Maraqlı

İnsanın qəlbi niyə daşlaşır?

12 Sentyabr 2019 21:55
0 Şərh     Baxış: 2 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan əgər həqiqi yoldan üz döndərərsə, qəlbi daşlaşar. Quran qəlbin bu halını qəsavət kimi tanıdır.

İnsanlar bir mövzunu dərk etməkdə eyni deyildirlər. Bəziləri bir işarə ilə, qısa kəlamla həqiqətləri çox yaxşı dərk edirlər. Bəziləri isə əksinə - haqqı qəbul etmək üçün onlara saatlarla bir mövzunu başa salmaq lazımdır. Bəziləri bir təzəkkürlə ayılırlar, bəziləri bir moizə ilə ruhlarında tufan baş verər, ancaq bəzi insanlara ən ciddi və kəskin moizə belə təsir qoymur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də Quran bəzi insanların sinə genişliyinə malik olduqlarını vurğulayır və bəzilərinin isə dar olduğunu bəyan edir. "Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o, əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar". ("Ənam" 125).

Bu ayədən də göründüyü kimi, bəzi insanların ruhları o qədər açıqdır və genişdir ki, hər nə qədər həqiqətlər ona daxil olarsa, rahatlıqla qəbul edər. Ancaq bəziləri əksinə. Ruh və fikirləri o qədər məhduddur ki, sanki orada həqiqətlər üçün heç bir yer yoxdur. Sanki beyinləri ancaq bir tərəfə fəaliyyət göstərər və qalan yerləri dəmir hasarla örtülmüşdür. Quran bu cür insanları tənqid edir və buyurur: "Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi". ("Ənam" 43).

Qəlbi daşlaşmış insanlar nəsihətdən ibrət götürməzlər. Quran buyurur: "Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar". ("Saffat" 13).

Qəlb qəsavətinin səbəbləri:

1. Avama təqlid etmək qəlbi daşlaşdırar. Müşriklər öz əməllərini izah edərək deyirlər: "Dedilər: "(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük"". ("Şüəra" 74).

"Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun". ("Ənbiya" 7).

2. Pis və lovğa insanlarla oturub-durmaq.

3. Dünyapərəstlik, uzun arzular qəlbi qəsavətli edər. Allah Təala Həzrət Musaya (ə) belə vəhy edir: "Ey Musa! Dünyada olan zaman arzularını uzun etmə ki, qəlbin daşlaşar. Qəlbi daş olanlar Məndən uzaqdır".

4. Küfr qəlbi daşlaşdırar. Mömin həmişə irəli gedər və mənəvi inkişaf edər. Çünki gözləri həqiqəti görür, diri qəlbə və pak nəfsə malikdir. Ancaq kafir hazır deyildir ki, həqiqətləri görsün. Qəlbinin daşlaşmasına görə onu qəbul edə bilməz. Cahilliyinə və təəssübkeşliyinə görə haqq yolunda hərəkət edə bilməz.

5. Cəhalət, günah, tərslik. İmam Əli (ə) buyurur: "Göz yaşları qurumaz, məgər qəlbin daşlaşmasına görə. Qəlblər daşlaşmaz, məgər o halda ki, günahlar çox olar".

Qəlb qəsavətinin qoyduğu təsirlər:

1. Həqiqətləri görməməyə səbəb olar. Quran buyurur: "Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik". ("Zuxruf" 24).

2. İnsan tərslik edər. Quran buyurur: "Beləliklə Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq". ("Zuxruf" 25).

3. Qəlbi öldürər. Möminlərin qəlbləri diri olar, çünki imanları vardır. Ancaq küfr insan qəlbini öldürər.

Bəs qəsavətin qarşısını necə ala bilərik?

O zaman ki, nəfsimiz dərin bir quyuda yuxuya gedər, insanın qəlbi daşdan da sərt olar. Bu zaman insan batil adətlərə iman aparar. Heç bir təkamülə razı olmaz. Qəlbinin oyanması üçün yüksək səsli bir fəryada ehtiyacı vardır.

Allah Təala qəlb qəsavətindən nicat tapmaq üçün insanlara çox sayda yollar tövsiyə etmişdir.

1. Peyğəmbərin (s) vəhyi daima cahil və qəflət yuxusunda olanlar üçün təlatümlü bir dəniz idi ki, onlara tərəf hərəkət edib, onları həqiqət dalğası ilə ayıldırdı.

2. İnsana təzəkkür verib, bildikləri xatirələri yada salmaq çox sayda gizli həqiqətləri aşkar edə bilər.

3. Keçmişdə olanların əhvalatlarını mütaliə etmək və onlardan ibrət almaq.

4. Saleh alimlərlə davamlı rabitədə olmaq.

5. Allahı yada salmaq.

6. Nəfsini tərbiyə və islah etmək. Günahdan çəkinmək - xüsusilə də haram yeməklərdən.

Hər bir halda qəlb qəsavətindən xilas olmaq üçün Allahın dərgahına üzünü tutub, yardım istəmək lazımdır. Bu İlahi nur əgər qəlbinizə nüfuz edərsə, qəlbinizin pasını aradan aparar. Bundan başqa qəlbinizdə olan havayi-həvəsi pak edər və qəlbinizi saflaşdırar. Allah qorxusundan göz yaşı tökmək qəlbə çox böyük təsir qoyar. O kəsin ki, göz yaşı quruyub, deməli qəlbi qəsavətlənmiş və daşlaşmışdır.Allah Təala bizləri həssas qəlbli bəndələrdən qərar versin, inşəallah.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.