Rusiyada erməni vətəndaşları ilə bağlı bu faktları bilmirlər? - Tanınmış analitikdən maraqlı şərh

20 Yanvar 2019 12:32

Tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin Milli.Az-a müsahibəsi:

Təkcə 2017-ci ildə Rusiya vətəndaşlığı alan Ermənistan vətəndaşlarının sayı 25144 nəfər olub.

- Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı etiraz bəyanatı yayıb. Sizcə erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması niyə bu qədər sərt qarşılanır?

Rusiya XİN-nin anti-Azərbaycan bəyanatının arxasında nə dayanır? - MÜSAHİBƏ

- Azərbaycanın nə üçün Rusiya pasportu daşıyan erməniləri ölkəyə buraxmadığını detallı şəkildə izah etmək lazımdır. Faktlara istinad edək: Ermənistanın Rusiyadakı səfirliyinin rəsmi açıqlamasına görə, Rusiyada 2-2,5 milyon erməni yaşayır. Rusiyanın rəsmi mənbələri bu rəqəmin 1,2 milyon olduğunu bildirirlər. Şübhəsiz, Rusiyada yaşayan ermənilərin sayı əsasən Sovet İttifaqının süqutundan sonra, miqrasiya nəticəsində artıb. Statistik göstəricilərə diqqət yetirək: 1989-cu ildə Rusiyada yaşayan ermənilərin sayı 532 min nəfər olub. 1998-ci ildə bu rəqəm 874 min nəfər təşkil edib. Şübhəsiz ki, burada söhbət Rusiya vətəndaşı olan ermənilərdən gedir. 2002-ci ildə keçirilən siyahıyaalmada Rusiya vətəndaşı olan ermənilərin sayı 1,1 milyon, 2010-cu ildə keçirilən siyahıyaalmada isə 1,2 milyon göstərilir.

Onu da qeyd edim ki, nə Rusiya, nə də Ermənistan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir. Rusiya vətəndaşı başqa bir ölkənin vətəndaşlığını qəbul edəndə bu barədə müvafiq qurumlara məlumat verməlidir. Ermənistan vətəndaşları üçün isə 2016-cı ildə bu ölkənin qanunvericiliyinə edilən dəyişikliyə görə, belə bir tələb yoxdur. Yəni Ermənistan vətəndaşı başqa bir ölkənin vətəndaşlığını qəbul edə və bu barədə öz ölkəsinin müvafiq qurumlarını məlumatlandırmaya da bilər.

XİN: "Rusiya rəsmisinin öz vətəndaşı olan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik"

İndi isə Rusiya vətəndaşlığını qəbul edən Ermənistan vətəndaşlarının statistikasına diqqət edək. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, təkcə 2017-ci ildə Rusiya vətəndaşlığı alan Ermənistan vətəndaşlarının sayı 25144 nəfər olub.(!!!) 25 min - bu, 1 il üçün çox böyük göstəricidir. Ermənistanda 1995-ci ildə qəbul edilmiş və ikili vətəndaşlığa icazə verən qanunu nəzərə alsaq, o zaman son 23 il ərzində eyni zamanda Rusiya vətəndaşlığı alan ermənilərin sayını təxmin etmək olar. Əgər 2017-ci ilin göstəricisini ortalama rəqəm kimi götürsək, son 23 il ərzində Rusiya vətəndaşlığı alan ermənilərin sayı 600 min nəfərə yaxın olur. Bu sıraya hələ Ermənistan vətəndaşlığı alan Rusiya vətəndaşlarını aid etmirəm. 2017-ci ildə belələrinin sayı təxminən 7 min nəfər edib. Bütün bu göstəricilər, həmçinin, Rusiyada ermənilərin sayının artması ilə bağlı nümunə gətirdiyim statistik göstəricilər sübuta yetirir ki, erməni əsilli Rusiya vətəndaşlarının böyük əksətiyyətinin eyni zamanda Ermənistan vətəndaşlığı da var. Əgər təxminən 30 dəqiqə ərzində bu rəqəmləri hesablayıb nəticə çıxarmaq mümkündürsə, deməli bunu Rusiyanın müvafiq dövlət qurumlarda kök salmış ermənilər və onların havadarları da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan məhz bu amili nəzərə alıb işğalçı ölkənin vətəndaşlarını öz sərhədlərindən içəri buraxmır.

Bəyanat və açıqlamalara gəldikdə isə, görünür kimlərsə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin getdikcə pisləşməsindən, Azərbaycan-Rusiya münasibətlərinin inkişafından narahatlıq keçirirlər.

Rusiya-Ermənistan münasibətlərinin pozulması erməni lobbisinin maddi maraqlarına zərbə vurur.

Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər

 - Azərbaycanda bəziləri bunu erməni lobbisinin Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsindən ciddi narahatlığının ifadəsi və təxribatı sayırlar. Siz bununla razısınız?

- Şübhəsiz, birmənalı şəkildə bütün bunlar erməni lobbisinin Azərbaycan-Rusiya münasibətlərinin sürətli inkişafından keçirdikləri narahatlığın göstəricisidir.

- Bəyanatın Ermənistanda sorosçuların hakimiyyətə gəlməsindən və Rusiya-Ermənistan münasibətlərində gərginliyin artmasından sonra baş verməsi təsadüfdürmü?

- Təbii ki, təsadüfi deyil. Sorosçuların Avropa Parlamentindəki Azərbaycanla bağlı təxribat xarakterli fəaliyyəti təsadüfi olmadığı kimi, Rusiya-Ermənistan münasibətlərinin pozulmasından doğan narahatlıq da təkcə siyasi məsələ deyil. Burada korporativ maraqlar da var. Rusiyada yaşayan və bu ölkənin müvafiq dövlət qurumlarına nüfuz etmiş şəxslər, Ermənistanın lobbiçiliyini edənlər Moskva-İrəvan münasibətlərinin pozulmasını həm də öz karyeralarına, maddi maraqlarına dəyən zərbə kimi qəbul edirlər. Çünki onların fəaliyyətlərinin ana xəttini məhz Rusiya-Ermənistan münasibətləri, bu münasibətlər üzərindən yürütdükləri siyasət təşkil edib.

Bu cür bəyanatlara son qoyulacaq.

XİN: Ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir

- Rusiya XİN-in bu mövqeyi Rusiya və Azərbaycan prezidentlərinin dostluq və qarşılıqlı əlaqələri inkişaf etdirmək istiqamətində atdıqları addımların ruhuna uyğundurmu?

- Uyğun deyil, şübhəsiz. Məqsəd də qarşılıqlı ritorikaya yol açmaq və münasibətlərdə ziddiyyətli məqamlar yaratmaqdan ibarətdir. Buna nail ola biləcəklərini düşünmürəm.

- Sizcə Azərbaycan tərəfi bununla bağlı daha hansı addımları atmalıdır?

- Azərbaycan tərəfinin mövqeyi və münasibəti ortalıqdadır. Rəsmi Bakı hər zaman olduğu kimi soyuqqanlı davranır və proseslərin gün işığına çıxacağı məqamı gözləyir. Düşünürəm ki, bu qəbildən olan bəyanat və açıqlamalara yaxın zamanda son qoyulacaq.
 

İlkin İzzət
Milli.Az