Siyasət

Xocalı: Keçmişin ağrısı, ümidli gələcək...

26 Fevral 2025 14:00
Baxış: 438

Xocalı faciəsi Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək, mülki əhaliyə qarşı amansız qırğın törədib. Bu faciə Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrdə baş vermiş və xalqımızın dinc əhalisinə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb.

Xocalı faciəsi Ermənistanın Azərbaycan torpaqlarına qarşı apardığı işğalçılıq siyasətinin bir hissəsi idi. 1988-ci ildən sonra münasibətlərin gərginləşməsi Ermənistanın açıq şəkildə hərbi hücumlara keçməsinə səbəb olmuşdu. Xocalı strateji cəhətdən mühüm əhəmiyyətə malik idi, çünki bu şəhər Qarabağın əsas yollarının kəsişdiyi nöqtədə yerləşirdi. Azərbaycanın Qarabağ bölgəsində yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Bu səbəbdən erməni silahlı qüvvələri şəhəri ələ keçirmək üçün planlı hücum həyata keçirib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlayıb. Şəhər bir neçə tərəfdən mühasirəyə alınıb və ağır artilleriya atəşinə tutulub. Şəhərin dinc sakinləri, əsasən qadınlar, uşaqlar və qocalar, çarəsiz vəziyyətdə qalıblar. Xocalının işğalına rus ordusunun 366-cı motoatıcı alayı da dəstək verib. Şəhər yerlə-yeksan edildikdən sonra erməni silahlı qüvvələri Xocalı sakinlərini amansızcasına qətlə yetirməyə başlayıblar.

Rəsmi məlumatlara görə Xocalı qətliamı zamanı 613 nəfər öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb və onlardan bir çoxu işgəncələrə məruz qalıb. Hələ də 150-dən çox insanın taleyi naməlumdur. Ölənlər arasında 63 uşaq, 106 qadın və 70 yaşlı insan vardı. Bütün bunlar onu göstərir ki, Xocalı faciəsi yalnız hərbi cinayət deyil, həm də soyqırım aktıdır. Şahidlərin ifadələrinə əsasən, erməni silahlıları dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirərək, insanları diri-diri yandırmış, başlarını kəsmiş və meyitləri təhqir etmişdilər.

Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətini çəksə də, beynəlxalq təşkilatlar bu hadisəyə kifayət qədər sərt reaksiya verməyib. Lakin illər keçdikcə Azərbaycanın apardığı diplomatik səylər nəticəsində bəzi dövlətlər bu faciəni soyqırımı kimi tanıyıblar. Pakistan, Türkiyə, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Sudan, Peru və bir sıra digər ölkələr Xocalı faciəsini rəsmi şəkildə soyqırımı kimi tanıyıblar. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar bu qətliamı pisləyiblər.

Azərbaycan dövləti bu faciənin dünya ictimaiyyətinə tanıdılması üçün geniş iş aparır. "Xocalıya ədalət" kampaniyası çərçivəsində müxtəlif tədbirlər təşkil olunur, sənədli filmlər çəkilir və məqalələr yayımlanır. Xocalı soyqırımının tanınması üçün Azərbaycan diasporası da fəal iş aparır.

Hər il fevralın 26-da Azərbaycanda Xocalı şəhidlərinin xatirəsi anılır. Bakıda Xətai rayonunda Xocalı abidəsi ucaldılmış və bu məkan xalqın hüzn içində baş çəkdiyi müqəddəs yerə çevrilib. Həmçinin ölkənin müxtəlif bölgələrində və xaricdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmur və gələcək nəsillərə ötürərək, tarixi ədalətin bərpa olunmasını təmin etməyə çalışır.

Xocalı faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qan yaddaşında dərin iz buraxmış bir hadisədir. Bu soyqırımı təkcə tarixin qaranlıq səhifəsi kimi xatırlanmamalıdır, həm də beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməlidir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq.

Bu gün Xocalı azaddır! Vətən müharibəsinin qələbə ilə başa çatması nəticəsində Azərbaycan Xocalını işğaldan azad etməyə nail oldu. Artıq Xocalı şəhəri Azərbaycan ordusunun nəzarətindədir və burada həyat yenidən bərpa olunmağa başlayır.

Xocalının azad olunmasından sonra Azərbaycan dövləti şəhərin yenidən qurulması və inkişafı istiqamətində genişmiqyaslı işlərə start verib. Burada mina təmizləmə əməliyyatları aparılıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət tərəfindən Xocalının bərpası üçün xüsusi proqram hazırlanıb və infrastruktur layihələri həyata keçirilməyə başlanılıb.

Yeni yolların və kommunikasiya xətlərinin çəkilməsi, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin inşası sürətlə davam edir. Şəhərə qayıdacaq sakinlərin rahat yaşayışı üçün müasir yaşayış binaları tikilir. Həmçinin, Xocalının işğal zamanı dağıdılmış tarixi və mədəni abidələrinin bərpasına xüsusi diqqət yetirilir.

Bəxtiyar Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.