Siyasət

Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində öldürülən azərbaycanlıların sayı açıqlandı

13 Fevral 2025 20:03
Baxış: 362

Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Trend xəbər verir ki, məhkəmə zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.

Bildirilib ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.