Maraqlı

Scaled Composites Model 351 Stratolaunch - qoşa təyyarə - FOTO

20 İyun 2020 21:30
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük təyyarəsi dedikdə, hamının ağlına Antonov An-225 Mriya gəlir. Bu məşhur təyyarə indiyədək hər nə qədər qanad ölçüsünə görə Hughes H-4 Hercules-ə uduzsa da, uzunluq və digər parametrlərə görə ən böyük hesab edilir. Lakin artıq onu "Tək gövdəli ən böyük təyyarə" adlandırmaq lazımdır, çünki bir müddət əvvəl həm görünüşü, həm də onu gözləyən missiyaları ilə analoqu olmayan bir təyyarə istehsal olunub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Microsoft-un qurucularından olan Pol Allen və Scaled Composites şirkətinin bünövrəsini qoyan Burt Ruran 2011-ci ildə kosmosu daha əlçatan etmək üçün Stratolaunch System adlı platforma yaradıblar. Bu platforma əsasında yaradılan Model 351 Stratolaunch kommersiya və xeyriyyə məqsədli missiyalarda iştirak etməli, hökumətlərin bəzi layihələrini yerinə yetirməlidir.

İki gövdəsi olan, qanadlarının kənar nöqtələri arasındakı məsafə stadion uzunluğunda - 117 metr olan bu təyyarə qanad ölçüsünə görə Hercules-i belə üstələyir. Hər nə qədər uzunluq baxımından digər nəhənglərə uduzsa da, ümumi həcm baxımından şübhəsiz, ən böyük təyyarədir.

Təyyarəyə 6 ədəd Pratt & Whitney PW4056 (Boeing 747-400 də bu motorlarla təchiz olunur) motoru güc verir. Bu təyyarə əslində dünyanın hər yerində yüzlərlə peykdən iqlim, xəritə və digər məlumatları toplayaraq satan Vulcan Aerospace layihəsinin bir parçasıdır. Lakin bu təyyarənin yaradılma səbəbi SpaceX, Blue Origin və Virgin Galactic şirkətlərinin hədəflərindən fərqlidir.

Bu şirkətlər əsas diqqətlərini müvafiq olaraq insanları Marsa aparmağa, az xərcli və təkrar istifadə edilən raket istehalına və kosmos turizminə yönəldiblər. Stratolaunch 30 000 feet (9 km-dən çox) hündürlükdən çəkisi çox ağır olmayan raketləri kosmosa göndərəcək. O, Yerin aşağı orbitlərinə daşıma servisi işini görəcək - 24 saat ərzində insanları və ya yükləri aparıb gətirə biləcək.

Hər gövdəsi elə Boeing 747 ölçülərində olan təyyarə yüngül və dözümlü olması üçün demək olar ki, tamamilə kompozit materiallardan hazırlanıb. Ümumi 28 təkəri olan bu təyyarə barədə ən maraqlı suallardan birinə cavab verək: Kokpit sağ füzelyajdadır və pilotlar təyyarəni buradan idarə edirlər. İçərisi havaızlaşdırılan, təzyiqsiz sol füzelyajda isə uçuş məlumat sistemləri və digər texniki avadanlıqlar yerləşir.

Ondan xüsusilə SpiceX və Google-un orbitə internet üçün peyklər yerləşdirilməsi zamanı istifadə olunacağı gözlənilir. İlk vaxtlarda maksimum 6,5 ton ağırlıqdakı raketlər qeyd edilən yüksəklikdə bu təyyarədən buraxılacaq ki, bu da yerdən olan raket uçuşları ilə müqayisədə, olduqca sərfəli və təhlükəsizdir. Həmin raketlərdən ayrılan peykər Yerdən 180-2000 km yüksəklikdə yerləşə biləcəklər.

Test uçuşunu 13 aprel 2019-cu ildə yerinə yetirən və hələ cəmi 1 ədəd istehsal olunan Model 351 Stratolaunch-ın texniki göstəriciləri:

Uzunluğu: 73 m

Qanadlarının kənar nöqtələri arasındakı məsafə: 117 m

Hündürlüyü: 15 m

Boş çəkisi: 226 796 kq

Maksimal qalxış ağırlığı: 589 670 kq

Daşıya bildiyi xarixi yükün maksimal çəkisi: 250 000 kq

Mühərrik: 6 ədəd Pratt & Whitney PW4056

Makimal sürət: 850 km/saat

Uçuş məsafəsi: 1900 km

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.