

Onun fikrincə, hazırda "yeni dünya"nın yaranmasına ehtiyac var: "VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" çağırışı əsasında baş tutub. Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan şərtlərə diqqət yetirsək, görəcəyik ki, 21-ci əsrdə yeni düşüncəyə sahib humanist dəyərləri, yeni siyasi mədəniyyəti mənimsəmiş insanların "yeni dünya" yaratmasına ehtiyac var. Əks təqdirdə, 20-ci əsrin sonlarından başalayaraq bu günə qədər davam edən qarşıdurmalar, müharibələr, toqquşmalar, ksenofobiya, islamafobiya kimi radikal tendensiyalar sülhün mövcud olduğu bir beynəlxalq münasibətlər nizamını inşa etməyə imkan vermir. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma böyük diqqət göstərilir, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar burada həvəslə iştirak edirlər. Altıncı Beynəlxalq Bakı Forumunda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak etdi. Bu platforma təkcə beynəlxalq subyektlərin və milli aktorların dialoqu deyil, eyni zamanda buraya təşrif buyuran 86-dan çox ölkənin, o cümlədən 24-ə qədər beynəlxalq təşkilatların bir-birilə dialoq platformudur. Bu isə tədbirin əhəmiyyətini daha da artırır".

Politoloq hesab edir ki, bu cür beynəlxalq tədbirləri keçirməkdə ölkəmizin başlıca məqsədi Azərbaycan həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyi faktını dünyaya çatdırmaqdır: "Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər  mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun.

Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərək məhz bu həqiqətləri bir daha diqqətə çatdırdı, xalqımızın multukultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxundu. Dövlət başçısı Azərbaycanda tarixən mövcud olan atəşpərəstlik, xristian və islami dəyərləri dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi. Bu gün dünyanın gözü qarşısında  böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətrirdi. Düşünürəm ki, Forum Ermənistanın işğalçı ölkə olması həqiqətini dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi humanitar dəyərləri, insanı duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır".

Qeyd edək ki oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

"Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.

Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron və digərləri çıxış ediblər.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.