Maraqlı

Taran ustası təyyarəçi Stalinə söz verib, amma tutmaq istəməyib - Rəhbər ona məktub göndərib... - FOTO

20 İyul 2019 15:00
2 Şərh     Baxış: 1 551

Birbaşa öz təyyarəsi, gəmisi, yaxud da zirehli texnikası ilə zərbə vurmaqdan ibarət olan bir döyüş üsulu var, buna taran deyirlər. Təbii ki, döyüş zamanı bu üsuldan istifadə edənlər böyük riskə gedirlər, çünki ən kiçicik bir yanlışlıq ölümlə nəticələnə bilər.

Boris Kovzan dünyada yeganə təyyarəçidir ki, 1941-1945-ci illərdə müharibə zamanı 4 dəfə hədəfini məhv etmək üçün tarana gedib və sağ qalıb. Ümumilikdə onun döyüş gündəliyində 32 alman təyyarəsinin məhv edilməsi ilə bağlı qeydlər aparılıb.

Boris Kovzan 1922-ci ildə Rostovda anadan olub. Hələ orta məktəbdə oxuyarkən təyyarəçi olmağı arzulayıb. Onun bu istəyi heç də valideynlərinin ürəyincə olmayıb. Amma elə məktəb illərində Boris Kovzan qazandığı uğurlarla onların fikrini dəyişə bilib.

Belə ki, məktəbli Boris valideynlərindən xəbərsiz şəhər mərkəzində konstruktor dərnəyinə yazılıb. Bir müddət keçdikdən sonra şəhər məktəbliləri arasında ən yaxşı əl işləri müsabiqəsi elan olunub. Boris Kovzanın düzəltdiyi kiçik təyyarə modeli müsabiqədə birinci yeri qazanıb. Qalib məktəbli öz valideynlərini mükafatın təqdim olunması mərasiminə dəvət edib. Heç nədən xəbərləri olmayan valideynlər Borisin bu uğurundan qürur hissi keçiriblər və ailədə bir daha Borisin hansı peşə sahibi olacağı müzakirə mövzusuna çevrilməyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 1939-cu ildə Odessa Hərbi-aviasiya məktəbinə daxil olan Boris Kovzan müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Ayrı-ayrı hərbi birləşmələrin aviasiya hissələrində xidmət edən Boris Kovzanın adı qəhrəman təyyarəçi kimi qısa bir müddətdən sonra yuxarı dairələrdə hallanmağa başlayıb.

Ağır döyüşlərdə bir neçə dəfə yaralanan təyyarəçi 1943-cü ildə sağ gözünü itirsə də, yenidən cəbhəyə qayıdıb.

Göstərdiyi şücaət və qəhrəmanlıqlara görə o, ən ali mükafata, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Mükafatı ona şəxsən İosif Stalin təqdim edib.

Təqdimat zamanı Stalinlə Kovzanın arasında kiçik bir dialoq da olub. Stalin qəhrəmanın gələcək fəaliyyəti ilə maraqlanıb:

- Boris İvanoviç, siz bundan sonra nə işlə məşğul olmaq fikrindəsiniz, bu haqda düşünmüsünüzmü?

Boris Kovzan qətiyyətlə cavab verib:

- Yoldaş Stalin, mən cəbhəyə qayıdacam, döyüşlərimi davam etdirəcəm, qələbəyə qədər mübarizə aparacam.

- Siz artıq kifayət qədər döyüşmüsünüz. Mənə belə düşünürəm ki, siz indi akademiyada təhsil almalısınız.

- Yoldaş Stalin, akademiyada oxumağa gücüm, savadım çatmaz.

- Yox, siz mənə söz verin ki, oxuyacaqsınız.

Kovzan Stalinə söz versə də, özlüyündə qərara gəlib ki, cəbhəyə qayıdacaq.

Daha sonra Stalin onun ailə vəziyyəti ilə maraqlanıb. Kovzan hər şeyin qaydasında olduğunu söyləyib və qeyd edib ki, bu günlərdə bir oğlu dünyaya gəlib.

Təqdimat mərasimi sona çatdıqdan sonra Kovzan çölə çəxanda bir nəfər hərbi geyimli şəxs ona yaxınlaşaraq bir neçə addımlıqlarında olan maşına dəvət edib, onu vağzala qədər aparacağını söyləyib. Kovzan maşına minəndə arxa oturacaqda bir neçə iri bağlama görüb. Bu bağlamalarda yeni doğulmuş körpələr üçün lazım olan bütün əşyalar olub. Bağlamaları qəhrəmanın oğlu üçün Stalin sifariş edib.

10 aylıq müalicədən sonra Boris Kovzan yenidən cəbhəyə qayıdıb, xidmətini davam etdirib. Müharibənin sonuna qədər cəbhəni tərk etməyib. Elə müharibədən sonra da kapitan rütbəsində hərbi hava qüvvələrində qulluq edib. Təhsil almaq haqqında isə düşünməyib.

Amma günlərin birində Stalinə təhsil almağı haqqında verdiyi vədi elə Stalinin özü ona xatırladıb.

Belə ki, səhrada olarkən rabitə vasitəsi ilə təyyarəçəyə təcili olaraq hərbi hissənin qərərgahına getməyi söyləyiblər. Boris Kovzan təcili qərərgaha yollanıb. Ona möhürlü zərf təqdim olunub.

Zərfdə onun Moskva Hərbi Hava Qüvvələri Akademiyasının dinləyicisi olması haqqında sənəd olub. Sənədə ayrıca bir kağız parçasında Stalinin öz xətti ilə kiçik bir qeyd də əlavə olunub:

"Mən sizə təhsilinizdə uğurlar arzulayıram. Siz Silahlı Qüvvələrimiz üçün lazımlı kadrsınız və yaxşı təyyarəçisiniz. Amma bundan sonra çalışın ki, verdiyiniz sözə əməl edin, xüsusilə də Ali Baş Komandan İosif Stalinə..."

Beləliklə, Boris Kovzan akademiyada ali hərbi təhsil alıb.

1958-ci ildə polkovnik rütbəli qəhrəman təyyarəçi ehtiyata buraxılıb. Ryazan şəhərində yaşayıb, həmin şəhərdə aerokluba rəhbərlik edib.

Ömrünün son illərini Minskdə yaşayan Boris Kovzan 1985-ci ildə vəfat edib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    F.S.D. · 20 İyul 21:0210

    Allah rəhmət etsin. Maraqlı məlumat idi təşəkkürlər. Borisin bəxti gətirib, müharibədə elə qəhrəmanlıq göstərən təyyarəçilər olub ki, Qızıl Meydanda ilk qələbə paradında iştirak etməyə qoymayıblar əsir düşüb əsirlikdən qaçıb təkrar döyüşdə iştirak etsədə(( ən böyük haqsızlıqdır ədalətsizlikdir bu((( müharubə vaxtı təyyarəçilərə çox böyük ehtiyac vardı bu təyyarəçiləri çox qısa müddətə hazırladıqlarından döyüşdə iştirak etmələrinə baxmayaraq müharibədən sonra Akademiyaya qəbul üçün mütləq imtahan verməli idilər.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 20 İyul 21:2710

    Mixail Talkov 9 nömrəli şturmavikin kapiltanı. Bu təyyarəçi döyüş vaxtı çox böyük qəhrəmanlıq göstərib, döyüş yoldaşlarını heç vaxt darda qoymayan təyyarəçi kimidə tarıxdə qalıb. Döyüş tapşırığını yerinə yetirib qaydarəkən vurulan təyyarəçiləri çox böyük təhlükə hesabına təyyarəsinə götürüb, hətta dənizə düşən təyyarnin quyruğundan yapışan döyüş yoldaşını görüb geri dönüb alman katerlərinin yaxınlaşmasına imkan verməyib, onu xilas ediblər. Özünə isə kömək edən tapılmadı, təyyarəsi vuruldu meşəyə ağacın üstünə düşür, zərbədən dünyasın dəyişir. Almanlar onu təyyəradən çıxardır hətta ölüsünüdə təpikləyirlər. Almanlar onun necə qəhrənanlıq göstərdiyini bilirdilər. Səhəri gün yerli sakinlər onun ölüsünü görmürlər. Almanlar onu hara tulladıqlarını indiyə kimi heç kim bilmir. Belə təyyarəçilərdə olub. Allah ruhun şad etsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.