Maraqlı

“Adamı havaya qaldırmışam, aşağı enməyib” - Tofiq əmidən etiraf - VİDEO - FOTO

4 Mart 2025 08:21
Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, peşəkar aktyor, illüziyaçıdır. Səhnədəki hər hərəkəti, etdiyi hər fokus sadəcə bir oyun deyil, illərin zəhmətinin, sənətə olan sevginin göstəricisidir. Uşaqlığı 90-cı illərə təsadüf edənlər onu yaxşı xatırlayır. Həmin uşaqlar üçün o, Sehrbaz Tofiq əmidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Tofiq İsgəndərlidən gedir. Heyrətləndirən, təəccübləndirən və sevindirən sima.

İllər keçdi, o uşaqlar böyüdü, amma Tofiq İsgəndərli indi də səhnədədir, illüziyanın sehrini yaşatmağa davam edir. Hələ də həmin uşaqların "Sehrbaz Tofiq əmi"sidir. 63 yaşlı sənətkar ömrünün 42 ilini bu sənətə həsr edib. İllərini təəccüb dolu baxışlara və tamaşaçıları sevindirməyə verib. Amma indi fokus və illüziyanın əvvəlki qədər populyar olmadığını görürük. Bu və digər mövzular ətrafında elə Tofiq İsgəndərlinin özü ilə söhbət etdik.

Qəhrəmanımız 21 ildir ki, Bakı Uşaq və Gənclər teatrında (BUGT) çalışır.

Köhnə teatr binasının daxilində xüsusi bir sakitlik var, sanki buradakı hər divar illərin sənət yükünü daşıyır. Səhnəyə doğru irəlilədikcə, bizi mehriban təbəssümlə Tofiq əmi qarşılayır. Ətrafda illüziya aləmini xatırladan aksesuarlar, rekvizitlər gözə dəyir. Söhbətə başlamazdan əvvəl sənətkar bizi bir qədər müşahidə edir, sanki düşüncələrimizi oxumağa çalışır. Daha sonra isə "müsahibədən sonra sizə fokus göstərəcəyəm" deyərək gülümsəyir.  

İllər onun işinə olan sonsuz sevgisindən heç nə qopara bilməyib. Buna səbəb nədir? Bu sevgi necə yaranıb? Elə söhbətə də bu suallarla başlayırıq. Tofiq bəy lap uşaqlıqdan bu sənətə marağı olduğunu deyir: "4-5-ci sinifdə oxuyarkən o vaxt kəndlərə gözbağlayıcılar gəlirdi. Mən də gedirdim, baxırdım. Bilmirəm həvəs haradan yaranmışdı, amma onların etdikləri iş mənə olduqca maraqlı idi. Öz kəndimizdə baxırdım, sonra onların dalınca gedib başqa kənddə də baxırdım. Mən izlədiklərimi çox primitiv bir şəkildə düzəltməyə başladım. Bizim evdə yay mətbəxi var idi. Orada qoyulan taxtın üstünə səhnə qururdum. Nənəmin önlüyünü çiyinlərimə salıb qabaq hissədən iplərini bağlayırdım. Kəlağayısından da çalma düzəldirdim. Öz yaşıdlarımı, dostlarımı, qohum uşaqları yığıb fokus göstərirdim. Bununla da həvəs daha da çoxaldı. O vaxt çox çətin idi. Fokusa aid kitablar tapmaq olmurdu. Televiziyada da belə proqramlar çox az idi. Buna baxmayaraq, bu həvəs getdikcə artdı və əsgərlik dövrümdə də mənə kömək oldu. Mən əsgər kimi həyat sürməmişəm. Öz xüsusi otağım var idi. Həm fotoqraf, həm kinomexanik idim. Tədbirlərdə olurdum".

Amma peşəkar olaraq bu sənətlə məşğul olmağa 1983-cü ildən başlayıb: Bakı Dövlət Sirkində işə başlayandan artıq 3 ay sonra məni manejə buraxdılar. Ondan sonra televiziyadan dəvət aldım. AzTV-də "Taptapmaca" adlı verilişə çəkilirdim. Mən gördüm ki, səhnə başqa şeydir, televiziya tamam başqa şey. Televiziya insanı tanıdır, sevdirir. Amma televiziya yaradıcılığa müəyyən bir hədd qoyur, canlı tamaşaçı, canlı təmas deyil. Həmin illər həm televiziyaya çıxırdım, həm də sirkdə işləyirdim. 15 il sirkdə işləmişəm, qastrollarda olmuşam. Beləcə davam edirdim. Bir də gördüm, ömrümün yarısından çoxunu bu sənətə vermişəm. Sənətdə həmişə yaxşı adamlara rast gəlmişəm. Yəni mənə təkan verən, mənə stimul verən..."

İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini 1989-cu ildə bitirən Tofiq bəy deyir ki, aktyor kimi filmlərdə rol almayıb: "Yaxşı tələbə olmuşam, aktyor sənəti, səhnə danışıqlarından həmişə beş almışam. O vaxt məni teatra dəvət ediblər, ora getmək imkanım, şansım olub. Lakin getmədim. Tələbə vaxtı kütləvi səhnələrdə rol almışam. Sonra heç özüm də maraqlanmadım, davamı üçün müraciət etmədim. Görünür ki, bu sənətin sehri məni o birisindən daha çox çəkib". 

O, 2001-ci ildə Çində keçirilən illüziyaçıların beynəlxalq festivalında ilin 20 ən yaxşı illüziyaçılarından biri seçilib. Azərbaycandakı Tİ-MAGİC illüziya teatrının yaradıcısıdır. Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidenti, Azərbaycan dilindəki "Fokuslar" kitabının müəllifidir. Bununla yanaşı, 2005-ci ildən İllüziaçıların Beynəlxalq Qardaşlıq Birliyinin üzvüdür. Amerikada yerləşən bu birlik dünyanın ən böyük, ən prestijli birliyidir. Dünyanın ən məşhur illüziyaçıları-Devid Kopperfild, Lans Burton bu birliyin üzvüdür. 

Sənətkarla söhbət zamanı efir məsələsinə də toxundu. "Niyə daha Tofiq əmini efirdə görmürük?" sualına belə cavab verdi: "Düz 15 il "Sehrli güzgü" proqramında efirə çıxmışam. Mənim tanınmağımda da bu proqramın böyük köməyi olub. İndi də yenidən belə bir şey etmək olar. 15-20 dəqiqəlik, həftədə iki dəfə yayımlanan bir veriliş. Lakin hələ ki, belə bir təklif gəlməyib. Mən özüm vaxtilə təklif etdim bir neçə yerə, baxdılar, dedilər, pullu işdir, sponsor lazımdır, tapın... Mən neyləyirəm sponsoru? Niyə tapmalıyam?!" 

Tofiq İsgəndərli deyir ki, bu gün fokus sənəti ölkəmizdə inkişaf etməyib. Səbəbini isə təbliğatın zəif olmasında görür: "Əvvəllər, sovet dönəmində təbliğat güclü idi, bu sənət haqqında daha çox məlumat var idi. Həmişə özfəaliyyət səviyyəsində olub, milli kadr yox idi. Buna səbəb də insanların özünün marağının olmaması idi. Bunun üçün də güclü təbliğat lazım idi. 

Bu sənət elədir ki, özü adamı saxlayır. Lazım olmayanları isə ələyir. Fokus göstərməklə fokusçu olmaq fərqlidir. Hər hansı bir insan fokus göstərə bilər, amma fokusçu ola bilməz. Bizdə fokus göstərənlər var. Tədbirlərdə, ad günlərində, müəyyən korporotivlərdə fokus göstərib pul qazanırlar. Eləsi də var ki, maddiyyata görə marağı varsa da, getmir. Sözsüz ki, bu sənətdə maddiyyat istənilən qədər yüksək deyil. Sadəcə insanın öz daxilindən gələn bir istəkdir. Bu sənətlə xəstələnən insan heç vaxt əl çəkə bilmir".

Sənətkarın başqa qazanc yeri yoxdur. İllüziyaçının sözlərinə görə, hər şeyi fokusun sayəsində əldə edib: "Mən bu sənətə öz canımı qoymuşam və nəticəsini görmüşəm. İnsanın gündəlik yaşamı üçün lazım olan hər şey məndə var. Sadəcə artıq pulum yoxdur. Çünki mən sənətə gəlir mənbəyi kimi yox, sənət kimi baxmışam. 10 minlərlə qiyməti olan rekvizitlərim var. Qazandığımı rekvizitlərə, paltarlara, proqram hazırlamağa qoymuşam. Dövlət patenti almış altı illüziya nömrəsinin müəllifiyəm. Xaricə festivallara, qastrolla gedirəm. Amma bəziləri Biləcəridən o tərəfə çıxmaq istəmir. 

Yaxın zamanda bir konsertimiz olacaq. "Mənim sehrli dünyam" adlı illuziya şousu 90 dəqiqə davam edəcək. Belə tədbir demək olar, hər il baş tutur. Tamaşaçılar sevərək gəlir, izləyir". 

Tofiq bəy bildirir ki, illər əvvəl şapkadan dovşan, göyərçin çıxarmaq necə maraqla izlənirdisə, bu gün də eyni həvəslə baxılır. Artıq bunun sirri açılsa da, tamaşaçıya fərqli təqdim etdikdə izlənilir: "Şapkadan dovşan, göyərçin çıxartmaq fokusçuların simvoluna çevrilib. Sadə bir şeydir, sadəcə uşaqlar onu heyvana görə sevirlər. Dovşanın əvəzinə başqa bir əşya çıxsa, uşaqlar üçün bir o qədər maraqlı olmayacaq. Tədbirlərə də dəvət edərkən əsasən soruşurlar ki, "dovşan olacaq?" Bəzən əsas fokus yox, fokusun göstərilmə üsulu olur. Elə bir köhnə fokus olar ki, sənin onu təqdim etməyin tamaşaçıya zövq verər. 

İndiki zamanda müasir fokuslar var. Elm, texnika nə qədər inkişaf edirsə, bir o qədər də fokuslar yaranır. Telefonun özü ilə o qədər fokuslar etmək mümkündür ki... Lakin bunlar müvəqqətidir. Klassika həmişə yaşayır. Təkcə şapkadan dovşan çıxarmaq yox, elə adam kəsmək də bura aiddir. 100 ildir bu fokusun sirri açılıb, amma yenə də uğurla göstərilir. 

Çalışıram göstərdiyim fokusların hamısı yadda qalsın, təsirli olsun. Təbii ki, tamaşaçıların hamısı da izlədiyini eyni cür qəbul edə bilməz. Amma pulla göstərilən fokuslar həmişə tamaşaçıda maraq oyadıb. Məsələn, tamaşaçıdan 1 manat alıb 100 manat edirsən, yaxud onu yandırırsan, yenidən bərpa edirsən. Bütün bunlar izləyicidə maraq oyadır. 

Fokus, illüziya sənəti insanların həyatda gerçəkləşdirə bilmədiyi arzularını səhnədə reallaşdıran sənətdir. Realda kağızı pul edə bilməyəcəksən, amma bunu səhnədə edə bilərsən. Yeganə sənətdir ki, tamaşaçı aldandığından ləzzət alır, zövq alır. Fokus şirin yalandır. Tamaşaçı pul verir ki, gedim o şirin yalana baxım". 

Tamaşaçılar fokusun sehri qarşısında heyran qalsalar da, onların reaksiyaları hər zaman proqnozlaşdırıla bilmir. "Bəs fokusçu səhnədə ən çox kimdən çəkinir?"

Tofiq İsgəndərli bu sualımıza təəccübləndirən cavab verir: "İlluziyaçının ən təhlükəli, ən qorxulu tamaşaçısı uşaqlardır. Ən yaxşı tamaşaçısı ziyalılardır. Uşaqlar niyə təhlükəlidir? Ona görə ki, uşaqların beyni təmizdir, nə var onu fikirləşir. Məsələn, bir topu havada saxlayırsan. Onu uşaqdan soruş ki, bunu necə saxladım? Uşaq ilk olaraq deyəcək - ipdən asılıb. Amma böyükdən, ziyalıdan soruşanda bir az dərinə gedir. Lakin burada uşaq haqlıdır. Bəli, top havada iplə asılı qalır. Yəni yaxşı mənada böyükləri aldatmaq rahatdır, amma uşaqları yox".

Tofiq bəy aktyor kimi fəaliyyət göstərməsə də, illərdir tamaşaçı qarşısında çıxış edir. Söhbətimiz zamanı səhnədə qarşılaşdığı maraqlı anları da bölüşdü. O, fokus göstərərkən bəzən gözlənilməz hadisələrlə üzləşdiyini etiraf etdi: "İş olan yerdə səhv də olur. Belə hal mənim də başıma gəlib. Amma bunu tamaşaçı hiss etməyib. Tez vəziyyətdən çıxmışam. Mən adamı havaya qaldırmışam və aşağı enməyib. Mən əl işarətləri ilə göstərmişəm, qışqırmışam, sonra pərdələri çəkiblər. Adamı elə havada da səhnənin arxasına aparmışıq. Fokusun altı qızıl qaydası var. Həmin qızıl qaydalardan biri də budur ki, fokus alınmayanda həmin vəziyyətdən çıxmaq lazımdır. Fokusçu olmağa isə üç əsas şərt lazımdır. Birincisi, güclü fantaziya, ikincisi həvəs, üçüncüsü isə artistlik". 

Fokusun incəliklərindən danışan illüziyaçı, eyni zamanda çətinliklərdən də söz açır. Fokus sadəcə tamaşaçını heyrətləndirməkdən ibarət deyil. Səhnədən baxanda sehrli və asan görünsə də, bu işin görünməyən tərəfləri olduqca çoxdur: "Bu sənət zahirən gözəl görünə bilər, amma eyni zamanda da çətindir. Beyni yormaq lazımdır. Çoxu da gözəlliyi görüb yaxınlaşır, amma çətinliyi görəndə uzaqlaşıb gedir. Bizdə bədbəxtlik ondadır ki, səthi yanaşma var, peşəkar yox. Bəli, bu sənətin peşəkar səviyyədə məşğul olan insan ac qalar, amma sənəti atmaz. Fokusun mənim həyatıma təsiri o qədər böyükdür ki... Ən birincisi, bu sənət məni camaata tanıtdırıb, sevdirib. İkincisi, mənim çörəyim bu sənətdən çıxır. Üçüncüsü, tamaşaçının qarşısına çıxıb alqışını almaq, dünyada bundan gözəl, bundan ləzzətli, bundan bahalı nə ola bilər? Bu, hər adama nəsib olmur". 

Maraqlıdır ki, müsahibimiz ailəsi və qohumları arasında incəsənətə maraq duyan yeganə şəxsdir: "Ümumiyyətlə, bizim nəsildə heç incəsənətə yaxın bir adam olmayıb. Mən istəmişəm ki, oğlum məşğul olsun. Oğlum sanki sənət üçün yaranmış bir insandır, görünüşü, plastikası var. Sadəcə adamın həvəsi yoxdur. Bir tərəfdən mən sevinirəm ki, nə yaxşı bu sənəti seçməyib, çünki əzab-əziyyəti çoxdur. Amma digər tərəfdən də düşünürəm ki, kaş seçərdi, çünki artıq onun üçün hər şeyi hazır qoyacaqdım, əziyyəti çox olmayacaqdı. Hazırda mənim tələbələrim var və onlar fəaliyyət göstərir. Amma məxsusi, sıfırdan öyrətdiyim tələbə yoxdur". 

Söhbətimizi burada tamamlayıb "Tofiq əmi" ilə xudahafizləşirik. Fokusun populyarlığının azaldığı bir dövrdə onun səhnəyə verdiyi enerji və sənətinə sadiqliyi bizə göstərir ki, əsl sənət yalnız anlıq təəccüb deyil, həm də ömür boyu ilham verən bir gücdür. 

Milli.Az

iframe width=670 height=400 src=httpsnewstube.azembed179068 frameborder=0 allowfullscreeniframe

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.