Siyasət

Düşünülmüş, ağıllı və prinsipial siyasət ili

27 Dekabr 2014 14:04
Baxış: 694

Partiya sədrləri başa çatmaqda olan ilin siyasi yekunlarını qənaətbəxş hesab edir, 2015-ci ilin də uğurlu olacağına inanırlar

2014-cü il başa çatmaqda, müxtəlif siyasi proseslərlə tarixə yazılmaqdadır. Artıq ilin siyasi yekunları da müzakirə edilməkdədir. O cümlədən qarşıdan gələn 2015-ci ildən gözləntilər də açıqlanmaqdadır. Bu ilin ölkəmiz üçün necə keçdiyi və hansı hadisələrlə yadda qaldığı haqda partiya sədrlərinin fikirlərini öyrəndik. Onların fikrincə, bu ili ölkəmiz üçün uğurlu və yadda qalan hesab etmək olar.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bizimlə söhbətində dedi ki, bu il ümumilikdə dünya üçün mürəkkəb keçdi və tarixdə çox ciddi, geosiyasi proseslərlə yadda qaldı: "Kataklizmlərlə dolu olan zaman kəsiyində Azərbaycanda sabitlik qorunub saxlandı. Xarici siyasətdə əldə olunan davamlı uğurlar və ölkə daxilində sosial-iqtisadi layihələrin yerinə yetirilməsi zamanı yüksək tempin qorunub saxlanması ölkənin əsas uğurlarındandır. Əsas odur ki, uğurlu xarici siyasət nəticəsində ölkəmiz neqativ vəziyyətlərdən sığortalana bildi. Halbuki Azərbaycana qarşı böyük təhlükələr var idi. Bəzi xarici qüvvələr bu il də təhdidlərini səngitmədilər. Lakin xalqın siyasi iradəsi nəticəsində ölkədə sabitliyi poza bilmədilər. Çünki Azərbaycanda düşünülmüş, ağıllı və prinsipial siyasət həyata keçirilir. Ölkədəki inkişaf göz önündədir. Sosial inkişafda nəzərdə tutulan hədəflərə çatmışıq. Bu, növbəti illər üçün də ölkə inkişafına ciddi zəmin yaradır. İl ərzində baş verənlərdən ən çox "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimini yadda qalan hesab edirəm. Sentyabrın 20-də "Əsrin müqaviləsi"nin 20 illiyində həyata keçirilən bu layihə ölkə üçün böyük perspektiv vəd edir".

F.Ağamalının fikrincə, TANAP və TAP layihələrinin ardınca bu proyektin gerçəkləşdirilməsi Azərbaycana böyük maliyyə imkanları açacaq: "Bir daha təsdiq olundu ki, Azərbaycan dünya üçün çox ciddi partnyordur. Ölkəmiz humanitar, idman sahələrində də, sivilizasiyalararası əlaqələr mövzusunda da dialoq məkanı olduğunu sübut edib. Həmçinin Azərbaycan idman yarışlarının məkanı kimi tanınır. Amma təəssüf ki, 2014-cü il bizə illərdir gözlədiyimiz sevinci bəxş etmədi, işğal olunmuş torpaqlarımızın azad olunmasını görə bilmədik. Təbii ki, bu Azərbaycandan asılı olan məsələ deyil. Biz ölkə olaraq öz üzərimizə düşən bütün işlərin öhdəsindən gəldik. Hamı bilir ki, Azərbaycan ordusu dünyada ən bahalı texnikaya malik olan ordulardan biridir. Bu o deməkdir ki, Azərbaycan hərbi qüvvələri istənilən an torpaqlarımızı düşməndən təmizləməyə qadirdir. Lakin bu, Ermənistanla Azərbaycan arasında olan münaqişə deyil. Beynəlxalq təşkilatların dəfələrlə bu mövzuda ikili standartlardan çıxış etdiyi hamıya məlumdur. Xatırlayırsınızsa, bir müddət öncə sərhədimizdə təxribatlar törədildi. Xaricilərin ikiüzlülüyünü onda da gördük. Təbii ki, bu mövzuda başqa məqamlar da var. Türkiyə hökuməti bizim yanımızda olduğunu bir daha nümayiş etdirdi. Mən belə başa düşdüm ki, əgər müharibə baş verərsə, Türkiyə Azərbaycanın yanında olacaq. Ümid edirəm ki, 2015-ci ildə Dağlıq Qarabağ mövzusunda irəliləyişə nail olacağıq".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də bu ilin ölkəmiz üçün kifayət qədər uğurlu keçdiyini söylədi: "İlk olaraq ən yaralı mövzumuz olan Dağlıq Qarabağ münaqişəsi haqda danışmaq istərdim. Hamı bilir ki, bu problem süni şəkildə yaradılıb və Azərbaycan üçün müəyyən çətinliklər törədilir. Azərbaycanın öz əlində olsaydı, bu problem çoxdan həll olunmuşdu və bu vaxta qədər uzadılmazdı. Təəssüf ki, mövzu beynəlxalq elementə çevrilib və böyük güclər bundan Azərbaycana pressinq tətbiq etmək üçün istifadə edirlər. Münaqişənin siyasi tərəfləri ilə yanaşı, iqtisadi tərəfləri də var. Belə ki, işğal olunmuş 20 faiz torpaqdan Azərbaycan büdcəsinə maliyyə vəsaiti daxil olmur. Halbuki o ərazilərdə təbiətin bəxş etdiyi nə qədər zənginlik olduğunu bilirsiniz. Təbii şəraiti olduqca mükəmməl olan ərazilərin işğalda qalması ilə həddən artıq yüksək maliyyə itiririk. Torpaqlarımız işğalda olmasaydı, ölkədə sosial-iqtisadi vəziyyət daha yüksək olardı. Bundan əlavə, Azərbaycan bir milyondan artıq qaçqına da sahib çıxaraq onların sosial həyatını təmin edir, mənzil şəraitlərini yaxşılaşdırır".

F.Quliyev qeyd etdi ki, bu il dünyada böhran ili sayılsa da, Azərbaycan bunu hiss etmədi: "Bu məqam bir daha göstərir ki, ölkənin siyasi xətti doğrudur. Prezident başda olmaqla, ölkədə siyasi iradə var. Vətəndaşlar mühüm mövzularda həmrəy olmağı, birlik nümayiş etdirməyi bacarırlar. Sevindirici haldır ki, ölkə əhəmiyyətli mövzularda fərqli düşüncələr yoxdur. Ona görə də Azərbaycanda qarşıdurma yaratmağa çalışan adamlar, dövlətlər, qüvvələr buna nail ola bilmirlər. Azərbaycan xalqı sayıq davrandı və siyasi sabitliyi qoruyub saxladı. Təsadüfi deyil ki, ilin sonunda iqtidar və müxalifət arasında dialoq başlaması üçün görüş baş tutdu".

Partiya sədrinin fikrincə, gələn il ölkəmiz üçün bir qədər çətin keçə bilər: "Çünki qonşu Rusiyada vəziyyət gərginləşə bilər. Buna səbəb Ukraynada baş verənlər, neftin qiymətinin aşağı düşməsi və s səbəblərdir. Yaxın dövlət olduğumuza görə gedişat biz də təsirsiz ötüşməyə bilər. Amma mənə elə gəlir ki, Azərbaycan bu kimi hallara hazırdır və imkanlarımız gələn il dövləti problemsiz çıxarmağa imkan verəcək".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.