COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, onların iştirakı hələlik məlum deyil.
"İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparırlar.
Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin, şübhəsiz ki, əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir.
Şübhəsiz ki, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
Milli.Az