Maraqlı

Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar?

17 Oktyabr 2020 22:55
Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqların inkişafında ən vacib olan elementlərdən biri də dəmirdir. Körpəlik dövründən başlayaraq normal miqdarda dəmir qəbul etməyən uşaqlarda dəmir çatışmazlığı yaranır, bu isə bir çox problemlərə yol açır. Körpələrdə dəmir çatışmazlığı nədir və onun profilaktikası necə aparılmalıdır?

Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin bununla bağlı hazırladığı  (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) materialı təqdim edir:

Körpənin 3-4-cü ayında fizioloji anemiya (qanazlığı) deyilən bir vəziyyət yaranır. Uşaqlar çox sürətlə inkişaf etdiklərindən normal inkişaf üçün dəmirə ehtiyac duyurlar. Hamiləlik dönəmində anadan dölə keçən dəmir onun orqanizmində depolanır və doğuşdan sonrakı 6 ay ərzində bu depo onun tələbatlarını təmin edir.

6 aylıqdan sonrakı dövrdə isə orqanizm dəmir almasa, dəmir defisitli bir vəziyyət yaranır. Ağır dəmir çatışmazlığı uşağın zehni və psixomotor inkişafını ləngidir. Sonradan dəmirin səviyyəsini normallaşdırdıqda belə, uzun müddətli problemlərin yaranmasına yol aça bilər. Uşaqda davranış pozuntuları, öyrənmə çətinliyi kimi problemlər yaranır.

Dəmir çatışmazlığının profilaktikası necə olmalıdır?

Südəmər dövrdə bu problemin həlli uşağın düzgün qidalanmasıdır. Hər bir körpə doğulduğu andan 6 ayınadək yalnız ana südü ilə qidalanmalıdır. Ana südünün tərkibində olan dəmirin 50%-i körpənin bağırsaqlarından qana sorulduğu halda, inək südündən dəmirin yalnız 10%-i sorulur. Dəmirin bağırsaqlardan sorulmasın qarşısını alan hər hansı bir dərman preparatı və ya xroniki xəstəliklər dəmir defisitinin daha nadir səbəbləridir.

Dəmir çatışmazlığının yaranmasına görə vaxtından əvvəl doğulanları yüksək risk qrupuna daxil etmək olar. Yuxarıda qeyd etdiyimiz kimi, anadan aldığı dəmir depoları və ana südü körpənin ilk 6 ay ərzində dəmirə olan tələbatını ödəyir. 6 aylığından isə əlavə verilən qida (yaşıl yarpaqlı tərəvəzlər, meyvə, dənli bitkilərdən hazırlanan məhsullar, yumutra sarısı, ən əsası isə qırmızı ət, balıq) ana südü ilə birgə körpəni dəmirlə təmin edir.

Lakin bunların verilməsinə baxmayaraq 6 ayından etibarən 24 ayına kimi olan müddət dəmir çatışmazlığının yaranması baxımından riskli dövürdür. Bunu nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 4 aydan etibarən 1 yaşa kimi profilatik olaraq aşağı dozalarda damcı şəklində olan bir dəmir preparatının verilməsi vacibdir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş kliniki protokola əsasən, 6-24 aylıq uşaqlara profilaktik dozada dəmir preparatının damcı şəkildə il ərzində 3 ay verilməsi tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.