Siyasət

Mətbuat Şurasından "Azadlıq Radiosu" ilə bağlı məsələyə REAKSİYA

27 Dekabr 2014 00:11
Baxış: 1 124
""Azadlıq Radiosu" ilə bağlı baş verən hadisənin Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic tərəfindən hücum adlandırılması əxlaq çərçivəsinə sığan bir addım deyil". Milli.Az xəbər verir ki, bunu SİA-ya Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib.

Onun sözlərinə görə, "Azadlıq Radiosu"nun ofisinə heç hücum baş verməyib: "Sadəcə olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq sənədi təqdim etməklə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq redaksiyada axtarış aparıblar. Zərurət yarandığından redaksiyanın bəzi avadanlığı müsadirə edilib və qapıları möhürlənib. Yəni bütün bunların hər biri heç bir kobudluq olmadan qanun çərçivəsində baş verib və hücumdan söhbət gedə bilməz".

"Nenad Pejic məsələyə münasibətində əxlaq dışı ifadələr işlədərək Azərbaycan rəhbərliyini bir növ "quldurluq"da ittiham edib və "Azadlıq Radiosu"nun susdurulmasına yönələn "quldurluğ"un tərkib hissəsi kimi qiymətləndirib. Bu adamın diqqətinə çatdırıram ki, heç bir media qurumunun rəhbərinə hər hansı bir hüquq verilmir ki, bir ölkənin rəhbərliyi haqqında quldur ifadəsini işlətsin. Azərbaycan Respublikası müstəqil, suveren dövlətdir. ABŞ da daxil olmaqla heç bir ölkədən asılı deyil. Öz siyasətini özü müəyyənləşdirir. Özünün konstitusiyası, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Bu hadisədə bu çərçivədən kənara çıxılmayıb", - A.Həsrət deyib.

A.Həsrət bildirib ki, "Azadlıq Radiosu" ilə bağlı baş verən hadisədə ölkə rəhbərliyinin ümumiyyətlə qınanması doğru yanaşma deyil: "Bu adam ədəbsizlik, tərbiyəsizlik edərək Azərbaycan rəhbərliyini quldurluqda ittiham etməsi, artıq onların ajiotaj içərisində olmasından xəbər verir. Bunlar nəyinsə üstünün açılacağından qorxurlar. Bundan o qədər əndişə duyurlar ki, Azərbaycan rəhbərliyinə qarşı belə ədəbsiz ifadələrə də yol verirlər".

A.Həsrət qeyd edib ki, baş verən hadisəyə görə, heç bir narahatçılıq keçirmir: "Çünki, ABŞ müstəqil dövlətdir. Nə üçün Azərbaycanda həmin dövlətin maliyyəsi ilə fəaliyyət göstərən təbliğat vasitəsi çalışmalıdır. Çünki, bu qurum media yox, təbliğat vasitəsidir. ABŞ Konqrensi tərəfindən maliyyələşdirilən "Azadlıq Radiosu" ABŞ dövlət siyasətinin təbliğat vasitəsidir. Bu təbliğat vasitəsində faktiki olaraq ABŞ dövlətinə işləmək üçün xeyli sayda Azərbaycan vətəndaşı cəlb edilib. Bakının mərkəzində oturaraq, Azərbaycan dövlətinə, ictimai rəyinə qarşı müharibə aparırlar. Təbii ki, belə olan halda Azərbaycan hökuməti bu addımı atmalı idi".

"Bu addımın atılmasının "Azadlıq Radiosu"nun rəhbərliyi tərəfindən ədəbsiz bir tonda qarşılanması bir daha göstərir ki, Azərbaycan qarşı bəzi güclər doğrudan da planlı şəkildə, ölkənin içərisindən müəyyən təxribatlara hazırlaşırlar. Ona görə də radionun redaksiyasında aparılan axtarış onları bu qədər narahat edir. Azərbaycan Xarici İşlər Nazirliyi, ümumən Azərbaycan bir dövlət olaraq ABŞ-ın ölkəmizdəki səfirliyindən izahat tələb etməlidir ki, onun dövlətinə bağlı bir radionun rəhbəri necə olur ki, Azərbaycan rəhbərliyini quldurluqda ittiham edəcək qədər tərbiyəsizlik sərgiləyir" - A.Həsrət bildirb.

A.Həsrət vurğulayıb ki, bu tərbiyəsizliyin cavabı hökmən verilməlidir: ""Azadlıq Radiosu"nun Bakı bürosu hətta araşdırma aparılmadan bağlanılmalıdır. Çünki bu radionun Bakıdakı bürosu Azərbaycan dövləti ilə faktiki olaraq çiling-ağac oynamaqla məşğuldur. Hesab edirəm ki, buna bu vaxta qədər dözümlü yanaşdığımıza görə, nəticə çıxarmalı idilər. Azərbaycan dövlətinə qarşı belə ədəbsizliyə yol verməməli idilər. Amma bu ədəbsizlik edildiyinə görə, dövlətimiz öz nüfuzunu qorumaq üçün onlara müvafiq cavabı verməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.