Siyasət

Qaz vurmaqla qazanımız dolacaq - Azərbaycanın gəlirləri getdikcə artır

1 İyun 2018 07:07
Baxış: 3 684

Azərbaycanın dünyadakı güvənilik statusu və geosiyasi tərəfdaşlarının sayı artır. 

"Rəsmi açılışı olmuş "Cənub Qaz Dəhlizi" meqalayihə tam gücü ilə işə salındıqdan sonra Azərbaycan üçün həm strateji və geosiyasi, həm də geoiqtisadi baxımdan çox böyük əhəmiyyəti olacaq. "Cənub Qaz Dəhlizi" Azərbaycanın regionda oxşar mənbədən yeni marşrutlarla qazın Avropaya ixracına dair gerçəkləşdirdiyi digər layihələrlə müqayisədə daha tez həyata keçirilib. Çox vaxt texniki baxımdan buna oxşar, lakin siyasi baxımdan mürəkkəb çoxmilyardlı layihələr sadəcə kağız üzərində qalırlar. Bu layihənin vaxtından tez ərsəyə gətirilməsi isə Azərbaycanın həm güvənilik statusunu daha da artırır, həm də onun Avropada, ümumilikdə dünyada nəinki enerji sahəsində, hətta siyasi və geosiyasi baxımdan da tərəfdaşlarının sayını artırır". 

Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma şöbəsinin aparıcı elmi işçisi, Oksford Enerji Araşdırmaları İnstitutunun elmi işçisi, Qlobal Qaz Mərkəzinin eksperti, enerji məsələləri üzrə tanınmış mütəxəssis Gülmirə Rzayeva bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan indiyədək yalnız qaz hasil edən və ixracatçı ölkə kimi çıxış edirdisə, "Cənub Qaz Dəhlizi"nin boru xətləri seqmentləri Azərbaycana imkan verəcək ki, o, həm də qaz nəql və tranzit edən ölkəyə çevrilsin: "Çünki ötürmə gücü çox böyük olan, Türkiyədə yerləşən, lakin Azərbaycana məxsus TANAP boru xətti çox strateji infrastrukturdur. Bu o deməkdir ki, Azərbaycan burda həm də qaz nəql edən ölkə kimi də çıxış edə bilər. Bundan başqa boru xətlərinin həcmi çox geniş olduğuna görə, Azərbaycan gələcəkdə digər mənbələrdən də qazı qərb istiqamətində nəql edə bilər".

G.Rzayeva qeyd edib ki, layihənin digər strateji əhəmiiyəti odur ki, bizim qazımız Avropaya, qazın şaxələndirməsinə ən çox ehtiyacı olan ölkələrə ötürüləcək: "Bu, ilk növbədə Bolqarıstandır. Çünki Bolqarıstan demək olar ki, 100 faiz yalnız bir idxal mənbəyindən - Rusiyadan asılıdır. Bolqarıstan Azərbaycandan 1 milyard kub.m qaz alacaq. Bu da Avropaya yeganə qaz ixrac edən şirkətin bazar hissəsinin təxminən 33 faizini təşkil edir. Yəni Bolqarıstan bununla öz bazarının təxminən 1/3-ni şaxələndirmək imkanı əldə edəcək. Yunanıstanda bu rəqəm təxminən 34, İtaliyada isə 33,4 faizdir. Yəni bu 3 ölkənın hər biri öz qaz idxal mənbələrini diversifikasiya etmək imkanı qazanacaq. Bu da onlar üçün çox vacibdir. Çünki qaz sektorundakı diversifikasiya çox məsələlərə təsir edir. Bu, onlara ilk növbədə digər qaz satıcıları ilə əlverişli müqavilə şərtlərinin danışılması və əldə edilməsinə şərait yaradır. Bütün bunlar isə həmin ölkələri bizə siyasi baxımdan daha da yaxın edir. Yəni həmin ölkələr Azərbaycan üçün həm iqtisadi, həm də siyasi tərəfdaşa çevrilir. Təbii ki, bu, bizim üçün çox müsbət haldır".

Mütəxəsissin fkrincə, layihənin əsas hissəsinin Türkiyə ərazisindən keçməsi də Azərbaycana böyük strateji imkanlar yaradır, əlavə üstünlüklər verir: "Belə ki, Türkiyə çox əlverişli coğrafi mövqeyə malikdir. Türkiyə dünyada qazın 47 faizini hasil edən ölkələrlə dünyanın 17 faiz qaz istehlak regionu arasında yerləşir. Qaz hasil edən ölkələr dedikdə, Rusiya, Yaxın Şərq, Azərbaycan və Aralıq dənizi ölkələridir. Qaz istehlak edən region dedikdə isə Avropa nəzərdə tutulur. Lakin Türkiyə indiyədək bu cür əlverişli mövqedən istifadə edə bilmirdi. Çünki onun qaz hasil edən ölkələrin qazını Avropaya nəql etmək və ya onu alıb satmaq üçün böyük həcmli boru xətti yox idi. TANAP isə belə bir imkanı həm Türkiyə, həm də Azərbaycan üçün yaradır. Yəni burda vasitəçi, bağlayıcı rolunu təkcə Türkiyə oynamır, Azərbaycan da həm hasilat, həm də istehlak edən regionu Türkiyədə birləşdirəcək. Bu isə Azərbaycana böyük strateji dividentlər vəd edir".

İqtisadi baxımdan isə həm SOCAR-ın, həm də Azərbaycan dövlətinin böyük gəlirlər əldə edəcəyi gözlənilir: "Biz artıq kommersiyalaşma mərhələsinə daxil olmuşuq. Yəni iyunun ortalarında Azərbaycan qazı Türkiyədə satılmağa başlayacaq. Bu da çox böyük hadisədir. Çünki biz artıq satışdan gəlir əldə etməyə başlayacağıq. Boru xətləri tam olaraq işə salınarsa, məsələn, TANAP-ın nəql həcmi 31 milyard kub.m-dirsə və tam olaraq bu qədər qaz nəql edilərsə, o zaman gəlirlər dəfələrlə arta bilər. Bu bizim üçün vacibdir. Çünki Azərbaycan bu günədək qoyulan investisiyaların müqabilində gəlir əldə etməlidir. Artıq bu proses başlayıb və bu gəlirlər gələcəkdə daha da artacaq.
Bu baxımdan mən Türkiyə bazarını xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə bazarında qazın qiyməti Avropada olduğundan 10-15 faiz daha yüksəkdir. İqtisadi baxımdan belə əlverişli bazara daxil olmağımız gəlirlərimizi daha da artıracaq. Çünki qiymətlərin yüksək olmasından əlavə, coğrafi məsafə də qısa olduğundan Azərbaycan qazının Türkiyəyə nəqli daha az xərclərlə başa gəlir. Bu isə gəlirin daha çox olmasına gətirib çıxaracaq. Belə olan halda əldə edilən gəlir Azərbaycanın iqtisadi vəziyyətinə uzunmüddətli perspektivdə müsbət təsir göstərə bilər. Müqavilələr də Avropa alıcıları ilə 25 illik, Türkiyənin "Botaş" şirkəti ilə 15 illik imzalandığıdan bu bazarları özümüz üçün uzun müddətə təmin etmişik. Bu da çox vacib amildir. Çünki hazırda həm Türkiyə, həm də Avropa bazarlarında kəskin rəqabət var. Belə ki, Türkiyə bazarında qiymətlər yüksək olduğundan hamı o bazara öz qazıyla çıxmaq istəyir. Bu yanaşma maye qaza da aiddir. Bənzər şeyi biz Avropa bazarı haqqında deyə bilərik. Belə bir rəqabət fonunda həmin bazarları özümüz üçün uzunmüddətli perspektivdə təmin etməyimiz çox müsbət haldır".

 Ekspert "Cənubi Qaz Dəhlizi"nin Azərbaycanla Rusiya arasında rəqabət kimi qələmə verilməsi ilə bağlı fikirlərə də münasibət bildirərək bunun düzgün olmadığını deyib: "Mən burda Rusiyanı rəqib kimi görmürəm. Ümumiyyətlə, bu cür yanaşma düz deyil. Çünki hər iki bazara baxsaq, görərik ki, Rusiyanın Avropaya ixrac etdiyi qazın həcmi çox böyükdür. Bu, hardasa 150 milyard kub.m-ə yazın qaz deməkdir. Təbii ki, Azərbaycan 10 milyard kub.m-lə Rusiyaya rəqib ola bilməz. Rusiya Türkiyə bazarına da hər il 24 milyard kub.m qaz ixrac edir. Bizim Türkiyə bazarına çıxardığımız qazın həcmi isə cəmi 6 milyard kub.m təşkil edir. Yəni burda rəqabətlik bir şey görmürəm.

Amma təbii ki, bizdən qaz alacaq Avropanın 9 şirkətinin kiminlə və hansı şərtlərlə müqavilə bağlayacağı onların öz seçimidir. Azərbaycan həmin şirkətləri bizim qazımızı almağa məcbur edə bilməz. Bu gün Avropanın qaz bazarında elə bir kommersiya mühiti formalaşıb ki, orada alıcıların kifayət qədər seçim etmək imkanı var. Çünki bu gün Avropaya yeni mənbələrdən maye qaz da gətirilir. Yəni rəqabət təkcə Avropanın ənənəvi və yeni qaz təchizatçıları arasında yox, yanacaq təchizatçıları arasında da gedir. Çünki bəzi Avropa ölkələri qazdan başqa, alternativ yanacaq növlərinə keçirlər.

Təbii ki, belə olan halda alıcı öz maraqlarına uyğun olaraq mənbəni özü seçir. Bu cür imkan yarandıqda və əlavə qaz mənbəyi olduqda onlar həm qiymət, həm də digər şərrləri müqayisə edib özləri üçün ən əlverişli variantı seçirlər. Əgər bu gün 9 şirkət Azərbaycandan "Şahdəniz-2" üzrə qaz almaq üçün kontrakt imzalayıbsa, deməli bu, onlar üçün daha əlverişli, sərfəlidir.

Yəni burada söhbət Rusiya ilə rəqabətdən yox, sağlam, iqtisadiyyatın bütün qaydalarına cavab verən yaranmış mühitdən gedir. Avropada isə həm satıcı, həm də alıcı üçün belə bir əlverişli mühit var".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.