"Kiçik uğurumuz belə onlar üçün faciədir" - Milix Yevdayevdən ABŞ-nin "hesabat"ına reaksiya

9 Yanvar 2024 13:33

Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Hansı ki, bu harmoniya çox qabaqcıl dövlətlərdə yoxdur.

Bu sözləri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ABŞ Dövlət Departameninin Azərbaycandakı dini azadlıqla bağlı "hesabat"ını şərh edərkən deyib. O bildirib ki, qələbəmiz, uğurlarımız Ermənistanın havadarlarını qıcıqlandırır.

"Biz qalib gəlmişik. Gözümüz toxdur, heç kəsin torpağında gözümüz yoxdur. Heç kəsin torpağına təcavüz eləməmişik. Bunu həzm edə bilmirlər. Ermənistan kiçik dövlətdir, amma havadarları çox böyükdür. Bizim kiçik qələbəmiz Ermənistanın havadarlarını qıcıqlandırır. Bu insanlar şərlə, yalanla nəfəs alırlar, xülya ilə yaşayırlar. Dənizdən dənizə xülyası ilə...

Bu ikili standartlar dövründə, dünyanın qloballaşma dövründə biz BMT-nin 30 il kağız üzərində qalan 4 qətnaməsini həll elədik. Elə bilirsiniz bunu bizə bağışlayırlar? Xeyr. Amerika siyasəti indi Azərbaycana ayaq açmaq istəyir. Biz də buna maneəyik. Bunu bizə bağışlamırlar. ABŞ Dövlət Departamenti öz gözündəki tiri görməyib bizim gözümüzdə tük axtarır. Bizim kiçik uğurumuz belə onlar üçün faciədir. Uğurlarımız, inkişafımız heç də az deyil, Ulu öndər Heydər Əliyevin dediyi kimi dünənini unutmayan və onu öyrədən bir xalq gələcəyinə fəxrlə baxa bilər. Biz dünənimizi unutmuruq və bunu öyrənərək də gələcəyimizə fəxrlə baxacağıq.

Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Hansı ki, bu harmoniya çox qabaqcıl dövlətlərdə yoxdur. Azdan-çoxdan Amerikada da, Avropada da, Yaxın Şərqdə də olmuşuq. Elə indicə Şeyx Həzrətləri ilə danışdım. Onun televiziya kanallarından birinə verdiyi müsahibəsi ilə bağlı bir məsələni müzakirə edirdik. İnanın ki, bir-birimizi görməyəndə, səsimizi eşitməyəndə darıxırıq. Çox yaxın əlaqələrimiz var. Hətta, ezamiyyətə gedəndə bu barədə bir-birimizi məlumatlandırırıq", - o əlavə edib.

Milix Yevdayev bildirib ki, Azərbaycanda yaşayan bütün yəhudilər üçün Azərbaycan ana vətəndir. O, İsrailin üzərindəki qara buludların da çəkilməsi üçün dua etdiyini söyləyib.

Qeyd edək ki, ABŞ dinin həssaslığını nəzərə alaraq illik "hesabat" hazırlayıb. Reallıqla əlaqəsi olmayan bu "hesabat" yanvar ayının 4-də təqdim olunub. Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. "Sənəd"də qeyd olunana görə guya Azərbaycanda dini azadlıq zəifdir.

Bəxtiyar Umarlı
Milli.Az