"Visualcapitalist" tərəfindən hazırlanmış yeni infoqrafika dünyada ən çox milyarder məzun yetişdirən universitetləri sıralayıb. Reytinq ABŞ universitetlərinin üstünlüyünü göstərsə də, Asiya universitetlərinin artan roluna da diqqət çəkir.
Harvard Universiteti 104 milyarder məzunla siyahının başında yer alıb. Onların ümumi sərvəti təxminən 600 milyard dollar təşkil edir. Maraqlıdır ki, universitet Bill Qeyts və Mark Zukerberq kimi məşhurları nəzərə almadan da birinci yerdə qalır - hər iki milyarder Harvardda oxuyub, lakin təhsilini yarımçıq saxlayıb.
Stenford Universiteti Silikon Vadisi ilə sıx əlaqələri sayəsində "Yahoo"nun həmtəsisçisi Cerri Yanq və "DoorDash"ın qurucularından biri Endi Fanq kimi məzunlarla fəxr edə bilər. Pensilvaniya Universiteti isə İlon Maskın təhsil aldığı yerdir. Kolumbiya Universiteti "Berkshire Hathaway" şirkətinin yaradıcısı və əfsanəvi investor Uorren Baffet, MIT isə texnologiya və sənaye sahəsində liderlər, o cümlədən Çarlz Kox ("Koch Industries") kimi adlarla tanınır.
Bununla belə, son məlumatlar göstərir ki, Asiya universitetləri qlobal reytinqlərdə sürətlə yüksəlir.
İndi ilk 20 universitet arasında Mumbay Universiteti, Tsinxua, Pekin Universiteti və Seul Milli Universiteti də yer alır. Bu dəyişiklik Asiyanın iqtisadi yüksəlişi, sahibkarlığın artması və kapital bazarlarının möhkəmlənməsi ilə paralel gedir.
Məsələn, Pekin Universiteti məzunları arasında "Baidu" şirkətinin həmtəsisçisi Robin Li, Mumbay Universiteti məzunları arasında isə "Reliance Industries"in rəhbəri və Hindistanın ən varlı adamı Mukeş Ambani var.
Rusiya universitetləri arasında lider M.V. Lomonosov adına Moskva Dövlət Universiteti olub - burada 13 milyarder təhsil alıb. (banker.az)
Milli.Az