Adətən, toy üçün tortu sifariş verirlər. Bəzən yeyilir, bəzən elə masanın üzərində əl dəyməmiş qalır. Kulinariyada şah əsəri yaratmaq həvəsində olanlar üçün Milli.Az həm dadlı, həm də yaraşıqlı toy tortunun hazırlanma qaydasını təqdim edir.
Sadə tort
Tərkibi (800 q-lıq biskvit üçün)
4 yumurta 100 q un 150 q şəkər tozu 15 q vanili şəkər 1 ç.q. qabartma tozu
Sinini yağlayın.
Unu iki dəfə ələyin. Yumurtanın ağını sarısından ayırın (heç birinə o birindən damcı da düşməsin). Yumurta ağını çox soyudun.
Yumurta sarılarının üstünə şəkər tozunun yarısını və vanilli şəkəri əlavə edin, həcmi böyüyüb ağarıncayadək çalın.
Soyudulmuş yumurta ağını mikserin orta və ya aşağı sürətində çoxlu köpüklənincə çalın. Sonra çalmağı dayandırmadan nazik axınla şəkər tozunu əlavə edin. Şəkər tozu bitəndən sonra da çalmağa davam edin. Nəticədə içində yumurta ağı çalınmış qabı əyəndə (çevirəndə) o, qabdan tökülməməlidir.
Çalınmış yumurta ağının üçdə birini çalınmış yumurta sarısı ilə qarışdırın (qaşığı altdan yuxarı qaldıraraq). Ələnmiş unu əlavə edin, yaxşıca qarışdırın. Sonra çalınmış yumurta ağının qalanını da əlavə edib eyni qayda ilə - aşağıdan yuxarı qaldırmaqla ehtiyatla qarışdırın.
Xəmiri formaya töküb hamarlayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Əgər kənarlardan ayrılır, əllə üstündən basandan sonra yenidən əvvəlki vəziyyətinə qayıdırsa, tam bişib, aralarını kəsərək layları soyudub, sonra tort yığmaq olar.
Əgər belə sadə tort xoşlamırsınızsa, o zaman aşağıdakı reseptdə göstərilən biskvitdən də istifadə edərək layların sayını artıra, tortu daha da dadlandıra bilərsiniz.
Qozlu tort
Tərkibi: ağ laylar üçün: 8 soyudulmuş yumurta ağı 500 q şəkər tozu
Tünd laylar üçün: 2 st. şəkər tozu 3 yumurta 3 x.q. bal 3 x.q. araq 1 ç.q. qabartma tozu 300 q qoz 3 x.q. un 1-ci krem: 250 q qatılaşdırılmış süd 250 q yağ
2-ci krem: 2-3 x.q. un 1 x.q. süd 250 q yağ 250 q şəkər tozu
Ağ korjlar: yumurta ağını şəkər tozu ilə möhkəm çalın. Yağlanmış siniyə balaca pirojnalar şəklində bir-birindən aralı döşəyib 10-15 dəqiqə, həcmi iki dəfə artanadək bişirin.
Tünd korjlar: balaca qazançada şəkər tozu, yumurta, bal, araq və qabartma tozunu qarışdırın. Su hamamına qoyun, hamısı əriyəndən sonra götürün, içinə qoz və un qatın, yaxşıca qarışdırın. İki yerə bölüb iki korj bişirin.
1-ci krem: yağı qatılaşdırılmış süd ilə çalın.
2-ci krem: unu süd ilə qarışdırın, lopa qalmasın. Vam ocağın üstünə qoyun, daim qarışdırın, qaynara düşəndə götürün, yağ əlavə edib qarışdırın. Tam soyudun.
Tortu yığın: tünd rəngli korjün üzərinə 1-ci kremi çəkin. Beze pirojnalardan (ağ korjlar) ikinci layı düzün. Üzərinə 2-ci kremi çəkin. Sonra layları təkrarlayın. Tortun bütün tərəfinə 2-ci kremdən çəkin.
Sonra isə tortları zövqünüzə görə bəzəyin. Bunun üçün martsipandan, aysinqdən istifadə edə bilərsiniz. Bəzi ideyaları foto və videolarla diqqətinizə çatdırırıq.