Maraqlı

"Çıx get" mesajı verən heç bir mahnım yoxdur

27 Dekabr 2014 14:18
0 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mustafa Ceceli: "Hətta məhəbbətin bitdiyini deyəndə də, bir açıq qapının olduğunu hiss etdirirəm"

Türkiyənin romantik mahnılar səsləndirən sevilən ifaçısı Mustafa Ceceli ötən gün Türkiyə mətbuatına yeni albomu ilə bağlı müsahibə verib. "Kalpten" adlanan albomunun əksər mahnılarının özünə məxsus olduğunu söyləyən ifaçı özəl həyatından da bəhs edib. O, ailəsini sənətindən üstün tutduğunu, oğlunun həyatda ən dəyərli varlığı olduğunu qeyd edib.

Qeyd edək ki, Mustafa Cecelinin Azərbaycanda da kifayət qədər sevənləri var.

- Mustafa bəy, əvvəllər aranjemançı kimi çalışırdınız. İndi isə müğənni kimi tanınırsınız. Hansı işinizi daha çox sevirsiniz - müğənniliyi, yoxsa aranjemançılığı?

- Aranjmançı işlədiyim dövrlərdə nə zamansa mahnı oxumayacağımı ağlımın ucundan belə keçirməzdim. Bir də gördüm ki, səhnənin mərkəzindəyəm. Əvvəllər düşünürdüm ki, məndən müğənni olmaz. Çünki hər zaman ifaçılarla çalışmışdım, onlara mahnılar yazıb, aranjeman edirdim. Əlimə mikrofon alıb mahnı oxuyacağımın xəyalını belə etməmişdim. Qismət elə gətirdi ki, artıq öz bəstələrimi özüm ifa edirəm. Əgər indi iki sənətimdən birini seçməli olsam, seçə bilmərəm. İşlədikcə gördüm ki, mahnı oxumaq başqa bir şeydir. Səhnədən insanlara səslənmək, o atmosferin içində olmaq bambaşqa bir duyğudur. Amma aranjeman etmək tamam başqa sahədir. Bunlar bir-birindən çox fərqlənir. Təsəvvür edin ki, ifaçı kimi tanınırsınız, bütün dünyanı izləyirsiniz, yeni-yeni insanlarla tanış olursunuz, çevrəniz genişlənir. Hər gün başqa bir yenilik, fərqli insanlar və onlara görə mahnılar hazırlamaq çox maraqlıdır.

- Yeni albomunuz işıq üzü gördü. Bu albomda kimlərlə işlədiniz?

- Yeni albom yeni həyəcan deməkdir. Albomun adı "Kalpten" adlanır. Həqiqətən də, albomun içinə baxdıqda görürük ki, oradakı mahnılar qəlbdən tökülən sözlər və musiqilərdən ibarətdir. Demək olar ki, albomdakı bütün mahnıların aranjemanı mənə məxsusdur. Sözügedən albomda iki mahnının sözü və musiqisi Sezen Aksuya aiddir.

- Yəni bu albomunuzda da Sezen Aksunun imzasına rast gəlirik...

- Bir az elə oldu (gülür). Sezen Aksunun imzası olmasa belə, bütün mahnılarımda onun izləri və fikirləri var. Onunla işlədiyim zamanlardan çox şey öyrəndim. Bildiyiniz kimi, mən uzun illər onun orkestrində çalışmışam. Hər zaman kənardan onu həsədlə izləmişəm. Səhnədə necə hərəkət edir, necə mahnı söyləyir, tamaşaçı ilə necə göz təması qurur, onun bütün yaradıcılığını anbaan izləmək şansım olurdu. Ona görə də hər zaman söyləmişəm ki, sözün əsl mənasında Sezen Aksu mənim müəllimimdir.

- Albomunuzda yer alan "Hüsran" adlı mahnıya klip çəkdirdiniz. Bəs albomunuza adını verdiyiniz mahnıya nə üçün klip çəkdirmədiniz?

- Hesab edirəm ki, hüsran ən böyük fəryaddır. Amma yenə də orada bir ümid, bir cəsarət var. Klipi iranlılarla birlikdə çəkdik. Haradasa bir aydır ki, bu klip üzərində çəkilişlər gedirdi. Zəmanənin nəbzini tutmağa çalışdıq. Belə ki, bu klipi yeni bir texnologiya ilə - 3D formatında çəkdik. Klipi izlədikdə möhtəşəm görüntülərlə rastlaşacaqsınız.

- Adətən məşhurlaşan ifaçılar fanatlarını itirməsinlər deyə, ailə həyatı qurmurlar. Siz necə düşünürsünüz?

- Mən də evlənməyə qərar verdiyim anlarda müxtəlif problemlərlə üzləşdim. Hər kəs mənə bu qədər məşhurikən evlənməyimi lüzumsuz görürdü. Deyirdilər ki, hər şey mənim həyatımda hələ yeni başlayır, insanlar məni yanlış anlaya bilərlər, bir az da gözləyim, evlilik qaçmır... Ancaq mən heç bir söz-söhbətə qulaq asmadım. Düşünürəm ki, əgər insanlar məni sevirlərsə, mənim ailəmi də sevəcəklər. Fanatlar müğənnini övladları ilə, həyat yoldaşı ilə, sahib olduğu bütün dəyərlərlə qəbul edirlər. Dünyaca məşhur olan Ancelina Coli və Bret Pit evləndilər, ancaq insanlar onları əvvəlkindən də çox sevir. Ona görə də buna təəccüblənmək lazım deyil. Üstəlik, onlar daha çox məşhurdurlar. Bizim ustalarımıza da baxsaq, eyni şeyi görə bilərik. Erol Evgin bunun ən gözəl nümunəsidir. Mən də mahnılarımla tanıdığım, öz dünyama pəncərə açdığım bir həyatı üstün tutdum. Ailə qurdum və işimi sevərək davam etdirirəm.

- Oğlunuz Arın Cecelinin də "İnstaqram"da səhifəsi açılıb və ən azı, sizin qədər izləyicisi var. O, sizin kimi məşhur bir insanın oğlu olduğunu bilirmi?

- Mənim albomlarımı hər kəsdən əvvəl oğlum Arın dinləyir. Ancaq hesab edirəm ki, o, atasının məşhur olduğunun fərqində belə deyil. Bəzən televiziyada məni izləyərkən mahnı bitdikdən sonra başqa bir klip gəldikdə "Atam hara getdi?" deyə bağırmağa başlayır. O, artıq bu həyata öyrəşib. Konsertləri əyləncə yeri kimi görür.

- Həm ailə başçısı, həm də məşhur bir Mustafa Ceceli olmaq, yəni ikiyə bölünmək sizin üçün çətin olmurmu?

- Həyatı olduğu kimi yaşayıram. Mən özümü heç bir çərçivəyə salmıram. Özümü kifayət qədər məşhur hesab etmirəm. Gündəlik bazarlığımı edirəm, normal insan kimi cəmiyyətdə rahat gəzə bilirəm. Mənim sənətim mahnı ifa etməkdir. Bunu ən gözəl şəkildə etmək, mahnıları ən gözəl şəkildə düzənləmək mənim işimdir. Həyatımda ailəmin yeri tamam başqadır.

- İfa etdiyiniz mahnıların sözlərinə xüsusi diqqət yetirirsiniz. Bir mahnını seçərkən yalnız sözlərəmi önəm verirsiniz?

- Söyləyəcəyim mahnının sözləri mənim üçün çox önəmlidir. Mahnını ifa edərkən əsasən mövzuya və insanlığa necə müraciət etməyi üstün tuturam. Adətən insanlara pessimist əhval bəxş edən mahnılar ifa etmirəm. Mənim repertuarıma nəzər salsanız, görəcəksiniz ki, "çıx get" mesajı verən heç bir mahnım yoxdur. Mənim mahnılarımın içərisində ən kəskini Sezen Aksunun mahnısı olan "Sən də mənim xətalarımdan birisən"dir. Qəbul edirəm ki, bu mahnımda kəskin sözlər var. Kayahanın ifasını çox bəyənirəm, o, mahnılarında demək istədiklərini birbaşa, açıq şəkildə bildirir. Mən isə iki tərəf arasında məhəbbətin bitdiyini desəm də, ancaq bir açıq qapının olduğunu hiss etdirirəm. Öz xarakterinə, dünyagörüşünə uyğun mahnılar seçən tək ifaçı da mən deyiləm. Misal üçün, Demet Akalın çox gözəl mahnılar seçir və seçdiyi mahnılar ona çox yaraşır.

- Gələcəyə dair hər hansı layihələr düşünürsünüzmü?

- Sözün düzünə qalsa, bu zamana qədər bunu heç ətraflı şəkildə düşünməmişəm. Əlbəttə ki, görmək istədiyim layihələr var. Anaq bunları nə zaman edəcəyimi bilmirəm. İqtisadiyyat fakültəsini oxuduğum üçün hər şeyi hesab-kitab edirəm. Gördüyüm iş mənə nə qədər gəlir gətirər, bunun sonu necə olar, mümkün olan bütün analizləri etməyə çalışır və ondan sonra addım atıram. Amma Samsun Demir ifaçılıq sənətinə başlamamışdan əvvəl beş illik bir plan hazırlamışdı və o plan da tutdu.

- Mustafa Cecelinin olmazsa olmazları nələrdir?

- Dürüstlük... Mən bir tək yalanı bağışlamıram. Nə olursa-olsun, qarşımdakı insanın dürüst olması mənim üçün çox önəmlidir. Kimsənin haqqını itirməkdən, əməyini görməzdən gəlmədən dura bilmərəm. Bir də mənim yolumda əziyyət çəkən insanları heç zaman unutmuram.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.