Maraqlı

Dünyanı mat qoyan BAKILI ALİM: Bizi yadplanetlilər yaradıb, atalarımız ölümsüz olub…

30 Noyabr 2017 20:48
8 Şərh     Baxış: 12 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bizimyol-a istinadən Bakılı Sitçinlə bağlı yazını təqdim edir:

Məşhur Amerika yazıçısı, sensasiyalı fikirlərilə dünya alimləri arasında bir çox mövzularda fikir ayrılığı yaradan Zəkəriyyə Sitçin 1920-ci il iyul ayının 11-də Bakı şəhərində doğulub. Hələ kiçik yaşlarında Fələstinə köçən yəhudi əsilli alim, əski, müasir ivrit və digər bir sıra dillərə yiyələnib, Yaxın Şərqin arxeologiyası, tarixi, eləcə də Əhdi-Ətiq ("İncil"in həcmcə daha böyük, birinci bölməsi) ilə bağlı bilgilər əldə edib. Ömrünün böyük hissəsini İsraildə jurnalist və redaktor kimi çalışan Sitçinin Nyu-Yorkun nüfuzlu dərgilərində əsərləri dərc olunub, kitabları işıq üzü görüb. Onun əsərləri hətta Brayl əlifbasına çevrilərək, eşitmə və görmə məhdudiyyətli insanların mütaliəsinə təqdim edilib. ABŞ televiziyası və radiosunda Zəkriyyə Sitçinin qeyri-adi nəzəriyyələrinə həsr olunan onlarla veriliş və sənədli film hazırlanıb.

Nəzəriyyə

Sitçin nəzəriyyəsinə görə, qədim Şumer mədəniyyətininin yaradıcıları Nibiru planetindən gələn nəhənglər, tanrının övladları adlanan nefilimlərdir. Yazıçı-alim düşünür ki, astorid qurşağı şumerlərin Tiamat adlandırdıqları planetin bir parçasıdır. Sitçin iddia edir ki, onun araşdırmaları "İncili"in mətni ilə uzlaşır. Bu müqəddəs kitabda yazılanlarsa Şumer tarixini əks etdirir.

2010-cu ildə Nyu-Yorkda dünyasını dəyişən qalmaqallı alimin hesablamalarına görə, 2085-ci ildə Yer kürəsi Nibiruya yaxınlaşacaq. O, həmçinin 2012-ci ildə Maya təqviminin başa çatacağı haqda da məlumat vermişdi.

Sitçin nəzəriyyəsinin əsas ünsürü Babil mənbələrində də bəhs olunan Nibiru planetidir. O iddia edir ki, məhz Nibiru 10-cu planetdir və 3600 ildən bir Günəş sistemindən keçir.

Şumer kosmologiyasına görə, Nibiru Günəş sisteminin obyekti olub. Onun Tiamat adlı digər planetlə (Mars və Yupiterin arasında yerləşib) dağıdıcı toqquşması nəticəsində Yer planeti, Ay, kometlər və asteroidlər qurşağı yaranıb. Sitçinə inansaq, Şumer mifologiyasında təsvir olunan nəhəng insanabənzər annuanklar da məhz Nibirunun sakinləri olublar. Onlar bu toqquşmadan sağ çıxıb, Yer kürəsində məskunlaşıblar. Yerdə isə özlərinin və "homo erectus" genlərinin vəhdətindən bizim insan növümüzü yaradıblar. Sitçin buna "gen mühəndisliyi" adı verir. Alimin nəzəriyyəsinə görə yeni insan növünün yaradılmasında əsas məqsəd qızıl mədənlərində çalışacaq ucuz işçi qüvvəsini təmin etmək idi. Alim fərz edir ki, bu darmadağın olan planetin kiçik bir parçası hələ də Günəş sisteminin ətrafında dövr edir.

Tiamat planeti haqda nəzəriyyə

Тiamat "Enuma Eliş"də (yaradılış haqda babil-akkard eposu) tanrı adıdır. Sitçinə görə isə bu Nibiru ilə toqquşma nəticəsində iki parçaya bölünən planetdir. Onun birinci parçası bu asteroidlər kəmərinə çevrilib. İkinci parçası isə yaşadığımız Yer planetidir.

Nibiru

Babillərdə Marduk tanrı ilə assosiasiya edilən göy cismidir. Akkardca mənası "görüş yeri" kimi tərcümə olunur. Hazırda Nibirunun adı elmdə X Planeti kimi tanınır. Sitçinə görə Nibiru Şumer mətnlərində qapalı planet kimi təsvir olunub. Bu gizli planet Plutonun arxasında gizlənir.

Anu

Sitçinin fərziyyəsinə görə, Anu Nefilimlərin bir növüdür və Nibirunun sakinidir. Anu öz tacını nəvəsi Marduka verənədək 12 Tanrıdan biri olub. Anunun arvadı Tanrıların anası olub və ona sitayiş olunan məkan İrlandiya ərazisində yerləşir.

Tənqid
Sitçinin nəzəriyyəsi, fikirləri daim arxeoloqlar, alimlər, tarixçilər tərəfindən tənqid olunub. Qədim mətnlərin tərcüməsində təhrifə yol verdiyi üçün yalanı ifşa edilib. Lakin buna baxmayaraq çağdaş mədəniyyət nümayəndələri onun işlərinə maraqla yanaşırlar. Hazırda hər kəs "Sumerian lexicon" yəni Şumer leksikonu vasitəsilə Sitçinin tərcüməsində yol verdiyi təhrifləri üzə çıxarda bilər.

Xatırladaq ki, bir müddət öncə BBC 2000 ildən çox istifadə edilməyən Akkad dillər qrupunun Aşur və Babil dialektlərinin izahlı lüğətinin işıq üzü gördüyü haqda məlumat paylaşmışdı.

Dünyanın müxtəlif ölkələrindən olan 90-dan çox dilşünasın cəlb edildiyi və elə 90 il ərzində hazırlanan bu məsuliyyətli layihə uğurla nəticələnmişdi.

Lüğətin əsas özəlliyi isə o idi ki, buraya daxil olan sözlərin çoxu artıq 2000 ildən çoxdur ki, istifadə edilmir. Məhz bu dilşünas alimlər də Sitçinin yalançı elmini ifşa edənlər sırasındadırlar.

Sitçinin "Planetlərin toqquşması" nəzəriyyəsi astronomların nəzəriyyəsi ilə bir cəhətdə uzlaşır ki, bu toqquşmadan Ay yaranıb. Lakin bu nəzəriyyələrdə zaman fərqi var. Astronomların fikrincə Ay təqribən 4,5 milyard il öncə formalaşıb. Sitçinsə düşünür ki, Ayın yaranması daha da qədim dövrə gedib çıxır, onun tərcümə etdiyi mətnlərdə bu haqda məlumat var.

Ayın yaranması ilə bağlı bu yaxınlarda Publika.az xəbər vermişdi ki, Rusiyalı astronom Vladimir Koval hələ 1981-ci ildə qəribə nəzəriyyə ilə çıxış edib. O, Ayı Yer kürəsinə 2-3 milyard il öncə yadplanetli astro-mühəndislərin yaxınlaşdırdığını qeyd edib. O düşünür ki, Yer kürəsində həyatın yarama səbəbi də yəqin ki, budur. Yad sivilizasiyalılar Ayı Yerə yaxın məsafəyə itələyərək, bu planeti yaşamaq üçün münbit hala gətiriblər. Ay yaxınlaşandan sonra Yerdə qabarma və çəkilmələr, vulkanlar formalaşmağa başlayıb.

Zəkriyyə Sitçin həmçinin iddia edir ki, nefilimlər Nibiru planetində hələ yerin formalaşmasından 45 milyon il öncə daha mülayim iqlimdə yaşayıblar.
O həmçinin "Adəmə yad genlər" məqaləsində bildirir ki, İnsan Genomunun Sıralanması üzrə Beynəlxaq Konsorsiumun əməkdaşları çağdaş bəşərdə sələfləri olmayan 223 insan geninə rast gəliblər. Daha sonra isə bu genləri müqayisə etmək üçün kifayət qədər mənbə olmayıb deyə, Konsorsium araşdırmanı ləğv edib.

Sensasiyalı yazıçı və araşdırmaçı kitablarının birində əbədi həyat mövzusundan da bəhs edir.

Minilliklər boyu insanlar qüdrətli, ölümsüz tanrıların varlığına inanıb, özləri də bu ölümsüzlüyə nail olmaq arzusu ilə alışıb-yanıblar. Məsələn şumer hökmdarı Gilqameş əbədi həyat çiçəyinin, Makedoniyalı İskəndər həyat bulağının, Xristofor Kolumbsa gənclik suyunun axtarışına çıxmışdılar. Beləcə zaman keçdikcə ölümsüzlük mifə çevrilir. Halbuki Sitçinə görə qədim əyyamlarda insanlar tanrıya çevrilib, müasirlərimizdən 10 dəfələrlə çox yaşayırmışlar. Arxeloji qazıntılar da sübut edir ki, insan ölümsüz varlıqlar tərəfindən əbədi həyat üçün yaradılıb.

Sitçinin bu fərziyyələri adi oxucunun, folklorşünasların dərin marağına səbəb olsa da, dəqiq elmlərin nümayəndələri onun söylədiklərini "yalançı elm" adı ilə təkzib edirlər.

Sitçin nəzəriyyəsi ilə bağlı AMEA-nın ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri

Ədalət Ətayiyə müraciət etdik:
- Ümumiyyətlə Astronomiyada Nibiru planeti haqda bir çox fikir var, o cümlədən Sitçin də daxil olmaqla, çoxları bu haqda elmi əsası olmadan fərziyyələr yürüdürlər. Onun fikirləri elmə əsaslanmırsa, bu təxəyyüldən, fantaziyadan başqa bir şey deyil. Çünki indi kosmik raketlər dünyanın şəkillərini çəkir və biz onu ovcumuzun içərisindəymiş kimi görür, ölçürük. Hansısa planetin olub, sonradan yox olması, yaxud sonradan tapılması haqda təsəvvür irəli sürmək yalnız bu sahənin mütəxəssislərinə aid olmalıdır. Doğrudur, lap uzaqda böyük bir planetin olmağı barədə bi təsəvvür var. Lakin o planetin fantastik tələfat törətməsi, digər planetlə toqquşması barədə elmdə heç bir məlumat yoxdur. Bu haqda yazmaqsa, sadəcə yazıçının fantaziyasıdır və mübahisə obyektinə çevrilir. Onun şumer mənbələrindən tərcümə etdiyi məlumatlarda qeyri-səhihlik var. Məsələn, Nizaminin əsərində bir misra var: "Mən Saturn halqasına qədər biliyə malikəm". Bizim bəzi tərcüməçi ədəbiyyatçılarımızsa fərziyyə irəli sürüblər ki, Nizami XII əsrdə Saturn halqasını görüb. Axı bu ola bilməz. Fars dilindən məntiqlə, dəqiq tərcümədə bu fikir belə səslənir: "Mən Saturn dairəsinədək biliyə sahibəm". Yəni ordan uzaq məsafə haqda məlumatsızam. Saturndan uzaq məsafə haqda məlumat XVII əsrdə teleskopun kəşfindən sonra məlum olub. Odur ki, tərcümələrdə belə təhriflərə yol verib, yalan iddialarla çıxış etmək doğru deyil.

- Bəs Yer planetinin yaranması haqda ən məntiqəuyğun nəzəriyyə hansıdır?
- Son məlumata görə, Şmit nəzəriyyəsidir. Lakin təbii ki, bu nəzəriyyədə də nöqsanlar var. Yer planeti tək formalaşmayıb. Bu mümkün deyil. Bütün planet sistemi birgə formalaşıb. Günəş öncə çox çılğın olub. Düz iki dəfə Yerin atmosferini buxarlandırıb. Bundan sonra sakitləşib, Yerin daxilindən qazlar çıxıb, proseslər dəyişib, ilk su hissəcikləri yaranıb. Bundan sonra yosunlar, əmoblar yaranıb. Bu böyük bir nəzəriyyədir. Yer və bütün planetlər birgə yaranıb. Baxın, kainatın təkcə 3 dəqiqəsini tədqiq edən kitab hələ yazılmayıb. Görün bu nə qədər mürəkkəb bir elmdir. Bu haqda fərziyyə bildirmək sadəcə gülməlidir.
Zəkəriyyə Sitçinin kitablarını, məqalələrini araşdırmaq olduqca uzun və mübahisəli mövzudur. Bəli, elm onun yazılarını cəfəngiyyat adlandırır. Çağdaş oxucu isə Sitçinin yadplanetli əcdadlarımız, əbədi həyat haqda fantastik nəzəriyyələrini sönməyən əqli ehtirasla qavramağa çalışır. Bunun da yəqin bir neçə səbəbi var. Əsas səbəbsə çox güman ki, hər nöqtəsi haqsızlıq qaynayan müasir dünyamızda baş verənlərdən xəyalən də olsa uzaqlaşıb, təxəyyülümüzdəki planetə Sitçinin əsərləri vasitəsilə səyahət etmək istəyidir.
Z.Sitçin 2010-cu ildə Nyu-Yorkda dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.