Laqeydlikdən bezən sakinlər - Bəlkə yataqxana çökə, onda köməklik edərlər?! - FOTO

25 Noyabr 2017 13:46

Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2 ünvanındakı 17 saylı yataqxanada yaşayan sakinlərin adından Milli.Az-a növbəti dəfə şikayət məktubu daxil olub. Məktubda bəzi dövlət orqanlarının, demək olar ki, dağılmaqda olan yataqxanada məskunlaşmış insanların həyatına laqeyd münasibət göstərdiyi bildirilir:

"Bura cəhənnəmi xatırladır, həyatla ölüm arasında mübarizə aparırıq" - FOTO

 

"Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxananın acınacaqlı şəraiti haqqında, yəqin ki, məlumata maliksiniz. Azərbaycanın bir neçə xəbər saytlarına "çox sağ ol" deyirik ki, yaşadığımız yataqxananın dözülməz şəraiti ilə bağlı xəbərləri ictimayyətə çatdırırlar. Hal-hazırda payız-qış mövsümüdür. İnanın, ağır və çətin günlərimiz başlayıb. Yaşayışımız təhlükədədir. Bizim əlimizdən yalnız aidiyyəti qurumlara müraciət edib köməklik istəmək gəlir. Lakin nəticə olmadığı üçün vətəndaş hüququmuzdan istifadə edərək aidiyyəti qurumlara tez-tez müraciətimizi davam etdiririk. Həmin qurumlar isə bizə yalnız şablon cümlələrin yer aldığı məktublarda cavab verirlər. Necə deyərlər, bir qurum, məktubu digərinə yönəldir. Belə dövlət orqanlarından Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyətini qeyd etmək olar. Adıçəkilən bu qurumların bizə yazdıqları şablon cavab məktublarından artıq bezmişik.

Belə yataqxana görməmisiz - Bədbəxt hadisəni gözləyən sakinlərin fəryadı - FOTO

Onsuz da, artıq 23 ildir ki yataqxanada ölümlə üz-üzə qalmışıq. Yataqxana 2 mərtəbəli köhnə tikilidir. Burada 30 ailə yaşayır. Onlardan 24-ü Cəbrayıl və Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün ailələləri, 7-si isə yerli sakinlərdir. Yataqxana qəzalı və dözülməz şəraitdə olduğu üçün həyatımızla mübarizə aparırıq. Divarlarda, döşəmədə, tavan hissəsində qırıntılar, çatlar olduğu üçün tez-tez uçqunlar baş verir. Yataqxananın döşəmə hissəsinin çökməsi səbəbindən 6 yaşlı körpə başından ağır xəsarət almışdır. Yataqxanada infeksiya daşıyıcısı olan həşəratlar vardır. Bu səbəbdən 4 yaşlı körpənin beyninə virus düşərək yataq xəstəsi olmuşdur. Yataqxananın bəzi sakinləri, xüsusilə də körpələr astma xəstəliyinə tutulublar. Buradakı elektirik xətlərində tez-tez qısa qapanmalar baş verir. Yataqxananın içi və çöl hissəsi  kanalizasiya və yağış suları altında qalır. Hal-hazırda payız-qış mövsümüdür, ağır günlərimiz başlayıb. Dam hissəsi qəzalı vəziyyətdə olduğu üçün yağış suları yataqxananın içinə dolur. Daha hansını qeyd edək..? Bəlkə birdəfəlik yataqxana çökə, onda köməklik edərlər?!

Bakıda viran qalmış yataqxanadakı həyat - FOTO

Dəfələrlə müraciətlərimizdə yataqxanadakı bədbəxt hadisələr haqqında bildirmişik. Körpə uşaqlarımız infeksiyon xəstəliyinə tutulublar. Yataqxananın dözülməz şəraiti nəticəsində sakinlərin çoxu yataq xəstəsi olublar. Dəfələrlə aidiyyəti qurumların məsul şəxslərini yataqxanaya dəvət etmişik, lakin gəlmirlər. Elə bil biz başqa ölkədə yaşayırıq. Halbuki, 17 saylı yataqxanada şəhid, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldıran idmançı və gənc alim ailələri yaşayırlar. Biz bu insanlarla fəxr edirik. Lakin şikayət etdiyimiz qurumlar - Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sakinlərlə heç maraqlanmırlar. Belə olduğu halda heç kimin bizi qınamağa haqqı yoxdur..."

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində